Almanlar “uçan hollandlar”ın törətdiyi inqilabı necə yatırtdı? – FOTOLAR
Bizi izləyin

İdman

Almanlar “uçan hollandlar”ın törətdiyi inqilabı necə yatırtdı? – FOTOLAR

Almanlar “uçan hollandlar”ın törətdiyi inqilabı necə yatırtdı? – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır.

Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1974-cü ildə Almaniyada keçirilmiş 10-cu dünya dünya çempionatına həsr olunub.

Total futbolun təntənəsi

DÇ-74-də “uçan hollandlar”ın oyunu böyük əks-sədaya səbəb oldu. Onların total oyun tərzi müasir futbolda inqilab yartmışdı. Jurnalistlər bu oyunu belə təsvir edirdilər: “Ən azı yeddi nəfər daim hücumdadı. Ancaq hər növbəti epizodda bu qrupa kimin daxil olacağını müəyyənləşdirmək mümkün deyil. Birdən görürük ki, qapıçı meydançasında sürətlə ya sağ, ya da sol cinah müdafiəçisi peyda olur. Yarımmüdafiəçilər ya cinahdan hücum edir, ya mərkəz forvardları kimi oynayır, ya da müdafiə xəttinə qayıdır ki, bir an sonra meydançanın digər bir hissəsində peyda olsunlar. Top rəqibə düşən kimi onu anında üç-dörd holland mühasirəyə alaraq bütün mümkün ötürmə yollarını bağlayırlar. Rəqibin özünü itirərək durumu dəyərləndirmək, yaxud topu ram etmək üçün vaxtı qalmır və hollandlar “mərmi”ni ələ keçirib növbəti hücuma başlayırlar”.

Ancaq turniröncəsi proqnozlarda Hollandiya favoritlər sırasına daxil edilmirdi. Baxmayaraq ki, 70-ci illərin əvvəllərində dünyaya total futbolu gətirən ilk komandalar - “Ayaks” və “Feyenoord”un oyunçularından təşkil olunmuşdu. Tanınmış icmalçı Hans Mulenar yazırdı: “Buna baxmayaraq, milli komandaya maraq bizdə uzun müddət lokal xarakter daşıdı. Yığma klublarımızın nəticələrinə heç yaxın da düşə bilmirdi. Niyə? Çünki bir çox ulduzlar milliyə gələndə ayaqlarını qorumaqla məşğul olurlar. Hətta Kroyff belə, yığmada “Ayaks”ın forvardından çox, Amsterdam muzeyindəki mum fiqurlara bənzəyir”.

Durumu total futbolun atası, “Barselona”nın ovaxtkı baş məşqçisi Rinus Mihelsin təyinatı dəyişdi. Oyunçular nəinki inandılar, daha yaxşı və ürəkli oynadılar. Məşqçinin sevimlisi, tezliklə Kataloniyaya yollanacaq Kroyff kollektivin əsl lideri oldu. Onun hərəkətlərindəki incəlik, eyni zamanda güc, israrçılıq, gözlənilməzlik xüsusiyyətləri azarkeşlər və mütəxəssisləri heyrətləndirir, komanda yoldaşlarını qələbəyə həvəsləndirirdi.

Argentina üzərindəki 4:0-lıq qələbədən sonra Kroyff belə demişdi: “Bundan sonra bizi yalnız dünya kuboku qane edəcək”.

Final qarşılaşmasından öncə isə Hollandiya favorit qismində idi. Sonra, hər şey bitəndən və meydan sahibləri çempion olandan sonra həmin Kroyff demişdi: “Hesabı açandan sonra üstünlüyümüzdən necə yararlanacağımızı bilmədik və məktəb komandası kimi oynadıq”.

Bombardirin son oyunu və ilahəni gətirən son qolu

Hollandlar hesabı kapitanın qazandığı penaltidən sonra açdılar. Ancaq bundan sonra Kroyffu elə bil dəyişdilər. O, komanda yoldaşlarına kömək edir, ötürmələr və məsləhətlər verir, lakin məsuliyyəti öz üzərinə götürmür, hadisələrin axarına baş vurmurdu. Komanda da süstləşdi. Bu, almanların üstünlüyü ələ alması və nəinki bərabərlik qolunu vurması, hətta hesabda irəli çıxması üçün də yetərli oldu. Uzun illər sonra Azərbaycan millisinin başına keçəcək Berti Foqtsun komandasının qələbə topunu Müller vurdu. Vurulan bu qol və oyun bombardir üçün millidə sonuncu oldu.

Baş məşqçi Helmut Şön isə sevincini gizlətmirdi: “Həmişə deyirdim ki, biz finalda özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Hollandlar elə bildilər ki, artıq çempiondular. Özlərindən lazım olandan artıq əmin idilər. Biz isə yalnız birinci olmaq üçün lazım olan hər şeyi etməyə çalışırdıq. Bizdə alındı”.

Hollandlardan fərqli olaraq, AFR yığması “Qızıl ilahə”yə ən real namizəd sayılırdı. İki il əvvəl Avropa birinciliyində qazanılan qələbə göstərdi ki, total futbol təkcə bir komandanın oyun tərzi deyil. İfaçıların ideal seçimi, hücumameyllilik, böyük qələbə əzmi almanlara rəqiblərini bir-bir məhv etmək imkanı verirdi. Mətbuatın fikrincə, alman futbolçular rəqiblərindən daha təcrübəli, mənəvi baxımdan daha güclü, mübarizə aparma metodlarında daha rəngarəng görünürdülər.

Almaniyadakı çempionat çox yaddaqalan oldu. Total futbolun intibahı, cinah forvardlarının rolunun böyüməsi, bir çox oyunlarda sona qədər barışmaz mübarizə onu fərqləndirən cəhətlərdən oldu. İlk dəfə turnirin gedişini milyarddan çox televiziya tamaşaçısı izlədi. Onun qalibi isə yeni dünya kubokuna sahib çıxdı.

DÇ-1974. AFR

Final mərhələsi. 13 iyun-7 iyul

16 komanda dörd qrupda mübarizə apardıqdan sonra hər qrupdan iki qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirib. Sonra qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar.

38 oyun, 1774022 tamaşaçı (orta hesabla hər oyunda 46685)

97 qol (orta hesabla hər oyunda 2,55)

Ən yaxşı futbolçu - Kroyff (Hollandiya)

Bombardir: Qjeqoj Lyato (Polşa) - 7

Qrup 1

1.Şərqi Almaniya 3 2 1 0 4-1 5

2.Qərbi Almaniya 3 2 0 1 4-1 4

3.Çili 3 0 2 1 1-2 2

4.Avstraliya 3 0 1 2 0-5 1

Qrup 2

1.Yuqoslaviya 3 1 2 0 10-1 4

2.Braziliya 3 1 2 0 3-0 4

3.Şotlandiya 3 1 2 0 3-1 4

4.Zair 3 0 0 3 0-14 0

Qrup 3

1.Hollandiya 3 2 1 0 6-1 5

2.İsveç 3 1 2 0 3-0 4

3.Bolqarıstan 3 0 2 1 2-5 2

4.Uruqvay 3 0 1 2 1-6 1

Qrup 4

1.Polşa 3 3 0 0 12-3 6

2.Argentina 3 1 1 1 7-5 3

3.İtaliya 3 1 1 1 5-4 3

4.Haiti 3 0 0 3 2-14 0

İkinci mərhələ

Qrup A

1.Hollandiya 3 3 0 0 8-0 6

2.Braziliya 3 2 0 1 3-3 4

3.Şərqi Almaniya 3 0 1 2 1-4 1

4.Argentina 3 0 1 2 2-7 1

Qrup B

1.Q. Almaniya 3 3 0 0 7-2 6

2.Polşa 3 2 0 1 3-2 4

3.İsveç 3 1 0 2 4-6 2

4.Yuqoslaviya 3 0 0 3 2-6 0

Bütün oyunlar

1. Braziliya - Yuqoslaviya 0:0

2. Qərbi Almaniya - Çili 1:0

3. Şərqi Almaniya - Avstraliya 2:0

4. Zair - Şotlandiya 0:2

5. Uruqvay - Hollandiya 0:2

6. İsveç - Bolqarıstan 0:0

7. Polşa - Argentina 3:2

8. İtaliya - Haiti 3:1

9. Avstraliya - Qərbi Almaniya 0:3

10. Çili - Şərqi Almaniya 1:1

11. Şotlandiya - Braziliya 0:0

12. Yuqoslaviya - Zair 9:0

13. Bolqarıstan - Uruqvay 1:1

14. Hollandiya - İsveç 0:0

15. Haiti - Polşa 0:7

16. Argentina - İtaliya 1:1

17. Avstraliya - Çili 0:0

18. Şərqi Almaniya - Qərbi Almaniya 1:0

19. Şotlandiya - Yuqoslaviya 1:1

20. Zair - Braziliya 0:3

21. İsveç - Uruqvay 3:0

22. Bolqarıstan - Hollandiya 1:4

23. Argentina - Haiti 4:1

24. Polşa - İtaliya 2:1

25. Braziliya - Şərqi Almaniya 1:0

26. Hollandiya - Argentina 4:0

27. Yuqoslaviya - Qərbi Almaniya 0:2

28. İsveç - Polşa 0:1

29. Şərqi Almaniya - Hollandiya 0:2

30. Argentina - Braziliya 1:2

31. Polşa - Yuqoslaviya 2:1

32. Qərbi Almaniya - İsveç 4:2

33. Hollandiya - Braziliya 2:0

34. Argentina - Şərqi Almaniya 1:1

35. Polşa - Qərbi Almaniya 0:1

36. İsveç - Yuqoslaviya 2:1

37. Braziliya - Polşa 0:1

38. Qərbi Almaniya - Hollandiya 2:1

Qeyd: O vaxt qələbəyə görə 2 xal verilirdi.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm