• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əfsanəvi boksçu Qarabağın Azərbaycana qaytarılmasını tələb etdi

  • İdman
  • 16 İyul 2014 16:23
  • 1 356 Baxış
Əfsanəvi boksçu  Qarabağın Azərbaycana qaytarılmasını tələb etdi

Əfsanəvi boksçu Frank Bruno azərbaycanlı məcburi köçkünlərin dərdinə şərik çıxıb.

Son 30 ilin ən uğurlu idmançılarından biri olan Frank Bruno bu yaxınlarda xeyriyyə məqsədilə keçirilən boks yarışının fəxri qonağı olub.

Publika.az xəbər verir ki, Şərqi London boks idmanının vətəni sayılan “York Hall”da baş tutan xeyriyyə turnirinə “Qəbələ” İdman Klubunun boksçuları da qatılıb. Azərbaycan təmsilçiləri ev sahibi “Repton” klubuna qarşı mübarizə aparıblar.

Yoldaşlıq görüşünün keçirilməsində məqsəd “Mo Farah” fonduna 10 min funt (16 min dollar) məbləğində vəsait toplamaq olub. Bundan əlavə “Many Happy Returns” (MHR) kampaniyasının (www.manyhappyreturnsidp.com) dəstəklənməsi üçün təbliğat aparmaq niyyəti güdülüb.

Bu kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı həyatı haqqında həqiqətləri çatdırmaqdı.

Məşhur boksçu Frank Bruno azərbaycanlı məcburi köçkün və qaçqınların öz doğma yurdlarına qayıtmalı olduqlarını vurğulayıb:

“MHR kampaniyasını mən öz qəlbimə yaxın hiss edirəm. Azərbaycanlı məcburi köçkün və qaçqınlar öz doğma yurdlarına qayıtmalıdılar”.

MHR kampanıyasının başlığı “Many Happy Returns” ingilissayağı təbrik mesajının əsasında seçilib. Bu da öz yurd-yuvalarına qayıtmaq istəyən insanların arzularının həyata keçməsi üçün edilən dua anlamını verir.

Qeyd edək ki, həmin internet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən, sadəcə, üçündə yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

Məlumat üçün bildirək ki, Frank Bruno 45 dəfə peşəkar arenaya çıxıb və onun 40-da qalib gəlib. Bu qarşılaşmaların 38-də rəqibini nokaut edib və 3 dəfə Las Veqasda Mayk Taysonla döyüşüb. O, 1985-ci ildə EBU versiyası üzrə Avropa çempionu (ağır çəkili kateqoriya), 1995-96-cı illərdə isə WBC versiyası üzrə dünya çempionu (ağır çəkili kateqoriya) olub.

Təqaüdə çıxandan sonra Frank Bruno bir çox xeyriyyə tədbirlərində fəal iştirak edib, o cümlədən 3 marafonu başa vurub və “Şanon Bredşou” Xeyriyyə Fondunun hamisi kimi fəaliyyət göstərib. O, həm də ruhi xəstəliklər və bunun nəticəsində yaranan fəsadları azaltmaqla bağlı maarifləndirmə işlərinin aparılması üçün iş görüb.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR