• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

MLS-dəki yeganə “mavi”nin inanılmaz mücadiləsi - Obama onunla fəxr edir - VİDEO

  • İdman
  • 17 Mart 2015 13:58
  • 440 Baxış
MLS-dəki yeganə “mavi”nin inanılmaz mücadiləsi - Obama onunla fəxr edir - VİDEO

O, hazırda MLS liqasında təkdir. Bir çoxları ona seçiminə görə nifrət edir, ələ salır, bəziləri isə onun cəsarətinə heyrət edir.

2013-cü ilin aprel ayında amerikalı futbolçu Robbi Rocers Portlenddə qatıldığı 500 nəfərlik forumdan sonra bir neçə ay öncə necə böyük bir səhvə yol verdiyini başa düşdü.

Publika.az xəbər verir ki, Robbi Rocers 12 may 1987-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ranço Palos Verdes şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından basketbola və amerikan futboluna üstünlük verən yaşıdlarından fərqli olaraq, sokkerə (amerikalılar futbolu məhz belə adlandırırlar) könül verdi. Rocers yeniyetmə yaşlarında Hollandiyanın "Herenven" klubunun diqqətini çəkir. Bir müddət bu klubun düşərgəsində olsa da, əsas komandada bir oyuna belə çıxmadan vətəni ABŞ-a dönür.

Burada "Kolumbus Kryu"ya qoşulan Robbi karyerasının ən yüksək dövrlərini yaşayır. "Kolumbus"un əsas heyət oyunçusuna çevrilən Rocers tezliklə ABŞ millisinə də çağırılmağa başlayır. O, yenə avropalıların diqqətini çəkir. Bu dəfə hollandların yox, ingilislərin diqqət mərkəzində olan Robbi sonda "Lids"lə müqavilə bağlayır. Ancaq futbolçunun burda işləri heç də yaxşı getmir. Meydana çıxdığı ilk matçın 10-cu dəqiqəsində zədələnən futbolçu, burda oynadığı bir neçə aylıq dövrdə cəmi 4 oyunda forma geyinir.

Robbi ölkəsinə qayıtdıqdan sonra bir müddət heç bir klubda çıxış etmir. 25 yaşlı futbolçu nəhayət, illərlə ürəyində daşıdığı sirrini bütün ailəsinə və dostlarına açıqlayır. Tezliklə o, bu xəbəri sosial şəbəkə vasitəsilə onu tanıyan və tanımayan hamıya çatdırır:

"Keçən 25 il ərzində kimliyimin ortaya çıxmasından çox qorxdum. İnsanın illərlə içində gəzdirdiyi sirlər onun mənliyini zədələyir. Düzgünlük insanlar üçün çox sadə bir şeydir, ancaq 25 il sonra ailənizin qarşısına keçib “mən maviyəm” demək çox çətindi. Futbol illərlə sirrimi gizlətdi. Həmişə “mavi” olduğumu gizlətmək üçün futbola sığındım. Ancaq hamı sirrimi bildiyinə görə artıq azad adamam".

Rocers şəxsi hesabında bunları yazdıqdan sonra futbol karyerasını bitirdiyini açıqladı. O, “mavi” olan birinin hər hansı komandada oynamasının mümkünsüz bir şey olduğunu düşünürdü.

O vaxta qədər ki, Robbi yazının girişində vurğuladığım konfransa qatıldı. Bəli, bu forum onun bütün həyatını dəyişdi. Forumda müxtəlif cinsi azlıqların cəmiyyətdə yerlərini necə tutmaları müzakirə edilirdi. Robbi forumda çıxış edərkən burdakı yüzlərlə gəncin öz cinsi orientasiyalarından çəkinmədən, cəmiyyətdə öz yerlərini tutmaq və həyatda mübarizə aparmaq iradələrini görüb, özündən utandı. Axı o cəmi bir neçə ay öncə mavi olduğuna görə, haqqı olan həyatdan - futbolçu həyatından qaçmışdı. O, bir anlıq özünü qorxaq biri kimi hiss etdi. Və oradaca özünə söz verdi: sevimli peşəsi olan futbola qayıdacaq və bacarığını sübut edəcək.

Rocersin futbola qayıdışı Amerikada böyük səs-küyə səbəb oldu. Artıq onu telekanallarda verilişlərə çağırırdılar. Robbi verdiyi açıqlamada LGBT fəalı olmadığını və gələcəkdə belə bir fikri olmadığını desə də, hər fürsətdə ondan cinsi azlıqları müdafiə məqsədilə istifadə edirdilər.

Robbi yenidən futbola qayıdarkən "Los Anceles Qalaksi"ni seçdi. Los Anceles onun doğulduğu məntəqədən cəmi 40 km məsafədə idi. Artıq o, özüylə barışmışdı. Özünü tam olaraq sevdiyi futbola həsr etmişdi. Rocersin futbola qayıdışı heç də uğursuz olmadı. O, "Qalaksi"nin əsas heyət üzvlərindən birinə çevrildi. "Los Anceles Qalaksi" çempion olduqdan sonra onları ABŞ prezidenti Barak Obama Ağ evdə qəbul etdi. Obama burda Rocersi də yaddan çıxarmadı. Prezidentin mərasimdə Robbiyə ünvanladığı sözlər yəqin ki, onun həyatı boyu yadından çıxmayacaq:

"İnsanlara etdiklərinə görə, Robbi Rocersə təşəkkür düşür. Robbi, biz hamımız səninlə fəxr edirik".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR