• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Matadorlar”la “kenqurular” “zanbaqlar ölkəsi”ndə – FOTOLAR

  • İdman
  • 28 Aprel 2014 13:02
  • 1 389 Baxış
“Matadorlar”la “kenqurular”  “zanbaqlar ölkəsi”ndə  – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır.

Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi, qarşıdakı mundialın iştirakçıları ilə bağlı yazılar təqdim edir. Növbəti yazı Braziliyada keçiriləcək dünya çempionatının B qrupunda qərarlaşmış komandalar haqqındadı.

A qrupunda əsas diqqətlərin meydan sahiblərinə yönələcəyini demişdiksə, B qrupunda da titulun hazırki sahibi mübarizə aparacaq. İspaniya əvvəlki gücünü bir qədər itirsə də, Konfederasiyalar kubokundakı nəticəyə aldanmaq olmaz. Del Boske çempion yetirmələrinə əvvəlki kimi güvənir. B qrupunda maraqlı mübarizənin gedəcəyini söyləmək olar. Çünki son mundialın finalçısı da burdadı. Finaldakı məğlubiyyətin əvəzini çıxmaq məsələsi də gündəmdə olacaq. Çili özünü ev sahibi kimi aparmaq istəyəcək. Amma Avstraliyanın bu gərgin mübarizədən necə çıxacağını demək çox çətindi.

Bu dəfə asan olmayacaq

Sonuncu mundialın qalibi İspaniya millisinin adı Braziliyada da favoritlər siyahısındadı. Amma bu dəfə ispanların işi heç də asan olmayacaq. Ötən yay baş tutan Konfederasiyalar kubokunda pentakampeonların çətinlik çəkmədən ispanları məğlub etməsi sözlərimizin bariz nümunəsidi. İspaniya millisinin dünya kubokunda bu dəfə necə çıxış edəcəyini isə zaman göstərəcək. Pireneylilərin sonuncu dünya çempionları olduğunu qeyd etdik. Bu, onların turnirdə hələ ki, yeganə nailiyyətidi. 13 dəfə mundialda iştirak edən İspaniya millisi heç də uğurlu çıxış etməyib. Əsasən 1/8 və 1/4 finala qədər irəliləyən ispanlar ən yaxşı halda 4-cü (1950) olmağı bacarıblar.

Son illərdə isə hər şey İspaniya millisinin xeyrinə işləyir. “Real” və “Barselona” kimi nəhənglərin şərəfini qoruyan xeyli sayda futbolçu komandanın özəyini təşkil edir. Eyni zamanda, bir neçə oyunçu İngiltərə Premyer-Liqasında çıxış edir. Bu amil Del Boskeni sevindirməyə bilməz. O, istənilən futbolçunun, istənilən vaxt xidmətindən yararlana biləcək. Oyunçuların bir çoxunun universal olması isə çalışdırıcının işini asanlaşdıran məqamlardandı. Braziliyada keçiriləcək mundial komandanın bəzi aparıcı üzvləri üçün sonuncu böyük turnir olacaq. Söhbət Xavi, Puyol, Vilya və Alonsodan gedir. Bu siyahıya ehtimal olaraq Kasilyasla Torresin də adını əlavə etmək olar. 66 yaşlı mütəxəssisi narahat edən məqam isə Dieqo Koşta, Valdes və Arbeloanın zədədən əziyyət çəkməsidi.

Seçmə mərhələdə Fransa, Finlandiya, Gürcüstan və Belarus milliləriylə eyni qrupda yer alan ispanlar mundiala qrup lideri kimi yollanacaq. “Matadorlar” məğlubiyyət acısı dadmasalar da, doğma meydanda fransızların və finlərin müqavimətini qıra bilməmişdilər. Məhz həmin oyunlardan sonra məlum oldu ki, İspaniya millisi artıq rəqibləri üçün elə də keçilməz komanda deyil.

Hollandlar nə düşünür?

Doqquz dəfə dünya çempionatının həyəcanını yaşayan Hollandiya millisi isə heç vaxt kuboku başı üzərinə qaldıra bilməyib. Üç dəfə final oynamağa imkan tapan “zanbaqlar ölkəsi” hər üç cəhddə uğursuzluğa düçar olub. 1974-cü ildə Qərbi Almaniyaya (1:2), 1978-ci ildə Argentinaya (1:3) məğlub olan Hollandiya millisi sonuncu mundialda İspaniya (0:1) ilə qarşılaşmada da eyni aqibətlə üzləşib.

Seçmə mərhələdə Rumıniya, Türkiyə, Macarıstan, Estoniya və Andorra milliləriylə eyni qrupda mübarizə aparan hollandlar qrup mərhələsini adlamaqda çətinliklə üzləşmədilər. Yalnız estonlar “zanbaqlar ölkəsi”ndən xal qopartmağa nail oldu. Lui Van Qalın baş məşqçi postuna gəlişindən sonra isə “narıncılar”da bir sıra dəyişikliklər baş verdi. Komandaya gənc futbolçular dəvət edildi. Maraqlı məqam isə bu futbolçuların bir çoxunun məhz yerli çempionatda iştirak etmələridi. Seçmə mərhələ oyunları Van Qalın doğru yolla addımladığını göstərdi. Van der Vaart, Robben, Sneyder, Kuyt, Van Persi kimi təcrübəli futbolçuların gənclərlə sintezindən əla kollektiv quran Van Qal gənc futbolçulardan böyük uğurlar gözləyir: “Komandamızda 19-24 yaş arası xeyli futbolçu var. Onların hamısı mundial oyunlarında iştirak etmək gücündədilər. Biz çempion olmaya bilərik, amma böyük futbolçular qazanmaq şansımız var”. 62 yaşlı mütəxəssisin sözlərindən görünən odu ki, hollandlar dünya çempionluğundan daha çox yeni nəsil futbolçuların yetişməsinə üstünlük verirlər.

Ulduzlardan ibarət Çili

Çili üçün Braziliyadakı mundial sayca doqquzuncu olacaq. Çilililər 1962-ci ildə ölkələrində keçirilən dünya kubokunda üçüncü olmaqla tarixlərinin ən böyük uğuruna imza atıblar. Çili millisi kənarda qaldığı 11 dünya çempionatından ikisində öz istəyi ilə, ikisində isə cəzalandığı üçün iştirak edə bilməyib. Yeddi dəfə isə seçmə mərhələni adlamaqda çətinlik çəkib. Sonuncu mundialda cənubi amerikalılar 1/8 finala qədər irəliləyə bilmişdi.

DÇ-2014-ün seçmə tsiklində Argentina və Kolumbiyadan sonra üçüncü olan Çili millisi dünya kubokuna birbaşa vəsiqə qazandı. Çilili azarkeşlər qitələrində keçiriləcək mundialda komandadan yaxşı nəticə gözləyirlər. Heyətə nəzər salsaq, azarkeşlərin heç də haqsız olmadıqlarını görərik. Aleksis Sançez, Eduardo Varqas, Artur Vidal, Matias Fernandes, Maurisio İsla və başqa futbolçular yığmanın liderləri hesab edilirlər. Onların təmsil etdikləri klublarda mütəmadi olaraq oynaması Xorqe Sampaolini sevindirməyə bilməz. 54 yaşlı mütəxəssisin yetirmələri son dörd oyundan 2-də qalib gəlib. İngiltərə (2:0) ilə Ekvadora (4:0) qalib gələn çilililər Almaniya (0:1) və Braziliyaya (1:2) məğlub olub. Bu oyunlarda müxtəlif taktiki gedişlərdən istifadə edən Sampaolinin turnirdə hansı düzülüşdən yararlanacağı məlum deyil.

Kenqurular” nəyə ümid etsin?

Cəmi üç dəfə dünya çempionatlarının final mərhələsində iştirak edən Avstraliya millisi qrupun autsayderi hesab edilir. Həm heyət, həm də təcrübə baxımından qrupdakı rəqiblərindən geri qalan “kenqurular”ın qazancı təcrübə ola bilər. İlk dəfə 1974-cü ildə Almaniyada keçirilən mundialda iştirak edən “yaşıl qitə”nin sakinləri sonrakı 28 il ərzində dünya çempionatlarını kənardan izləməli oldular. 2006-cı ildə Quus Hiddinkin səyləri nəticəsində məhz Almaniyada keçirilən mundiala yollanan avstraliyalılar 1/8 final mərhələsində həmin turnirin qalibi İtaliyaya (0:1) məğlub olaraq mübarizəni dayandırmışdı. “Sarı-yaşıllar” CAR-da keçirilən dünya kubokunda qrup mərhələsini adlaya bilməmişdi. Maraqlı məqam isə Avstraliya millisinin sonuncu mundiala Okeaniyadan deyil, yeni qatıldığı Asiya zonasından yollanmasıdı.

Seçmə mərhələdə Oman, Səudiyyə Ərəbistanı və Tailandla eyni qrupda mübarizə aparan Anqe Postekoqlunun yetirmələri keçirdikləri 6 oyundan 5-də qalib gələrək final mərhələsinə vəsiqə qazandı. Çalışdırıcını narahat edən məqam isə milli üzvlərindən heç birinin aparıcı klublarda çıxış etməməsidi.

B qrupu

İspaniya

Hollandiya

Çili

Avstraliya

Təqvim

13 iyun

00:00 İspaniya - Hollandiya (Salvador)

03:00 Çili - Avstraliya (Kuyaba)

18 iyun

21:00 Avstraliya - Hollandiya (Portu-Aleqri)

00:00 İspaniya - Çili (Rio-de-Janeyro)

23 iyun

21:00 Avstraliya - İspaniya (Kuritiba)

21:00 Hollandiya - Çili (San-Paulu)

İspaniya

Qitə: Avropa

FİFA reytinqi: 1

Baş məşqçi: Visente Del Boske

Yaranma ili: 1909

FİFA üzvü: 1914

Ölkə ərazisi: 505992 kv km

Əhalisi: 46,7 milyon nəfər

Paytaxtı: Madrid

DÇ-lərdə: 13 dəfə

Qalib: 1 (2010)

AÇ-lərdə: 9

Qalib: 3 (1964, 2008, 2012)

Finalçı: 1984

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: İker Kasilyas (151), Xavi Hernandes (130), Andoni Subisarreta (126).

Ən çox qol vuranlar: David Vilya (56), Raul Qonsales (44), Fernando Torres (36).

«Qızıl top»u qazananlar: Alfredo Di Stefano (1957, 1959), Luis Suares (1960).

İndiki yığmada

Ən çox oyun keçirənlər: İker Kasilyas (151), Xavi Hernandes (130), Serxio Ramos (113).

Ən çox qol vuranlar: David Vilya (56), Fernando Torres (36), David Silva (20).

DÇ-2014. Seçmə tsikl

İ qrupu

2012-ci il

11 sentyabr. Gürcüstan - İspaniya 0:1

12 oktyabr. Belarus - İspaniya 0:4

16 oktyabr. İspaniya - Fransa 1:1

2013-cü il

22 mart. İspaniya - Finlandiya 1:1

26 mart. Fransa - İspaniya 0:1

6 sentyabr. Finlandiya - İspaniya 0:2

11 oktyabr. İspaniya - Belarus 2:1

15 oktyabr. İspaniya - Gürcüstan 2:0

Hollandiya

Qitə: Avropa

FİFA reytinqi: 15

Baş məşqçi: Lui Van Qal

Yaranma ili: 1889

FİFA üzvü: 1904

Ölkə ərazisi: 41543 kv km

Əhalisi: 16,8 milyon nəfər

Paytaxtı: Amsterdam

DÇ-lərdə: 9

Finalçı: 3 (1974, 1978, 2010)

AÇ-lərdə: 9

Qalib: 1 (1988)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Edvin Van Der Sar (130), Frank De Bur (112), Rafael Van Der Vaart (107).

Ən çox qol vuranlar: Robin Van Persi (41), Patrik Kluyvert (40), Dennis Berqkamp (37).

«Qızıl top»u qazananlar: Yohan Kroyff (1971, 1973, 1974), Marko Van Basten (1988, 1989, 1992), Ruud Qullit (1987).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Rafael Van Der Vaart (107), Dirk Kuyt (98), Uesli Sneyder (96).

Ən çox qol vuranlar: Robin Van Persi (41), Klaas-Yan Huntelaar (34), Uesli Sneyder (26).

DÇ-2014. Seçmə tsikl

D qrupu

2012-ci il

7 sentyabr. Hollandiya - Türkiyə 2:0

11 sentyabr. Macarıstan - Hollandiya 1:4

12 oktyabr. Hollandiya - Andorra 3:0

16 oktyabr. Rumıniya - Hollandiya 1:4

2013-cü il

22 mart. Hollandiya - Estoniya 3:0

26 mart. Hollandiya - Rumıniya 4:0

6 sentyabr. Estoniya - Hollandiya 2:2

10 sentyabr. Andorra - Hollandiya 0:2

11 oktyabr. Hollandiya - Macarıstan 8:1

15 oktyabr. Türkiyə - Hollandiya 0:2

Çili

Qitə: Cənubi Amerika

FİFA reytinqi: 14

Baş məşqçi: Xorxe Sampaoli

Yaranma ili: 1910

FİFA üzvü: 1913

Ölkə ərazisi: 756950 kv km

Əhalisi: 17,2 milyon nəfər

Paytaxtı: Santyaqo

DÇ-lərdə: 8

Ən yaxşı nəticəsi: 3-cü yer (1962)

Cənubi Amerika kubokunda: 36

Finalçı: 4 (1955, 1956, 1979, 1987)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Leonel Sançes (84), Klaudio Bravo (76), Nelson Tapia (73).

Ən çox qol vuranlar: Marselo Salas (37), İvan Samorano (34), Karlos Kasseli (27).

Cənubi Amerikada ilin oyunçusu: Elias Fiqeroa (1974, 1975, 1976), Marselo Salas (1997), Matias Fernandes (2006).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Klaudio Bravo (76), Aleksis Sançes (61), Qonsalo Xara (61).

Ən çox qol vuranlar: Umberto Suaso (21), Aleksis Sançes (20), Matias Fernandes (14).

DÇ-2014. Seçmə tsikl

2011-ci il

7 oktyabr. Argentina - Çili 4:1

11 oktyabr. Çili - Peru 4:2

11 noyabr. Uruqvay - Çili 4:0

15 noyabr. Çili - Paraqvay 2:0

2012-ci il

2 iyun. Boliviya - Çili 0:2

9 iyun. Venesuela - Çili 0:2

11 sentyabr. Çili - Kolumbiya 1:3

12 oktyabr. Ekvador - Çili 3:1

16 oktyabr. Çili - Argentina 1:2

2013-cü il

22 mart. Peru - Çili 1:0

26 mart. Çili - Uruqvay 2:0

7 iyun. Paraqvay - Çili 1:2

11 iyun. Çili - Boliviya 3:1

6 sentyabr. Çili - Venesuela 3:0

11 oktyabr. Kolumbiya - Çili 3:3

15 oktyabr. Çili - Ekvador 2:1

Avstraliya

Qitə: Avstraliya

FİFA reytinqi: 59

Baş məşqçi: Anqe Postekoqlu

Yaranma ili: 1911

FİFA üzvü: 1956

Ölkə ərazisi: 7692024 kv km

Əhalisi: 22 milyon nəfər

Paytaxtı: Kanberra

DÇ-lərdə: 3

Ən yaxşı nəticəsi: 1/8 final (2006)

Asiya kubokunda: 2

Finalçı: 1 (2011)

Okeaniya kubokunda: 6

Qalib: 4 (1980, 1996, 2000, 2004)

Finalçı: 2 (1998, 2002)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Mark Şvartser (108), Brett Emerton (95), Lukas Nil (92).

Ən çox qol vuranlar: Demyen Mori (29), Arçi Tompson, Tim Kehill (hər ikisi - 28), Con Aloizi (27).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Mark Şvartser (108), Brett Emerton (95), Lukas Nil (92).

Ən çox qol vuranlar: Arçi Tompson (28), Tim Kehill (28), Brett Emerton (20).

DÇ-2014. Seçmə tsikl

3-cü mərhələ

2011-ci il

2 sentyabr. Avstraliya - Tailand 2:1

6 sentyabr. Səudiyyə Ərəbistanı - Avstraliya 1:3

11 oktyabr. Avstraliya - Oman 3:0

11 noyabr. Oman - Avstraliya 1:0

15 noyabr. Tailand - Avstraliya 0:1

2012-ci il

29 fevral. Avstraliya - Səudiyyə Ərəbistanı 4:2

4-cü mərhələ

8 iyun. Oman - Avstraliya 0:0

12 iyun. Avstraliya - Yaponiya 1:1

11 sentyabr. İordaniya - Avstraliya 2:1

16 oktyabr. İraq - Avstraliya 1:2

2013-cü il

26 mart. Avstraliya - Oman 2:2

4 iyun. Yaponiya - Avstraliya 1:1

11 iyun. Avstraliya - İordaniya 4:0

18 iyun. Avstraliya - İraq 1:0

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR