“Rəvan”ın Premyer Liqadan “qovulması”nın sirri - “AFFA bizi aldatdı, yalandan dedi ki...”
Bizi izləyin

İdman

“Rəvan”ın Premyer Liqadan “qovulması”nın sirri - “AFFA bizi aldatdı, yalandan dedi ki...”

Türk mütəxəssis Hındal Gündüzü Güvənc Kurtar “Rəvan”a baş məşqçi keçəndən sonra özünə köməkçi gətirmişdi. Lakin komanda Premyer Liqanı tərk etdikdən sonra baş məşqçiylə yollar ayrıldı. Bu zaman köməkçi məşqçilər Gökhan Kağıtçıoğlu, Lütfi Hındal Gündüz və qapıçılar üzrə məşqçi Salih Sayar da vəzifələrindən uzaqlaşdırıldı.

O zaman klubda yaranan problemlərin sayı gündən-günə artırdı. Oyunçular pullarını ala bilmirdi. Aradan xeyli vaxt keçib. Bugünlərdə “Rəvan”da köməkçi məşqçi işləmiş Hındal Gündüzlə əlaqə saxladıq.

Publika.az-a danışmağa etiraz etməyən mütəxəssis “Rəvan”ın elitadan düşməsinin əsl səbəblərinə və onların kim tərəfindən aldadılmasına aydınlıq gətirib.

- Azərbaycandan getdikdən sonra hansı işlə məşğul olursuz?

- III divizionda oynayan “Bergama Belediyespor” futbol akademiyasının idman direktoru vəzifəsində çalışıram.

- İşləriniz necə gedir? Hədəfləriniz varmı?

- Hazırda işlərimiz çox yaxşıdır. Onsuz da Berqama mənim anadan olduğum şəhərdir, mənim üçün burada rahatdır. Hədəfim burada gənc futbolçular yetişdirmək, Türkiyə futboluna yeni istedadlar qazandırmaqdır.

- İstərdim ki, bir az da “Rəvan”dan gedişiniz haqda danışaq. Sizin və Güvənc Kurtarın klubdan getməsi çoxları üçün bir az müəmmalı qaldı...

- Müqaviləmiz bitdi və "Rəvan" bizimlə təkrar müqavilə bağlamaq istəmədi. Təbii ki, bu onların seçimidir, hörmət edirik.

- Məşqçilər heyətinin klubla problemləri oldumu?

- "Rəvan"da cox yaxşı işlər gördüyümüzə inanırıq. Bizim üçün əla təcrübə oldu. Ancaq federasiyanın qeyri-peşəkarlığı bizi aldatdı. Əvvəlcə liqadan düşməyəcəksiniz dedilər, belə qayda yoxdur dedilər. Sonra bizi elitadan “qovdular”. Belə bir şey heç bir Avropa ölkəsində yoxdur.

Digər mövzulara çox girmək istəmirəm. Təbii ki, "Rəvan"da bizi istəyənlər qədər, istəməyənlər də var. Nəticə olaraq heç kim bizi sevmək, bağrına basmaq məcburiyyətində deyil. Amma biz heç kimdən inciməmişik. Çünki Bakıda qaldığımız vaxtlarda çox yaxşı dostlar qazandıq. Hələ də onlarla görüşürük.

- Sizi klubda qane etməyən nə idi?

- Problemimiz yox idi. Biz də davam etmək istərdik. Ancaq klub bizimlə davam etmədi.

- Sizdən tələb ediləni ödəyə bilmədiniz?

- Komandanı liqada tutmağımızı istədilər. Təəssüf ki, federasiyanın anlaşılmaz mövqeyinə görə klubu Premyer Liqada saxlaya bilmədik. Kubokda 1/4 finala qədər gəldiyimizə görə bütün işlərimizi, fikirlərimizi ora yönəltmişdik. Çünki bizi elitadan düşməyəcəyimizə inandırmışdılar. Biz də fikirləşdik ki, onsuz da liqadayıq. AFFA mövsümün bitməsinə 6 həftə qalmış bu qərarından imtina etdi, sonuncu komandanın elitadan düşəcəyini dedi.

Bundan əlavə, "Rəvan"a qazandırdığımı gənc oyunçular da unudulmamalıdır.

- “Rəvan”ın rəhbəri Nuru Əliyevlə görüşə bilmək imkanınız oldumu?

- Mən heç görüşə bilmədim. Amma Güvənc Kurtar şübhəsiz ki, mütləq görüşüb.

- Klubdakı futbolçularla münasibətləriniz necə idi? Sizinlə problemi olanlar var idi?

- Bütün oyunçularla dost, qardaş kimi idik. Heç biri ilə problemimiz olmadı. Mən özüm hələ də onlarla görüşürəm.

- Sizə burada işləmək yenidən təklif olunsa gələrsizmi?

- Təbii ki, niyə də olmasın?! Azərbaycan və Bakı hər zaman mənim ürəyimdədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm