• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qızıl olsun, nağd olsun: lombardlara qoyulan girovlar necə müsadirə olunur?

Qızıl olsun, nağd olsun: lombardlara qoyulan girovlar necə müsadirə olunur?

Əhalinin bank kreditlərinə əlçatanlığının azalması ölkədə ən çox lombardların işinə yarayıb. Yarım saata, sənədsiz filansız sadəcə dəyərli əşya girov qoymaqla 100 manatdan 10 min manata qədər kredit verən bu qurumların sayı günü-gündən artır. 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı 2 dəfə artaraq 1200-ə çatıb. Hazırda Azərbaycanda lomdard fəaliyyəti ilə bağlı 391 vergi ödəyicisi qeydiyyatdan keçib.

Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımayan bu “sələmçilərin” çoxalması heç kəsi narahat etmir. Bir sözlə, verən razı, alan razı. Faizlər də ceyran belində. Vəziyyət o həddədir ki, kompyuter satışı və təmiri dükanları lombardların girov kimi müsadirə etdikləri ikinci əl kompyuterləri satmaqla məşğuldurlar.

Lombard ilk dəfə harada, necə yaranıb?

İlk öncə qeyd edək ki, əmlakla təmin edilən kreditlərin verilməsinə ilk dəfə XV əsrdə Fransada Lombardiya adlı yerdə başlanılıb. Belə ki, kilsə bununla yoxsulları əsarət altında saxlayacağını düşünüb. XVI əsrdə Almaniyanın Nürenberq şəhərində isə bələdiyyə lombardları fəaliyyətə keçib. Daha sonra bələdiyyə lombardları digər şəhərlərə yayılıb. 19-cu əsrdə “ayaqqabı lombardları”peyda olub. Bu lombardların əsas fəaliyyət istiqaməti işçilərə ayaqqabılarının girov qoyulması qarşılığında kredit vermək imiş. Yəni bir fəhlə həftə sonu öz iş ayaqqabısını lombarda verib gedirmiş. Bazar ertəsi həftəliyini alıb lombardın borcunu ödəyib, ayaqqabısını götürürmüş. Hazırda Azərbaycanda lombardlar ayaqqabı qəbul etməsələr də, telefon, mobil telefonlar, zinyət əşyaları qarşılığında borc verirlər. Hansı şərtlərlə, necə? Oxuyun, tanış olun.

500 manatlıq kompyuterə 150 manat pul

Müştəri qismində ilk “Gənclik” metrostansiyası yaxınlığındakı lombard ofisində olduq. Öyrəndik ki, kredit 6 faizlə təqdim olunur. Məbləğ isə qoyulan girovun dəyərindən asılı olaraq müəyyənləşdirilir. 1000 dollar borc qarşılığında 1700-2000 dollar dəyərində zinyət əşyası qəbul edilir: “Girov qismində ancaq zinət əşyası qəbul edirik. Brilyant girov qoyulanda az məbləğləri və ya uzunmüddətli borcları 4%-lə veririk”.

O ki qaldı girovla verilən borcun məbləği arasındakı fərqin iki dəfə olmasına, ofisin işçisi “qızılı gündəlik bazar qiymətinə dəyərləndirmirik. Zinyət əşyasını “lom” kimi qəbul edirik” - deyə bildirdi.

Aylıq ödəniş qaydasına gəlincə, məlum oldu ki, hər ay girov qarşılığında alınan pulun 6 -7 faizi geri ödənəcək. Aylıq faiz ödənişi ümumi məbləğdən çıxılmayacaq. Ancaq faizlə yanaşı, ümumi məbləğ də ödəndiyi halda borcu bağlamaq mümkün olacaq: “Faizi gecikdirdiyiniz zaman 5 gün güzəşt ediləcək. Bu müddət ərzində ancaq zəng edilərək xəbərdarlıq olunur. 2-3 aylıq gecikmədən sonra girovu müsadirə edirik. Satış prosesində müştəri iştirak etmir”.

“28 May” metrostansiyası ətrafındakı lombard ofisində isə girovla bağlı şərtlər bir qədər yüngül oldu. Belə ki, ofisin işçisi bahalı kompyuter, mobil telefon qarşılığında kredit ayıra biləcəklərini söylədi. Lakin bu zaman məbləğin elə də yüksək olmayacağına dair xəbərdarlıq edən ofisin işçisi “500 manatlıq kompyuteri girov qoyub, 150 manat lombard krediti götürə bilərsiniz” deyə arayış verdi. Bildirdi ki, faizlər 5-10 arasında dəyişir.

Lombardlar daşınmaz əmlaka pul vermirlər

Araşdırmalarımız göstərir ki, lombard ofisləri əvvəlki kimi daşınmaz əmlaka, avtomobilə pul vermirlər. Bunu da daşınmaz əmlak bazarındakı vəziyyətlə izah edirlər: “Daşınmaz əmlak satışı aşağı düşüb. Digər tərəfdən daşınmaz əmlakın girovu qarşılığında iri məbləğdə pul vermək risklidir. Maşın girovuna gəldikdə, bazarda bankların girov kimi müsadirə etdikləri avtomobillərin sayı ikiqat artıb. Satib pullarını götürə bilmirlər”.

Bankın lombard krediti sərfəlidir, yoxsa lombard şirkətlərinin?

Bu gün banklar, bank olmayan kredit təşkilatları (BOKT) qızıl-zinət əşyalarını girovu kimi götürərək, onun əsasında lombard krediti ayırırlar. Bu kreditlərin fiziki şəxslərin insanlara təklif etdiyi lombardlardan bir sıra fərqli xüsusiyyətləri var. Əvvəla, hər bankın öz şərtləri var. Yəni bir bankdan lombard kreditini təqdim olunan qızılın 50%, digər bankdan isə 110% həcmində əldə etmək olar. Şərtlər borcalanın daimi müştəri status qazandığı zaman yüngül olur. Təkrar müştərilərə girovun 100-110% həcmində kreditlər ayırılır.

Diqqəti çəkən isə zinət əşyası ilə götürülən kreditin aylıq faiz dərəcəsinin digər kredit məhsulları üzrə təqdim olunan kreditlərin faizlərindən az olmasıdır. Məsələn, əgər bankın istehlak krediti üzrə faizlər 25%-36% təşkil edirsə, lombard kreditlərində həmin faizlər nisbətən aşağıdır.

Adi lombard şirkətlərində illik faiz dərəcəsi 60% -dən (aylıq faiz 5-7% ) yuxarı olur. Banklarda isə illik dərəcə 26-34% təşkil edir. Bu da aylıq 2.16-2.83% deməkdir. Lakin fakt odur ki, lombardların faiz dərəcəsi banklara nisbətən yüksək olsa da, əhali məhz bu mərkəzlərə üz tutmağa üstünlük verir.

Lombardlar nə dərəcədə etibarlıdır?

Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımırlar. Ölkədə lombard fəaliyyəti Azərbaycan qanunvericiliyi əsasında və yalnız xüsusi lisenziya ilə mümkündür. İstənilən adam 2-3 gün ərzində lombard aça bilər. Lombardların fəaliyyəti qismən Mülki Məcəllədə əks olunub. Ümumilikdə isə bu fəaliyyət mexanizmi 1997-ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.Hansısa dövlət qurumu qarşısında məsuliyyət daşımayan lombardlar bu səbəbdən də çox zaman vətəndaşlara kələk gəlirlər. Belə ki, əhaliyə az pul verib, külli miqdarda zinyət əşyası topladıqdan sonra fəaliyyətlərini dayandırırlar, ofisi tərk edirlər.

Mövzu ətrafında söhbət etdiyimiz hüquqşünas Əkrəm Həsənov deyir ki, lombardların fəaliyyəti tənzimlənmir. Buna görə də istədiklərini edirlər: “Vətəndaşlar lombardların qanunsuz hərəkətlərindən məhkəməyə və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilirlər”.

Ə.Həsənov deyir ki, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir: “2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdi. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilir. Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə malik deyil”.

“Girovun qiymətləndirilməsi mexanizmi yoxdur”

İqtisadçı-ekspert Vüqar Bayramov isə lombardların faizlərinə, girovu qiymətləndirməsinə aydınlıq gətirdi: “Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. İlk baxışdan burada elə də problem olmasa da, məsələ heç də göründüyü kimi sadə deyil. Əvvəla, banklardakı kredit böhranı lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kredit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar bu tələbdən yararlanmağa çalışırlar. Əbəs deyil ki, lombardların aylıq faiz dərəcələrində 1.5 faiz artım var. Belə ki, borclar üzrə faiz dərəcələri illik olaraq 40 faizdən artıqdır”.

İqtisadçının sözlərinə görə, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi də yoxdur: ”Bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edir. Yəni yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Əgər faizləri nisbətən aşağı olan kommersiya banklarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa, deməli, lombard borclarında da vəziyyət ürəkaçan deyil. Götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirilənən girovundan da olur”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR