Dağ velosipedi üzrə sınaq yarışı keçiriləcək
Bizi izləyin

İdman

Dağ velosipedi üzrə sınaq yarışı keçiriləcək

Oktyabrın 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərindən dağ velosipedi üzrə sınaq yarışı keçiriləcək.

Publika.az-ın məlumatına görə, yarış “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən dağ velosipedi parkında keçiriləcək.

Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir. Sınaq turnirində 10 qadın və 30 kişi idmançının iştirakı planlaşdırılır. İştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandasının 3 kişi üzvü də bu yarışda iştirak edəcək.

Sınaq yarışının keçiriləcəyi velosiped trasında hazırda son tamamlama işləri gedir.

Dünya şöhrətli velosipedçilərin ekstremal çıxışlarını izləmək arzusunda olan idman həvəskarlarının asanlıqla yarış yerinə gəlmələri üçün təşkilatçılar tərəfindən xüsusi avtobuslar ayrılacaq. Oktyabrın 18-də səhər saat 08:00-dan etibarən hər on dəqiqədən bir metronun “20 Yanvar” stansiyasından üzərində “Bakı-2015”in rəsmi loqosu olan avtobuslar tamaşaçıları birbaşa yarış yerinə çatdıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm