Londonda duyğusal görüş, “Hindular”ın Almaniya səfəri
Bizi izləyin

İdman

Londonda duyğusal görüş, “Hindular”ın Almaniya səfəri

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq. İkihəftəlik fasilədən sonra cavab matçlarına start veriləcək.

Publika.az xəbər verir ki, Londonda “Arsenal” “Monako”yla qarşılaşacaq. “Atletiko” isə Almaniyaya səfər edəcək.

Vengerin ürəyini “oynadan” rəqib

“Arsenal” azarkeşləri 1/8-in püşkü atılanda uzun müddətdən sonra dərindən nəfəs dərdilər. “Topçular” üçün “Monako”nu mümkün rəqiblər arasında ən münasibi saymaq olar. Müqayisə üçün deyək ki, son iki ildə bu mərhələdə onların yolunu “Bavariya” kəsmişdi.

“Arsenal”ın baş məşqçisi Arsen Vengerin qəlbində “Monako”nun xüsusi yeri var. 1987-1994-cü illərdə bu komandanı çalışdıran fransız mütəxəssis debüt mövsümündə “Knyazlar”ı ölkə çempionu etmişdi. Bir sözlə, təcrübəli Venger ömrünün 25 ilini “Monako”ya həsr edib. Bu komandalar ilk dəfə ÇL-də üz-üzə gəlir.

Bukmekerlər iki oyunun nəticəsinə görə “Arsenal”ı favorit göstərsə də, Venger komandaların şansını 50-50-yə dəyərləndirir. Son vaxtlar sürət yığan londonlular İngiltərə kubokunu qazanmağa real namizəd hesab olunur. Baxmayaraq ki, onları qarşıda “Mançester Yunayted” səddi gözləyir. Premyer Liqada da işləri qaydasında gedən “Arsenal” 3-cü pilləyə kimi yüksəlib.

“Monako”da da dirçəliş hiss olunur. Pley-offa qrup qalibi kimi vəsiqə qazanan Leonardo Jardimin yetirmələri Liqa-1-də mövsümə zəif başlasa da, indi formadadır. “Knyazlıq klubu” noyabrdan bəri çempionatda bir dəfə məğlub olub. Amma onlar da “Arsenal”la oyunun çətin keçəcəyini bilir.

23:45 Arsenal (İngiltərə) – Monako (Fransa)

Stadion: “Emireyts”

Baş hakim: Dəniz Aytəkin (Almaniya).

TV: Az.TV, NTV+futbol 2 (Rusiya).

Aralarındakı oyun: qarşılaşmayıblar.

Zədəlilər: Remsi, Arteta, Debüşi, Qnabri, Diabi, Uilşir, Oksleyd-Çemberlen (şübhəli) – Traore, Kurzava (şübhəli), Ferreyra-Karrasko (şübhəli), Bakayoko (şübhəli), Karvalyo (şübhəli), Raci (şübhəli).

Cəzalı: Tulalan (Monako).

“Arsenal”ın iştirak ərizəsində dəyişiklik

Əlavə olunub: Olivye Jiru, Fransis Koklen, Qabriel Paulista (Vilyarreal).

Çıxarılıb: Lukas Podolski (İnter, icarə), Yaya Sanoqo (Kristal Pelas, icarə), Joel Kempbell (Vilyarreal, icarə).

“Monako”nun iştirak ərizəsində dəyişiklik

Əlavə olunub: Mateus Karvalyo (Fluminense, icarə), Alen Traore (Loryan, icarə).

Çıxarılıb: Borxa Lopes (Deportivo, icarə), Lukas Okampos (Marsel, icarə).

Optimal heyətlər

Arsenal: Ospina - Çembers, Mertesaker, Koselnı, Monreal - Koklen, Kasorla, Uelbek, Özil, Sançes - Jiru.

Monako: Subaşiç - Fabinyo, Karvalyo, Kurzava, Raci - Dirar, Moutinyo, Kondoqbia, Bernardu Silva - Berbatov, Ferreyra-Karrasko.

“Atletiko”nun hədəfi çempionluqdur

Avropada “Atletiko”ya münasibət son illərdə çox dəyişib. İndi “Hindular” sensasiyalarla sevinən İspaniyanın adi möhkəm kollektivi sayılmır. Onlar hazırda İspaniya çempionu və Çempionlar Liqasının son finalçısıdır. Hətta bir çox mütəxəssislər Dieqo Simeonenin döyüşkən komandasını cari mövsümdə də titula real namizəd hesab edir. Dieqo Koşta olmasa belə...

Simeone onun yoxluğunu Mancukiç və Qrizmannı transfer etməklə unutdurdu. Bu hücumçular Avropada ən təhlükəli tandemə çevrilməkdədir. Qrup mərhələsini lider kimi başa vuran “Atletiko” “Yuventus”u da geridə qoymuşdu. Bu il də iki cəbhədə mübarizə aparan madridlilərin prioritet hədəfi yəqin ki, Çempionlar Liqası olacaq. İspaniyada böyüklüyünü sübut edən komanda yenə Avropa səhnəsindən əliboş qayıtsa, bir də (heç vxt demək istəmirəm) kim bilir nə vaxt titula bu qədər yaxın olacaq?

Leverkuzen təmsilçisi cari mövsümdə ləngər vuran gəmiyə bənzəyir. Gah qələbə seriyası, gah da “uğursuzluq zolağı” bu komandaya proqnoz verənləri çəkindirir. Məsələn, “Atletiko”nun qarşısına ardıcıl 3 oyunda qələbə qazana bilməyən “Bayer” çıxacaq.

23:45 Bayer (Almaniya) - Atletiko (İspaniya)

Stadion: “BayArena”.

Baş hakim: Pavel Kraloveç (Çexiya).

TV: İdman Azərbaycan, NTV (Rusiya), NTV+futbol 1 (Rusiya).

Aralarındakı oyun: +0=2-0, top fərqi – 2:2.

Zədəlilər: Robbi Krus, Edvay, Bender – Koke, Ximenes (şübhəli).

Cəzalı: Ömər Toprak (Bayer).

“Bayer”in iştirak ərizəsində dəyişiklik

Əlavə olunub: Devid Elldell.

Çıxarılıb: Niklas Lomb (Halleşer, icarə), Levin Öztunalı (Verder, icarə).

“Atletiko”nun iştirak ərizəsində dəyişiklik

Əlavə olunub: Kani (Vilyarreal, icarə), Fernando Torres (Milan, icarə).

Çıxarılıb: Alessio Çerçi (Milan, icarə), Kristian Rodriges (Parma).

Optimal heyətlər

Bayer: Leno - Kastro, Spahiç, Papadopulos, Vendell - Raynarts, Rolfes - Bellarabi, Çalhanoğlu, Son Xın Min - Drmiç.

Atletiko: Moyya - Xuanfran, Qodin, Miranda, Sikeyra - Saul, Qabi, Tyaqo, Raul Qarsiya - Qrizmann, Mancukiç.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm