“Gürcülər bizə psixoloji təsir edə bilməz”
Bizi izləyin

İdman

“Gürcülər bizə psixoloji təsir edə bilməz”

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi” Gürcüstanın "Çixura” komandasının qonağı olacaq. Bu gün Tiflisdə Mixail Mesxi adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Publika.az bununla bağlı daha iki futbol mütəxəssisinin – Vaqif Sadıqov və Ağasəlim Mircavadovun fikirlərini öyrənib:

Azərbaycanın tanınmış mütəxəssislərindən Vaqif Sadıqov "Neftçi"nin səfər oyununda daha inamlı oynadığını deyib: ““Neftçi”nin rəqib meydanında bizi sevindirəcəyini gözləyirəm. Çünki təmsilçimiz səfər matçlarında daha çox inamlı təsir bağışlayır. Ümid edirəm ki, yenə belə olacaq. Ən yaxşı halda “Çixura” oyunu penallaşmaya apara bilər. “Neftçi” yaxşı bilir ki, əsas vaxtda qol vuraraq iki oyunun nəticəsini həll edə bilər”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov isə gürcülərin “Neftçi”yə psixoloji təsir edə bilməyəcəklərini bildirib: “Bakıda “Çixura” əsas diqqətini müdafiəyə yönəltmişdi. Gürcülər doğma publika qarşısında açılmağa məcbur olacaqlar. Çünki mərhələ keçmək üçün qol vurmalıdırlar. Bu dəfə isə meydan sahibləri hücuma daha çox qüvvə ayırmağa məcburdurlar və flaqman bundan yararlana bilər.

Gürcü fanatların “xəritə məsələsi” yenə təkrarlansa belə, bununla “Neftçi”yə psixoloji təsir edəcəklərinə inanmıram. Bizim komandada oynayan futbolçular kifayət qədər Avropa təcrübəsinə sahibdirlər. İnanıram ki, "Neftçi" bu dəfə də səfərdən lazımi nəticə ilə qayıtmağı bacaracaq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm