Bir Atatürkçünün dedikləri: “Bu iqtidara qarşıyam, Apo deyilən körpə qatili ilə sülh imzalayırlar”
Bizi izləyin

İdman

Bir Atatürkçünün dedikləri: “Bu iqtidara qarşıyam, Apo deyilən körpə qatili ilə sülh imzalayırlar”

Camal Boyacı Türkiyənin məşhur məşqçilərindəndir.

Karyerası boyunca çalışdırdığı tələbələr, demək olar ki, bütün yarışlardan mükafatla qayıdıb. Məhz buna görə Camal Boyacı ölkəsində “Kubokların Əfəndisi” ləqəbi ilə tanınır. Ondan müsahibə götürmək asan başa gəlmədi. Uzun-uzadı axtarışlardan sonra Camal bəylə sosial şəbəkə vasitəsilə əlaqə yarada bildik. Hər halda, cəhdlərimiz uğursuz alınmadı.

“Kubokların Əfəndisi” Publika.az-a müsahibə verməyə sevə-sevə razılaşdı. Maraqlı həmsöbətimiz Atatürkçü olmağından, kommunistlərə qarşı mübarizəsindən danışdı:

“Mənə "Kubokların Əfəndisi" deyirlər”

“Türkiyənin Çorum bölgəsində anadan olmuşam. İbtidai və orta məktəbi elə Çorumda bitirmişəm. İdmana 12 yaşda boksla başlamışam. Bir müddət məşğul olduqdan sonra, böyük qardaşım təhlükəli olduğu üçün məni boksdan uzaqlaşdırdı. Amma qardaşım məni ağır atletikaya yazdırdı.

Bununla yanaşı, ailəmə kömək etmək üçün ticarətlə də məşğul olurdum, bir müddət fabrik də işlətmişəm. Ancaq ölkə çətinlik içində oduğu üçün məşqçi kimi işləməyə başladım. Uzun illər ağır atletika üzrə xanımlardan ibarət milli komandanı çalışdırmışam. Müxtəlif uğurlarım olub. Fransa, Almaniya, Belarus, Koreya, Avstriya, Yaponiya kimi ölkələrin milli komandaları ilə mübarizə apardıq. Hələ də Kırıkkale vilayətində ağır atletika məşqçisi olaraq çalışıram. Mənə "Kubokların Əfəndisi" deyirlər. Çox kubok qazanmışıq. İndi fiziki qüsurlu idmançıları yarışlara hazırlayıram. Komandamız Almanyada ulduzların Avropa çempionatında birinci oldu”.

Tanıdığı azərbaycanlı idmançı

- Neçə ildir bu işlə məşğulsuz?

- 62 yaşım var və 42 ildir bu işlə məşğulam.

- Azərbaycanlı idmançılardan tanıdığınız varmı?

- Hafiz Süelymanov... O zaman Türkiyəyə mühacirət etmişdi. O gündən tanıyıram onu. Bu gün də dostluğumuz davam edir. O, milli komandada Naim Süleymanoğlu ilə birlikdə Enver Turkileri bəyin rəhbərliyi altında çalışırdı.

- Sizinlə bağlı bir yazıda “illərdir bitmək bilməyən sevgi”, “Kubokların əfəndisi” deyə bəhs ediblər. Bunlar haradan qaynaqlanır?

- İdmançılarım Avropa və dünya çempionu oldular. Yəni onları yetişdirdim. Qatıldığımız hər yarışda kubok qazandıq.

- Bu günə qədər qazanılmış yarışlardan “muzeyiniz”ə neçə kubok əlavə olunub?

- Sayını mən də itirmişəm.

- Bəs fiziki qüsurlu idmançılarla neçə ildir işləyirsiniz?

- Səhv etmirəmsə, 5 il olub.

- Sizcə kimlərlə çalışmaq daha çətindir?

- Fiziki qüsurlularla daha çətindir. Amma onu da qeyd edim ki, fiziki qüsurlular çox vəfalıdırlar.

- Bilirsiniz ki, fiziki qüsurlu idmançılarla psixoloji cəhətdən də çalışmaq lazımdır. Bunu necə həll edirsiniz?

- Onlar məni çox sevirlər və hörmət edirlər. Deyə bilərəm ki, ataları kimiyəm. Mən burdan heç bir mənfəət güdmürəm. Sadəcə Allah rızası üçün edirəm. Onlar fiziki qüsurlu olduqlarını qəbul etmiş insanlardır. Yəni bu durumu aşıblar. Mən onlara acımıram, yalnız edə biləcəklərini söyləyirəm.

(bir şəkil göstərdi) - Bax bu qucağımdakı idmançını bir neçə il sonra da davam edərsə, dünya çempionu edəcəyəm.

- Hazırda neçə tələbəniz var?

- 8 tələbəm var. Bir də “qızlar yurdu”nu çalışdırıram. Onlar yiyəsiz və yetim qızlardır.

- Daha neçə il bu işlə məşğul olmağı düşünürsünüz?

- Ömrüm yetənə qədər məşğul olmaq istəyərəm. Amma təəssüf ki, təqaüdə çıxmağıma 2 il qalıb. Bundan sonrası isə nəsib, qismət işi...

Atatürkçü, Turançı, boz qurd - Kövrək məşqçi...

“Bir də işin siyasi tərəfi var. Mən “ülkücü” (qatı millətçi) və Turançıyam. Kommunistlərə qarşı çox mübarizə aparmışam. Liderimiz Alpaslan Türkeşdir”.

- Bəs buna görə hansısa bir problemlə üzləşmisiniz?

- Çətinliyi olmayan işi sevmirəm. Bu iqtidara da müxalifəm. Amma biz çox əziyyətlər çəkdiyimiz üçün hər şeyi gözə almışıq. Adamlar vətən xainləri ilə sülh imzalayırlar. Bayraqsızlarla barışdılar - Apo deyilən körpə qatili ilə... Bu, mənə çox təsir edir.

- Bəs “ülkücü” və turançı olmanız işinizdə də hər hansı əngəl törədibmi?

- İşimlə bağlı heç vaxt ola bilməz. Buna cəsarət edə bilməzlər. Çünki əsla qanunsuz iş görməmişəm. Aldığım maaşa halallıqla layiq olmağa çalışıram.

- “Atatürkçü”sünüz?

- Bəli, həm də həddindən artıq “Atatürkçü”yəm. Onu çox sevirəm. Bizə bu vətəni və Cümhuriyyəti qurduğu üçün ona minnətdaram. Vətənimi, bayrağımı çox sevirəm. İnanın mənə, başqa ölkələrə gedib qayıdandan sonra mütləq torpağımı öpür, iyləyirəm.

- Ailənizdə idmanla məşğul olan varmı?

- Oğlum da mənim kimi, ağır atletika üzrə məşqçilik edirdi. İndi başqa işlə məşğul olur. Nəvəm isə tamam başqa idmanla - tennislə məşğuldur. 10 yaşında Türkiyə 4-cüsü oldu.

- Ailənizdən yaşınıza görə artıq bu idman bəsdir deyən olub sizə?

- Xeyr, deyən olmayıb. Onlar hörmətlə yanaşırlar. Mən günü bu gün öz üzərimdə çox işləyirəm.

- Türkiyədən başqa hansı ölkələrdə məşqçiliklə məşğul olmusunuz?

- Türkiyədən başqa heç bir ölkədə çalışmamışam. Sadəcə olaraq yarışlara görə bir çox ölkədə oldum.

- Heç belə şansınız olmayıb?

- Olub, amma getməmişəm. Millətimi, ölkəmi çox sevirəm.

- Şəkillərinizin arasında biri diqqətimi çəkdi. “Ən böyük başqan Camal başqan” yazıblar.

- Bir zamanlar idman klubu işlədirdim. Oradakı tələbələrdir. O vaxtdan qalmış bir şəkildir.

“İdmançılarım birinci olan zaman, bayrağımız yüksəklərə qalxdığı zaman sözün əsl mənasında mən zır-zır ağlayıram. Bu baxımdan çox pis xasiyyətim var.

Almaniyada yarışda olarkən belə bir hadisə olmuşdu. Tələbəm qalib gəlmişdi. Bir-birimizi qucaqlayıb ağlayırdıq, hər kəs bizə baxırdı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm