• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bölgələrdə kredit faizləri yüksəkdir

Bölgələrdə kredit faizləri yüksəkdir

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər orta 13.4 faizlə təklif edilir. Baş bankdan rəsmi olaraq bildirirlər ki, paytaxt sakinləri kreditlərinə orta hesabla 12 faiz ödəyirlər. Region bir az genişlənəndə, yəni Abşeron iqtisadi rayonunda bu göstərici 19 faizədək yüksəlir. Mərkəzi Bankin rəsmi statistikasına əsasən, Lənkəran iqtisadi rayonunda orta kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur. Dağlıq Şirvan və Aran iqtisadi rayonunda da vəziyyət cənub bölgəsindən kəskin fərqlənmir: rəsmi göstəricilər uyğun olaraq 23 və 22.9 faizdir. Şəki-Zaqatala iqtisadi rayonunda yaşayanlar isə kreditə görə orta hesabla 22.1 faiz ödəyirlər.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın kredit faizlərinin regional bölgüsü ilə bağlı hesabatı iki mühim məqamı gündəmə gətirir: “Birincisi, niyə rayonlarda orta kredit faizi Bakıya nisbətən 2 dəfə yüksəkdir? İkincisi, doğurdanmı paytaxtda 12 faizə kredit təklif edilir? Əvəlla, rayonlarda faizlərin yüksək olmasının əsas səbəblərdən biri bölgələrin biznes kreditlərindən daha az faydalanması ilə bağlıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Eyni zamanda, nisbətən aşağı faizli ipoteka kreditlərinin da məhz daha çox paytaxtın payına düşməsi kredit faizlərinə təsir göstərir. Belə ki, indiyədək təqdim edilən 17079 ədəd ipoteka kreditinin 11679-u paytaxtın, 1563-u Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-i Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə rayonların əksəriyyətinin aldığı ümumi ipoteka kreditlərinin sayı 10-dan az olub. Bu isə ipoteka kreditlərindən istifadə də Bakı ilə rayonlar arasında kəskin fərqin olduğunu göstərir. Bu isə təbii ki, orta kredit faizlərinə təsir göstərməkdədir.

Rayonlarda bank filiallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir. Bu baxımdan, kreditə çıxış imkanlarının asanlığı da məhz kredit faizlərinə təsir göstərən əsas faktorlardan hesab edilir”.

V.Bayramov deyib ki, rəsmi orta kredit faizləri ilə vətəndaşların cəlb etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur: “Aydındır ki, Bakıda 12 faizə nəinki istehlak və hətta əksər hallarda biznes kreditləri cəlb etməkdə xeyili müşkül görsənir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərinin da faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, təbii ki, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR