Tahir Süleymanov onları aşağıladı: “Azarkeşlər “Neftçi”yə lazım deyil”
Bizi izləyin

İdman

Tahir Süleymanov onları aşağıladı: “Azarkeşlər “Neftçi”yə lazım deyil”

Tahir Süleymanov onları aşağıladı: “Azarkeşlər “Neftçi”yə lazım deyil”

Azərbyacan Premyer Liqasına azarkeş marağı olduqca aşağıdı. Ancaq ölkənin köklü klubu olan, özünü “xalq komandası” sayan “Neftçi”nin oyunlarına azarkeş marağının olmaması da müəyəyn suallar ortaya çıxardır.

22-ci turun statistik göstəricilərinə əsasən azarkeş sayına görə ən aşağı göstərici “Neftçi” – “İnter” qarşılaşmasında qeydə alınıb. Paytaxt derbisini cəmi 500 azarkeş izləyib. Ən acınacaqlısı isə o idi ki, 500 nəfərin də əksəriyyəti “İnter” azarkeşi idi.

Maraqlıdı, “xalq komandası” na biganəlik nədən qaynaqlanır? Məsələnin kökündə nə dayanır? Hətta sadiq azarkeşlərin belə stadionlara gəlməməsi “Neftçi” rəhbərliyini narahat edirmi? Rəhbərlik bununla bağlı hər hansı bir tədbir görməyi, azarkeşləri stadiona cəlb etmək üçün layihələr keçirməyi düşünürmü?

Suallarımızı “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova ünvanladıq. Publika.Az-a müsahibə verən Tahir müəllim klubların, o cümlədən azarkeşlərin də bostanına daş atdı, hamını günahlandırdı, təkcə “Neftçi” rəhbərliyindən savayı...

- Rəsmi açıqlamaya görə, “Neftçi”- “İnter” oyununda cəmi 500 azarkeş olub. Klub niyə azarkeş qıtlığı yaşayır?

- Bəzi məsələlərə kompleks yanaşmaq lazımdır. Mən gözləyirdim ki, siz mənə sırf futbolla bağlı sual verəcəksiniz.

- Tahir müəllim, futbolu azarkeşlərə görə oynayırlar, azarkeşin futbola dəxli yoxdur?

- Düzdür, azarkeş də futbolla bağlıdır. “Neftçi”yə qarşı təzyiqlər var. Azarkeşlərin stadiona az gəlməsini də onların təzyiqlərə etirazı kimi qəbul edirəm. Amma deyərdim ki, “Neftçi”nin köklü azarkeşləri hər zaman tribunalarda olur.

- Anladıq, ancaq bu amil stadionun tamamilə boş qalmasının əsas səbəbi ola bilməz.

- Azarkeşlərin azalması “Neftçi”yə olan təzyiqlərə görədir. “Neftçi” son 3 mövsümün çempionudur, kubokun sahibidir. Fikir verin “Xəzər Lənkəran”la oyunda stadion dolur.

Amma azarkeşlərin azalması tək bizə aid deyil. “Qarabağ”ın oyunlarına da çox az sayda azarkeş gəlir. Anacaq həmin komanda hazırda çempionatın lideridir.

- “Neftçi”nin fan-klubları da oyunlara gəlmir. Onlara ayrılan maliyyə vəsaitini də kəsmisiz.

- Xanım, futboldan danışmaq lazımdır. Ümumiyyətlə, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Düzdür, səfər oyunlarında azarkeşlər üçün avtobusların tutulmasına kömək etmişik, amma heç vaxt muzdlu azarkeşlərin tərəfdarı olmamışıq.

- Belə çıxır ki, əvvəllər “Neftçi”nin oyunlarına gələnlər muzdlu azarkeşlər olub...

- Xeyr, yenə deyirəm, biz klub olaraq hər zaman vurğulamışıq, indi də deyirik, azarkeşlərin sırf kluba bağlılığı olmamalıdır. Yəni muzdlu azarkeşlər olmamalıdır. Mən öz adımdan deyərdim ki, klubun muzdlu azarkeşlərinin olmağına mənfi münasibət bildirirəm. “Qarabağ”, “Xəzər Lənkəran”ın öz azarkeşi olduğu kimi, “Neftçi”nin də öz azarkeşi var. O azarkeşlər də öz klubuna sadiqdir. Xarici ölkələrdə oyunlara 50-60 min azarkeş gəlir, onlardan danışılmır.

Amma bizdə 100-200 nəfər azarkeş gəlir və mətbuat bu azarkeşləri gündəmdə saxlayır. Niyə? Sual verirəm, niyə axı “Neftçi”- “İnter” oyununda məşqçinin hansı taktiki gedişlər etməsindən danışılmır, amma azarkeşlər məsələsi qabardılır?

- Bizi azarkeşlərin stadiona gəlməməsi narahat edir, ona görə də bu məsələni qabardırıq. Sizi necə, bu məsələ narahat edirmi? Fanklublarla bağlı hər hansı bir planınız varmı?

- Bir daha vurğulayıram, “Neftçi”nin vəzifəsi futbol oynamaqdır. “Neftçi” son üç ilin çempionudur.

- Bu cavabınızdan anladım ki, heç bir planınız yoxdur.

- Azarkeşləri stadiona cəlb etməyə həmişə çalışmışıq, indi də çalışırıq. Amma, muzdlu fan-klublara qarşıyıq. Hər azarkeş öz klubunu sevməlidir. 5-10 manata görə stadiona gələn azarkeşlər “Neftçi”yə lazım deyil. Onların gəlməyindənsə, gəlməməyi daha yaxşıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm