• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İnkişafın resepti: Səbir, təhsil, intizam, sabit maliyyə...

  • İdman
  • 20 Dekabr 2014 15:27
  • 4 491 Baxış
İnkişafın resepti: Səbir, təhsil, intizam, sabit maliyyə...

Oğuz Dizer Türkiyənin tanınmış idman yazarlarından biridir. Hazırda “Fanatik” qəzetində işləyir. 62 yaşlı yazar “Qalatasaray” azarkeşidir. Amma onun azarkeş olması yazısına təsir etmir. Yazılarındakı obyektiv tənqid həmişə diqqət çəkib.

Maraqlıdır, Oğuz Dizer Azərbaycan futbolu ilə bağlı nə düşünür? Görəsən, onun fikrincə, Azərbaycan futbolunda dəyişiklik etmək mümkün olacaqmı?

Bunun üçün onunla söhbətləşmək fikrinə düşdük. Publika.az-a danışan tanınmış jurnalist Azərbaycan futbolunun yaxşı gələcəyinə ümid etdiyini bildirdi.

- Salam, Oğuz bəy. Sizi Bakıdan narahat edirik. Bəzi məsələlərlə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Salam. Buyurun...

- İlk olaraq, Azərbaycan və Bakı haqqında fikirlərinizi bilmək istərdik ...

- Azərbaycan türk dünyasının hər bölgəsinin olduğu kimi gözəl, istiqanlı milləti olan bir ölkədir. Bakıda qonaq olan bütün dostlarımın dediyi bir fikir var: “Bakı Avropanın böyük şəhərləriylə bir statusdadı. Bakını mütləq görmək, orada yaşamaq lazımdır”.

- Bizim futbolumuz Türkiyədən baxanda necə görünür?

- Eşitmişəm ki, futbol çox sevilir və inkişafı üçün ciddi maliyyə yatırılır. Deyilənlərə görə, Azərbaycan futbolunun bu günü Türkiyədə 80-ci illərdə oynanan futbolu xatırladır. Amma fiziki baxımdan daha yaxşı vəziyyətdə olduğunuzu düşünürəm. Antalyadakı təlim-məşq toplanışlarında fiziki gücü olduqca inkişaf etmiş, Avropa standartlarına cavab verən idmançılar görmüşəm.

- Azərbaycan Premyer Liqasının oyunlarını izləmək imkanınız olub? Hansı klubların oyunlarına baxmısınız?

- Bu ilin yanvarında Antalyadakı toplanışlarda Azərbaycan klublarının Türkiyənin müxtəlif liqa komandalarıyla hazırlıq oyunlarını izləmişəm. Taktika, intizam və sürət mənasında inkişafa nail olsalar gələcəyə ümidlə baxmaq olar. Müsbət yöndə bir inkişafın olduğu gözə çarpır. Taktika və ideya çatışmazlıqları tədricən aradan qaldırıla bilər.

- Bəs bizim klubların avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?

- Hələ yolun başındadırlar. Bir çox klublar Avropa standartlarına uyğun oyun nümayiş etdirir. Amma müəyyən sabitlik saxlanılarsa, bu davamlılıq təmin edilərsə, Azərbaycan futbolu Avropa səhnəsində söz sahibi ola bilər. Bu mövzuda futbolunuzun iddialı və qərarlı olduğunu hiss edirəm.

- "Qarabağ" Avropa Liqasında necə oynadı?

- "Qarabağ"ın uğurları əlbəttə, hamımızı sevindirir, xoşbəxt edir. Onlarla qürur duyuruq. Lakin klub sayı, uğur tendensiyasının daha da yayılması və qalıcı olması lazımdır. Bunu ümid edir və gözləyirəm.

- “Qarabağ”ın İtaliyanın "İnter" klubu ilə oyunda vurduğu qol sayılmadı, ofsayd dedilər.

- Belə epizodları çox müzakirə etmək lazım deyil. Bizim də başımıza belə hallar gəlib. Tutaq ki, ofsayd demədilər və qolu verdilər. Onda "İnter"dən güclü olacaqdıq? Ani uğur və sevinclərin yox, daimi uğurların arxasınca getməliyik. Qolun verilməsi və ya ləğv edilməsi bizim ümumi futbol dəyərlərimizi artıracaqmı? Xeyr, yalnız 90 dəqiqəlik bir sevinc yaşanacaq, halbuki daimi və davamlılıq yolunda əzmkarlıq edib, futbol dəyərlərimizi yüksəltməyimiz lazımdır.

- Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki təyin olundu. O, daha əvvəl "Kayserispor"da çalışıb. Türkiyə futbolunu yaxından tanıyan biri olaraq fikrinizi öyrənmək istərdim. Prosineçki Azərbaycan futboluna nə verəcək? Bu seçimi necə qiymətləndirirsiniz?

- Prosineçki peşəkar mütəxəssisdi. Məncə, o, bizim həyəcanımızı yaşayıb, paylaşa biləcək biri deyil. Biz alman, holland, xorvat xarakterlərini mənimsəyəcək xasiyyətdə deyilik. Düşünürəm ki, biz özümüz özümüzdən faydalanmalıyıq. Azərbaycandakı futbol adamlarından niyə faydalanmadığını heç cür anlaya bilmirəm. Düşünmürəm ki, ölkənizə gələn mütəxəssislər yerlilərdən bir baş üstün olsun. Yerlilərə şans verilməlidi. Azərbaycanı siz daha yaxşı anlayıb, təhlil edirsiz, yoxsa alman və ya ingilis jurnalist?

- Sizcə Azərbaycan futbolunun inkişafı üçün nə çatmır?

- Səbir, təhsil, intizam, doğru reseptlər, sabit maliyyə, menecerlərə aldanmamaq, güvəniləcək insanları doğru seçmək...

Yəni uzun məsələdir.

- Azərbaycana Mustafa Dənizli, Con Toşak kimi məşhur və kifayət qədər təcrübəli baş məşqçilər gəlsə də, nədənsə uğurlu ola bilmədilər. Sizcə bunun səbəbi nə idi?

- Uğurun meyarları nədirsə ona baxmaq, doğru analiz etmək lazımdır. Futbol elədir ki, 5 il əvvəlcədən daimi və sistemli uğur təmin edilə bilməz. Bunu iddia edən ya tələsib edər, ya da yalan söyləyər. Səbir, güvən, inam və dəstək futbolun əsasıdır.

- Son sual: “Qalatasaray” niyə bu qədər zəiflədi? Bunun günahlı kimdədir?

- İdarəçilikdə. Yalanın və klubu soymağa niyyətli menecerlərin hakim olduğu mühitdə uğur da, bərəkət də olmaz. İdman hər mənada vicdanlı və məsuliyyətli insanların peşəsi olmalıdır. Uşaqlarımızı sağlam nəsillər üçün hər baxımdan etibarlı və məsuliyyətli idman müəllimlərinə təslim etməliyik. Öz dəyərlərimizə sahib çıxmaq, uğur üçün həm qərarlı, həm də səbirli olmaq məcburiyyətindəyik.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR