• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Ağlıma gəlməzdi ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəyəm”

  • İdman
  • 20 Aprel 2015 17:13
  • 515 Baxış
“Ağlıma gəlməzdi ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəyəm”

Şahmat üzrə 14-cü dünya çempionu, Dünya Kubokunun sahibi, rusiyalı Vladimir Kramnik "Shamkir Chess 2015" turnirinin rəsmi saytına müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir.

- İlk olaraq Shamkir Chess 2015 turniri haqda fikirlərinizi bilmək istərdik...

- Əvvəl heç vaxt Şəmkirdə olmamışam. Amma ilk təəssüratlarım yaxşıdır. Təmiz, gözəl küçələrlə məni valeh edib. Təmiz havası var. İnsanları çox qonaqpərvərdir. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara yaxşı münasibət göstərilir. Heç bir problemimiz yoxdur. Havası o qədər təmizdir ki, ilk günlər yuxuya qalmışam. 12:15-də oyanmaq istəsəm də, bir saat çox yatmışam. Ardıcıl bir neçə gün belə oldu.

- Vüqar Həşimovla xatirələriniz maraqlıdır. Onunla hansı turnirlərdə rəqib olmusunuz...

- Vüqarın gözəl aurası var idi. Gülüşü heç zaman əskik olmazdı. Bir neçə dəfə rəqib olmuşuq. Maraqlı mübarizə sərgiləyib. Hər zaman qələbə barədə düşünürdü. Yaxın dost olmasaq da, onun haqda ancaq xoş sözlərim var. Azərbaycan millisinin heyətində Avropa çempionu olub. Ağlıma gəlməzdi ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəyəm. Onun indi bizimlə olmadığını qəbul etmək çətindir. Şəmkir turniri Vüqarsevərləri birləşdirir. Təşkilatçılara təşəkkür etmək istərdim. Vüqarın xatirə turniri ənənəvi olmalıdır.

- Ötən il norveçli dünya çempionu Maqnus Karlsen yarışın əsas favoriti hesab olunurdu. Bu dəfə siz və Vişvanatan Anand iştirakçılar sırasında olduğu üçün Karlsenin asan qələbə qazanması mümkün deyil...

- Ümumiyyətlə, bu yarışda iştirak edən hər bir şahmatçı uğur qazanmaq istəyir. Anandla yanaşı Karuana var. Təkcə Maqnus deyil, hamıya çətindir. Maqnus dünya çempionudur, ona görə ondan hər zaman qələbə gözlənilir. Fikrimcə, bu dəfə son tura qədər qalib məlum olmayacaq.

- Bəziləri Maqnus Karlsenin uzun müddət çempion titulunu qoruyacağını deyir. Siz necə düşünürsünüz? Çempionluğu qaytarmaq istəmirsiniz?

- Mən artıq qocalmışam (gülür). İndi gənclər bu barədə düşünməlidir. Əlbəttə, dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Sadəcə, yaş amilini unutmaq olmaz. Gərək fiziki hazırlıq üzərində işləyəsən. Maqnus cavandır. Bir neçə saat oynamaq onun üçün problem yaratmır. O vaxt Harri Kasparova qalib gələndə cavan idim. Enerjim çox idi (2000-ci ildə Londonda baş tutan görüşdə Kramnikin 25 yaşı olub - red). Amma gənc nəsil arasında Maqnusa rəqib olacaq şahmatçılar az deyil.

- Shamkir Chess 2015 turnirinin 2-ci turunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Sanki Karlsenə qarşı oynamaq hamıda çətinlik yaradır...

- Əlbəttə, Karlsen çox güclü şahmatçıdır. Son zamanlar belə bir ifadə var - hamı yaxşı oynayır, amma sonda Karlsen qalib gəlir. Sözsüz Maqnus güclü şahmatçıdır. Şəhriyara gəldikdə böyük potensialı var. Emosional qrossmeysterdir. Ən böyük problemi sabit oynamamasıdır. Sabit oyun üçün bəlkə də müəyyən problemləri var. Bununla belə şahmatçı kimi risk etməyi sevir, sona qədər təzyiq edir. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər.

- Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Yarışın son qalibi kimi sizi iştirakçılar arasında görə biləcəyik?

- Payızda Dünya Kubokunda iştirak edəcəyəm. Hər halda belə planım var. İndiyə qədər Dünya Kubokunun tarixində heç bir şahmatçı ardıcıl iki dəfə qələbə qazanmayıb. O mənada mənim üçün çətin olacaq. İstərdim Bakıda da qalib olum. Lakin başa düşürəm ki, çətin olacaq.

- Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı barədə qərar qəbul edilməyib. Azərbaycan dövlət səviyyəsində təhlükəsizliyə zəmanət versə də, son qərar məlum deyil...

- Bu barədə qərarı Ermənistan şahmatçıları qəbul etməlidir. Ümumiyyətlə, məncə idman siyasətdən kənardır. Mən istəyirəm ki, erməni şahmatçıları Bakıya gəlsin, azərbaycanlı qrossmeysterlər ora getsin. Şahmat hamını birləşdirir. Mən Levon Aronyanla turnirlərdə tez-tez görüşürəm. Fikrimcə, o, Bakıdakı Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdur.

- Aprelin 22-də Shamkir Chess 2015 turnirində istirahət günüdür. Həmin gün şahmatçılar arasında futbol turniri olacaq. Sizi meydanda görəcəyik?

- (gülür) Mən qorxuram zədə alım və sonrakı turlarda oynaya bilməyim. Bəlkə 5-6 dəqiqə imkan yaratsalar, meydana çıxaram. İstirahət günü Şəmkirdə restorana getmək istəyirəm. Yerli mətbəxin dadlı olduğunu eşitmişəm. Çox istərdim yerli mətbəxin dadına baxım.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR