• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Okeanın o tayındakı həngamə - Avropalı “qocalar” ABŞ-ı necə talayır?

  • İdman
  • 28 Mart 2015 15:01
  • 890 Baxış
Okeanın o tayındakı həngamə - Avropalı “qocalar”  ABŞ-ı necə talayır?

Dünyanın ən məşhur futbolçuları karyeralarının qürub çağlarını ya "Ərəb səhralar"ında, ya da okeanın o tayında - Amerikada keçirməyi üstün tuturlar. “Ərəb səhra”larını başa düşdük, orda neft var. Neft varsa, pul da var. Məşhurlar da “qoca” çağlarında daha çox qazanmaq istəyirlər. Bəs okeanın o tayında nə həngamə qurulub ki, məşhurlar ora da can atırlar?

Publika.az elə bunu aydınlaşdırmağa çalışacaq. Əvvəlcə MLS (Major League Soccer - Yüksək Futbol Liqası) barədə. MLS NHL (Milli Xokkey Liqası) və NBA (Milli Basketbol Assosiasiyası) kimi Amerika Birləşmiş Ştatlarıyla Kanadanın müştərək təşkil etdiyi liqadır. 1993-cü ildə yaradılmış liqada hazırda 20 komanda mübarizə aparır ki, bunlardan da 17-si ABŞ-ı, 3-ü Kanadanı təmsil edir. Liqa iki hissədən ibarətdir - Şərq və Qərb konferensiyası. Hər konferensiyada 10 komanda mübarizə aparır.

Okeanın o tayına məşhur futbolçuların üz tutması heç də liqanın yaradıldığı 1993-cü ildən başlamayıb. Bundan çox əvvəllər də amerikalılar məşhurları öz ölkələrinə gətirməklə burda futbolun səviyyəsini yüksəltməyə və populyarlaşdırmağa çalışıblar. Buna misal olaraq futbolun kralı Peleni göstərmək olar. Braziliyalı karyerasının son 3 ilini hazırda Raul Qonzalesin oynadığı "Nyu-York Kosmos"da keçirib. O, burda keçirdiyi 107 oyunda 64 dəfə rəqib qapılara yol tapıb.

ABŞ futbolun yerli gənclər arasında populyarlaşdırılması üçün 1994-də dünya çempionatını da qəbul etdi. Bütün bunlara baxmayaraq, futbolun hələ də basketbolun kölgəsində qaldığını görən amerikalılar köhnə üsula - məşhur futbolçuların ölkəyə cəlb edilməsi siyasətinə əl atdılar. MLS-də vaxtilə kimlər forma geyinməyib? Devid Bekhem, Tyerri Anri, Lotar Matteus, Alessandro Nesta və s.

Hazırda da okeanın o tayına "ulduz" axını davam edir. Yaxın keçmişdə Avropanın yaşıl meydanlarında "at oynadan" David Vilya, Kaka, Sebastyan Covinko hazırda MLS-də top qovur. Maraqlıdır ki, bu futbolçular karyeralarının qürub çağını yaşasalar da, yeni dünyada Avropanın imkanlı klublarındakından heç də az qazanmırlar. MLS-də ən çox qazanan futbolçular hansılardır? İlk beşliyə nəzər saldıqda burda üç gəlmənin adına rast gəlirik.

1. Kaka (Orlando Siti/Braziliya) - 7,2 milyon dollar

Keçən il "Milan"dan transfer edildikdən sonra "San Paolo"ya icarəyə verilən braziliyalı MLS-in cari mövsümünün startında yenidən "Orlando Siti"yə qayıtdı. 32 yaşlı futbolçu MLS-in ən çox qazananıdır. O, "Bənövşəyilər"in heyətində ilinə 7,2 milyon dollar qazanır.

2. Sebastyan Covinko (Toronto/İtaliya) - 7 milyon dollar

Bu ilin qış fasiləsində okeanın o tayına yollanan italyan futbolçu illik məvacibinə görə MLS-də 2-ci yerdədir. İtaliya millisinin üzvü Kanada klubunda ilinə 7 milyon avro qazanır ki, bu da sabiq komandası "Yuventus"da qazandığından daha çoxdur. Maraqlıdır ki, Covinko həmkarlarından fərqli olaraq, yeni qitəyə karyerasının qürub çağında yox, ən yüksək formada olduğu 28 yaşında üz tutub. Futbolçu Kanada klubuna pulsuz başa gəlib.

3. Klint Dempsi (Sietl Saunders/ABŞ) - 6,7 milyon dollar

İlk beşlikdəki iki amerikalıdan biri olan Dempsi ilinə 6,7 milyon dollar qazanır. 32 yaşlı futbolçu 2013-cü ildən hazırkı klubunda çıxış edir.

4. Maykl Bredli (Toronto/ABŞ) - 6,5 milyon dollar

Karyerasının böyük hissəsini Avropada keçirən 27 yaşlı futbolçu keçən ildən "Toronto"ya üz tutdu. O, Kanada təmsilçisində ilinə 6,5 milyon dollar qazanır ki, bu da onu MLS-in 4-cü ən çox qazanan futbolçusu edir.

5. David Vilya (Nyu-York Siti/İspaniya) - 6 milyon dollar

"Atletiko" ilə İspaniya çempionu olduqdan sonra Amerikaya üz tutan hücumçu buradakı karyerasından tam razıdır. Vilya hətta bu yaxınlarda verdiyi müsahibədə Nyu-Yorkda futbola marağın heç də Avropadakından az olmadığını demişdi. O, buna sübut kimi klubunun oyununa gələn azarkeşlərin sayı ilə La Liqadakı tərəfdar sayını müqayisə etmişdi. Vilya Nyu-Yorkda qazandığı puldan da narazı qala bilməz. O, 33 yaşında ilinə 6 milyon dollar qazanır.

Futbolçulara verdiyi məbləğə görə Avropanın bir çox imkanlı klubundan geri qalmayan MLS klubları heyətinin qiymətinə görə isə “Köhnə qitə”dən xeyli geri qalır. Bunun üçün MLS-in ən varlı heyətə malik 5 klubuna nəzər salmaq kifayətdir.

1. “Toronto”

Heyətinin dəyəri - 24,8 milyon dollar

Ən qiymətli oyunçusu: Sebastyan Covinko - 8,4 milyon dollar.

2. “Sietl Saunders” - 19,1 milyon dollar

Ən qiymətli oyunçusu: Klint Dempsi - 5,4 milyon dollar.

3. “Nyu-York Siti” - 17,1 milyon dollar

Ən qiymətli oyunçusu: David Vilya - 7,6 milyon dollar.

4. “Monreal İmpekt” - 15,7 milyon dollar

Ən qiymətli oyunçusu: Lorent Siman - 3,2 milyon dollar.

5. “Orlando Siti” - 15,5 milyon dollar

Ən qiymətli oyunçusu: Kaka - 5,4 milyon dollar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR