Mövsümün oyununa kim necə hazırlaşır?
Bizi izləyin

İdman

Mövsümün oyununa kim necə hazırlaşır?

Azərbaycan Premyer Liqasının 27-ci turuna bu gün yekun vurulacaq. Saat 18:00-da “Bakcell Arena”da baş tutacaq “Qarabağ” - “İnter” qarşılaşmasının statusunu müəyyənləşdirmək o qədər də çətin deyil.

Çempionluq üçün mübarizə aparan komandalar arasında 9 xallıq fərq var. Turnir cədvəlində “Qarabağ” lider, “İnter” 2-ci pillədədir.

Hər iki komanda və futbolçuların durumu ilə bağlı klub rəsmiləri ilə əlaqə saxladıq. Publika.az-a danışan “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov 1 zədəli oyunçunun olmasına baxmayaraq, komandadakı ümumi ab-havanın normal olduğunu dedi:

“Komanda normal hazırlaşır. Sadəcə bir futbolçu - Aleksandr Amisulaşvili zədəlidir. Cəzalı futbolçumuz yoxdur”.

S.Məmmədov “Qarabağ” bu oyunda qələbə qazanmaqla çempionluğun taleyini həll edə bilərmi” sualına belə cavab verdi:

“Məşqçimizə də dəfələrlə bu sualı veriblər. Ümumi fikir belədir ki, hələ şansımız var”.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə komandada 2 zədəli futbolçunun olduğunu xatırlatdı və Reynaldonun cəzalı olduğu üçün “İnter”lə oyuna çıxa bilməyəcəyini dedi:

“Bilirsiz ki, Namiq Ələsgərov ayağının ön çarpaz bağlarının qırılmasına görə əməliyyat olunacaq. Onun oynamayacağı dəqiqdir. Minimum 5 ay yaşıl meydanlardan uzaq qalacaq. Çumbinyonun durumu bəllidir. Reynaldo da sarı vərəqə limitini aşdığı üçün bu oyunu buraxmalı olacaq. O ki qaldı çempionluğa, “Qarabağ” cəbhəsində bir fikir var – tam çempionluq rəsmiləşməyənə qədər çempionluqdan danışmaq olmaz. “İnter”i udmaqla çempionluğu qazanmaq olmur. Ondan sonrakı oyunların hamısında xal itirsək, mövqeyimizi itirə bilərik. “İnter”lə görüşdə qazanacağımız 3 xalla digər oyunlarda qazandığımız 3 xal arasında heç bir fərq yoxdur. Komandamız hazırda çempionluq yox, qələbə haqqında fikirləşir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm