Ukraynanın əfsanəsi: “Anam hər gecə yuxudan durub…”
Bizi izləyin

İdman

Ukraynanın əfsanəsi: “Anam hər gecə yuxudan durub…”

Ukraynanın əfsanəsi: “Anam hər gecə yuxudan durub…”

Zamanla mübarizənin ən yaxşı yolu gözləməkdir.

Vaxt keçdikcə hər şey öz yerini tutacaq. Hələ bir neçə il əvvəl "Milan"ı Andrey Şevçenkosuz təsəvvür etmək çətin idi. Artıq onun 37 yaşı var. Yaxın günlərdə 38 yaşını qeyd edəcək. İndi Şeva futbola başqa gözlə baxır. Özünə görə ideyaları var: məşqçi olmaq istəyir. Amma hələ tələsmir. Ötən bazar Andrey "Milan"ın oyununu tribunadan izləyib. Bəli, "Parma"yla həmin dramatik oyunu (4:5 "Milan" qalib gəlmişdi). Bir gün sonra isə Romada xeyriyyə matçında özü meydana çıxıb. Hazırda isə Ukraynadadı və məşqçilik kursunu tamamlamaq üzrədir.

Hərçənd doğma vətənində rahat deyil. "Anam hər gecə yuxudan oyanıb xəbərləri izləyir. Ailəmizin bir hissəsi Kiyevdə yaşayır. Düzdü, ora Donetskdəki kimi təhlükəli deyil, amma qorxu həmişə var. İnsanlar övladlarını, qohumlarını, dostlarını itirir. Mən Ukraynanı çox sevirəm və ümid edirəm ki, bu başıpozuqluğa tezliklə son qoyulacaq" - bu sözlər Şevçenkoya məxsusdu.

"Milan"ın əfsanəsinə çevrilməyi bacaran ukraynalı sabiq hücumçu son müsahibəsində bir çox mətləblərə toxunub. Publika.az müsahibəni qısa ixtisarla təqdim edir:

- Ukraynada baş verənlər dəhşətlidi. Belə vəziyyətdə futbol oynamağın nə mənası var?

- Bilmirəm. Hər kəsin öz fikri var. Bəlkə də, futbol insanları bir neçə dəqiqəlik xəyallarında qurduqları normal həyata qaytarır. Bu suala dəqiq cavabım yoxdu.

- Ukraynaya oxumaq üçün qayıtmısız?

- Bəli. Ümid edirəm ki, nəhayət, məşqçi olacam. Bundan əvvəlsə hazırlıqları başa vurmalıyam. Oynadığım klubların nümayəndələriylə əlaqələrim qalıb. Baş məşqçilərlə, futbolçularla tez-tez ünsiyyətdə oluram, bilmədiklərimi öyrənirəm. Hazır olanda mümkün variantlara baxacam.

- Vaxtilə "Milan"da birlikdə oynadığınız Zeedorf məşqçilik karyerasına bir göz qırpımında başladı. O qədər də uğurlu olmadı...

- Bu fikirlə razı deyiləm. Onun rəhbərliyi altında "Milan" 2-ci dövrədə xeyli xal topladı. Sadəcə olaraq, komandanın vəziyyəti həmin vaxt yaxşı deyildi. Klarens risk edərək ağır məsuliyyətin altına girdi. Məncə yeni peşəyə uyğunlaşmaq üçün düzgün qərardı. İndi o, bir addım öndədi. Elə bir təcrübə qazandı ki, uşaqları və gəncləri çalışdırmaqla bunu mənimsəmək mümkün deyil. Məğlubiyyəti hamı yaşayır, əsas çıxış yolunu tapmaqdı. Zeedorfun işində hansısa fiaskodan danışmaq düzgün deyil.

- Hazırda "Milan"ı başqa bir sabiq oyundaşınız - Filippo İnzaqi çalışdırır...

- Ona uğurlu mövsüm keçirməyi arzulayıram. Pippo əla başlayıb. "San-Siro"da qələbəlik hiss olunur. Oyunçu vaxtlarında da İnzaqidə bütün keyfiyyətlər - oyunu oxumaq, liderlik bacarığı - var idi. Qələbə və ya məğlubiyyət bir sıra amillərdən asılıdı. İnanıram ki, texniki zonada da onu böyük uğurlar gözləyir.

- İtaliya futbolunun son illərdə yaşadıqlarını nəzərə alsaq, onun oyunçu kimi qazandığı uğurları təkrarlayacağı inandırıcı görünmür.

- İtaliya futbolu get-gedə keyfiyyətini və səviyyəsini itirir. Bunun da əsas səbəbi klubların ulduz oyunçuları transfer etmək üçün kifayət qədər maliyyə dayaqlarının olmamasıyla bağlıdı. Başqa müzakirələrə ehtiyac yoxdu. Hər şey puldan, investisiyadan asılıdı. Nəticə göz qabağındadı: "Milan", "İnter", hətta "Yuventus" da dünya futbolunun varlı klublarıyla rəqabət apara bilmir. Mən İtaliyaya gələndə belə deyildi.

- Demək istəyirsiz ki, İtaliya klublarının bu il də Çempionlar Liqasını qazanmaq şansı yoxdu?

- Belə demədim. Mənə belə gəlir ki, "Real", "Çelsi", "Barselona", "Bavariya", PSJ, ümumiyyətlə, İngiltərə, İspaniya və Almaniya klubları aşkar favoritdi. Yalnız "Yuventus" onlarla başabaş mübarizə apara bilər.

- Massimiliano Alleqri Antoni Kontedən sonra "Yuventus"a baş məşqçi gəldiyi üçün peşman olmayacaq ki?

- Bu qədər çətinliklərdən sonra Konte "Yuve"ni bataqlıqdan çıxardı və zirvəyə daşıdı. Bu mərhələ artıq bitib. İndi yeni dövr başlayıb. Alleqrinin işləməyini görmüşəm. Onun iş üslubu xoşuma gəlir. Alleqrinin bu yükün altından çıxacağına inanıram. O, yükün ağırlığını bilməsəydi, işə girişməzdi. Massimiliano bir dəfə skudettonu qazanıb, bir dəfə də şansını qaçırıb. Məncə, "Milan"dan sonra o, daha bir böyük klubu çalışdırmağa layiqdi.

- Bəs siz hansı komandayla başlamaq istərdiz?

- Bütün məşqçilər nəhəng klubda işləmək arzusunda olur. Amma bu haqda danışmaq hələ tezdi. Mən hələ öyrənirəm. Evdəki "komanda"ya (Şevanın 4 oğlu var) rəhbərlik etməklə təcrübə toplayıram (gülür).

- İtaliyada hər kəs Kontenin personasından, liderlik keyfiyyətlərindən ağızdolusu danışır. Antonionu fanat-məşqçi adlandırırlar. İnzaqi də bu mənada ona oxşayır. Siz də onlar kimi olmaq istəyərsiz, yoxsa başqa cür seçilməyi düşünürsüz?

- İnanın ki, hələ heç nə bilmirəm. Bu, vəziyyətdən asılı olacaq. Pippo oyunçu vaxtlarında da beləydi: əzmkar və ehtiraslı. Kollektivə yaxşı rəhbərlik etməyin açarı gərgin işləməkdədi. Futbolçularla münasibət çox vacibdi. Onları motivasiya etmək və paltardəyişmə otağında əhval-ruhiyyəni yüksək tutmaq üçün dəstəyini əsirgəməməlisən. Məhz bundan başlamaq lazımdı.

- Londonda yaşayırsız və tez-tez "Çelsi"nin düşərgəsində olursuz. Joze Mourinyoyla münasibətiniz necədi?

- Həmişə olduğu kimi, peşəkar. Yaxşı məşqçi olmaq istəyirəm və təbii ki, Mourinyonun üslubunu da öyrənməliyəm. Keçmişə işarə vurursuzsa, onun rəhbərliyi altında oynadığım dövrlərdə zədələr mane oldu.

- ÇL-də qələbəyə bir neçə namizədin adını çəkdiniz. Sizcə, Ançelotti bu turnirdə ardıcıl iki dəfə qələbə qazanan ilk məşqçi ola bilər?

- "Real"a 10-cu Çempionlar kubokunu qazandırmasına çox sevinmişdim. Bununla o, tarixə düşməyi bacardı. Cari mövsümdə isə güclü komandaların sayı artıb.

- Baş məşqçi olmaq üçün qolfu atmağa hazırsız?

- Qolf sadəcə əyləncədi. Formada qalmağa çalışıram. Amma həyatım top olan yerdə daha rahatdı.

- Karyeranızı başa vurduqdan sonra nəyin yeri görünür?

- Yorğunluğun. Fiziki yorğunluq xoş hisslər idi. İnanıram ki, məşqçi işi mənə heç də az emosiya verməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm