Bütün məşhurları müsəlmanlığa dəvət edən adamın həyatını İslam necə dəyişdi?
Bizi izləyin

İdman

Bütün məşhurları müsəlmanlığa dəvət edən adamın həyatını İslam necə dəyişdi?

O, futbolun tanınmış simalarından biridir. 16 illik klub karyerası ərzində 564 matçda 215 qola imza atıb. Karyerasının zirvəsinə “Sevilya”da çatıb. Hücumçu mövqeyində oynamış keçmiş oyunçu futbol dünyasının müsəlman ulduzlarındandır.

Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə müsəlmanlığı qəbul etdikdən sonra həyatı dəyişən Kanute haqqında məlumat verəcək.

Kanute müsəlman olduqdan sonra qazancının çox hissəsini kasıb ailələrə bağışlayıb. O, Anelkanı islam dininə dəvət edib. Lakin onun islama dəvət etdiyi tək Anelka olmayıb.

Kasıb ailədə anadan oldu, islam həyatını dəyişdi

Frederik Kanute 1977-ci il sentyabrın 2-də Fransanın Lion şəhərində kasıb ailədə anadan olub. Əsl adı Frederik Omar Kanutedir. Ailəsinin yarısı müsəlman, yarısı xristian dininə sitayiş edir.

O, 20 yaşlarındaykən müsəlmanlığı qəbul edib. Sonralar özü müsahibələrinin birində islamı qəbul etməsi ilə bağlı belə danışmışdı:

“20 yaşım olardı. Fransanın Lion şəhərində boya-başa çatmışam, uşaq vaxtı müsəlmanlıqla bağlı heç bir məlumatım yox idi. Ancaq 20 yaşımdan sonra islamı öyrənməyə başladım. İslamın həyatı nə qədər asanlaşdırdığını, gündəlik həyatımda mənə gətirdiyi müsbət keyfiyyətləri kəşf etdim və müsəlman olmağa qərar verdim”.

Klub karyerası

Frederik doğulduğu şəhərin yerli komandalarının birində oynayarkən “Lion”un seleksiyaçıları tərəfindən kəşf edilib. 1997-ci ildə komanda ilə rəsmi müqavilə imzalayıb. Kanute “Lion”da ilk matçını UEFA İntertoto kubokunda Polşanın “Odra” klubuna qarşı keçirib.

Daha sonra o, “Vest Hem”ə transfer olunub (2000-2003). O, bu klubun formasıyla çıxdığı 92 matçda 33 qola imza atıb. Kanute “Vest Hem”də oynayarkən bir çox nəhəng klubların diqqətini çəkməyi bacarıb.

Sürəti və qol vurmaq bacarığı ilə “Tottenhem”in də könlünü fəth edə bilib. Beləliklə o, 2003-2005-ci illərdə bu klubun formasını geyinə bilib. Ulduz futbolçu “göy-ağlar”da 73 oyunda 21 qol vurub. “Tottenhem” Kanutenin İngiltərədəki son klubu olub.

Kanute 6,5 milyon avro qarşılığında 2005-ci il yayında "Sevilya"ya keçib. 2006-cı ildə UEFA kubokunun finalında "Midlsbro" ilə oyunun ikinci hissəsində meydana çıxıb və 89-cu dəqiqədə qol vuraraq, baş məşqçinin etimadını doğruldub. Beləliklə, "Sevilya" matçı 4:0 qazanıb və UEFA kubokunu sahibi olub.

"Sevilya" ilə İspaniya Kral Kuboku, UEFA Kuboku, UEFA Super Kubokunu qazanan Kanute 2011/12 mövsümündən sonra buradan ayrılıb. 2005-2012-ci illərdə Kanute “Sevilya”da 290 matça çıxıb və aktivinə 136 qol yazdırıb.

Onun son klubu Çinin “Beytszin Quan” klubu olub. 2012-ci ildən çıxış etdiyi Pekin klubunda 46 oyunda 13 qol vurub. İl yarımlıq müqaviləsi başa çatdıqdan sonra Kanute adını veteranlar siyahısına əlavə edir və futbolçu karyerasına son qoyur. 35 yaşlı futbolçu təqaüdə çıxarkən bildirib ki, o, bundan sonrakı həyatını şəxsi problemlərinin həllinə və ailəsi ilə vaxt keçirməyə həsr edəcək.

Milli karyerası

Kanute “Lion” üçün oynamağa başlayarkən ilk seçimi Fransanın U-21 millisi oldu. O, bir müddət Fransanın əsas yığmasına dəvət almadı.

FİFA futbolçunun anasının və ya atasının doğulduğu ölkənin milli komandasında forma geyinməsinə icazə verməsindən sonra o, Mali yığmasında oynamağa qərar verdi. 2004-cü ildə Mali ilə Afrika Millətlər Kubokunda iştirak edən Kanute turnirin bombardiri oldu.

2007-ci ildə onun başına xoşagəlməz hadisə gəldi. AMK seçmələrində Mali millisi Togonu məğlub etmişdi. Bundan sonra Kanute və komanda yoldaşı Mamadi Sidibe togolular tərəfindən hücuma məruz qalmışdı.

2010-cu ildə keçirilən Afrika Millətlər Kubokunda Mali uğursuz çıxış etdi və qrupdan çıxa bilmədi. Kanute də həmin qitə yarışından sonra milli komandayla vidalaşdı.

Məscidi uçmaqdan xilas edib

Kanute islam dininə sadiqliyi, xeyriyyəçiliyi, nümunəvi həyatı ilə həmişə diqqət çəkib. O, İspaniyanın Sevilya şəhərində bir məscidin dağıdılmasına əngəl olub. Məscidin olduğu binanın icarə müqaviləsinin bitməsi ilə 700 min dollar ödəyərək binanı sənədi ilə satın alıb və müsəlmanların istifadəsinə təhvil verib. Sevilyalı müsəlmanlar Kanute üçün hər zaman yaxşı fikirlər səsləndirib: "Onun sayəsində Cümə namazlarımızı rahatlıqla qıla bilirik"

Qumar reklamına görə formadan imtina etdi

2006-cı ildə Kanute dünyanın ən kasıb ölkələrindən biri olan Malidə yoxsul müsəlmanlar üçün fond qurub. Onun yardımı sayəsində Malidə yüzlərlə uşağın aclığın pəncəsindən xilas olaraq qorunduğu və sığındığı uşaq kəndi yaradılıb.

"Sevilya"da oynadığı dönəmdə Kanute İslam inancına zidd olduğu üçün klubun qumar şirkətinin reklamının yazılı olduğu formasını geyməmək qərarı almışdı. Hadisənin böyüməsi ilə şirkət Kanutenin sonralar qurduğu yardım fonduna yüklü miqdarda ianə vermişdi.

İslamla bağlı müsahibəsi

- Avropada yaşayan və sonradan müsəlman olan bir futbolçu olaraq Ramazan aylarını necə keçirirsiz?

- Ramazanda oruc tutmaq islamın fərzlərindən biridir, mən də bu fərzi yerinə yetirirəm. Yəni, müsəlmanın etməsi lazım olan şeyi edirəm, Ramazan ayı insana səbirli olmağı, yardım etməyi, yoxsulları düşünməyi öyrədir. Əslində İslamın hər qaydası insana daim bir şeylər öyrədir və qazandırır.

- Ətrafındakı insanlara, ya da yoldaşlarına gündəlik həyatınızdan nümunə göstərib tövsiyələr verirsizmi?

- Bəli, xüsusilə gənclərə... Onlara İslamı, Qurani-Kərimi izah edirəm. İslamın insanlar üçün ən müqəddəs və son din olduğundan bəhs edirəm.

- Müsəlman olduqdan sonra özünüzə kimin həyatını nümunə götürmüsüz?

- Həzrəti Məhəmmədin həyatını. O, İslam peyğəmbəridir və yalnız mənim üçün deyil, bütün insanlıq üçün bir nümunədir. Ondan başqa idmançı kimi keçmiş boksçu Məhəmməd Əlidən nümunə götürürəm.

Fələstinə dəstək oldu, cəzalandı

Frederik Kanute İsrailin Fələstində apardığı hərbi əməliyyatlara etirazını bildirən tək-tük futbolçulardan olub. Müsəlman hücumçu İspaniya Kral Kubokunun oyunlarından birində “Deportivo”nun qapısına vurduğu qolu qeyri-adi formada qeyd etmişdi.

Kanute 40-cı dəqiqədə topu rəqib qapısından keçirdikdən sonra formasını qaldıraraq, onun altında ingiliscə, ərəbcə, ispanca və çincə “Fələstin” yazılan maykasını azarkeşlərə nümayiş etdirmişdi. Bununla Kanute İsrailə etirazını bildirmişdi. Onun bu addımına braziliyalı komanda yoldaşı Luis Fabiano da dəstək vermişdi.

İsrailin Fələstinə qarşı apardığı mübarizəyə qarşı çıxan futbolçunun idman qaydalarından kənara çıxması ona 3 min avroya başa gəlmişdi.

“Futbolçular meydanda olduğu vaxt dini və siyasi çağırışlara yol verə bilməz” maddəsinə zidd hərəkət edən Kanute oyunun gedişində də sarı vərəqə ilə cəzalandırılmışdı. Həmin oyun “Sevilya”nın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Kanute isə bu durumu siyasiləşdirməyin yersiz olduğunu demişdi:

“Fələstinə dəstəyim siyasi və ya dini deyildi, edilən zülmə qarşı idi”.

İrandan Kanuteyə dəstək

İranlılar da bu duruma biganə qalmamış, Kanuteyə verilən 3 min avroluq cəzanı ödəməyə hazır olduqları bildirilmişdi.

Kanutenin karyerasında qazandığı uğurlar

“Seviliya” ilə

UEFA Kuboku: 2006, 2007

İspaniya Kuboku: 2007, 2010

UEFA Super Kuboku: 2006

İspaniya Super Kuboku: 2007

Şəxsi uğurları

Afrikada ilin futbolçusu: 2007

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm