• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

ALS virusuna yoluxmuş dünya və ya buz başınıza …

ALS virusuna yoluxmuş dünya  və ya buz başınıza …

Yola saldığımız həftənin əsas iqtisadi yükü iş dünyasının üzərinə düşdü. Planşet satışlarında eniş yaşayan “Apple” “iPad”ın yeni modeli üzərində işə başladığını, “Qazprom” avropalı istehlakçılar üçün mavi yanacağın qiymətini 25% azaldacağını bəyan etdi. Avropa və Amerikaya qəzəblənən Rusiya “McDonalds”ı ölkədən qovmağa başladı, gündə bir təyyarəsi partlayan Malayziya Hava Yolları şirkəti 6 min əməkdaşını işdən çıxaracağını bəyan etdi. Amerika ALS xəstələrinə 80 milyon dollar yardım topladı, İsveçrə Rusiyaya qarşı sanksiyalarını daha da sərtləşdirdi, Fransa höküməti Avropa Birliyindən yardım istədi, rublun məzənnəsi bir az da dəyərdən düşdü.

Başlayaq ALS xəstələrinə yığılan puldan. Xüsusilə məşhurların dəstək verdiyi kampaniya nəticəsində indiyə qədər təkcə ABŞ-da 80 milyon dollar yığılıb. İngiltərədə isə toplanan vəsaitin həcmi 3.3 milyon dollar təşkil edib. Bir məqamı da vurğulayaq ki, kampaniya çərçivəsində məşhurlar təkcə pul ianə etmədilər, həm də bəzilərinə meydan oxuduqdan sonra bir vedrə buzlu suyu başlarından aşağı tökdülər. ABŞ-da başlayan “vedrə yağışı” ictimai medianın köməyi ilə bütün dünyaya yayıldı. Yeri gəlmişkən, bizim ölkədədə insanlar bir qəpik ianə etməsələr də, başlarından su töküb yaxalanmaqla cəmiyyətə öz xeyirlərini verdilər.

ABŞ və Avropa Ukrayna iqtisadiyyatını xilas etmək üçün kisənin ağzını açıb.

Belə ki, yola saldığımız həftə Beynəlxalq Valyuta Fondunun (BVF) idarə heyəti Ukraynaya maliyyə dəstəyi planını müzakirə etmək üçün bir araya gəldi. İyulda verilən qərara əsasən fond, Ukraynaya 17 milyard dollar yardım etməyi planlaşdırır. Xatırladaq ki, Kiyev rəhbərliyi BVF-dan 3.2 milyard dollar həcmində yardım paketini mayında alıb. Mütəxəssislər beynəlxalq yardımlara baxmayaraq, Ukrayna iqtisadiyyatının bu il resesiyadan çıxa bilməyəcəyini düşünürlər.

Söz Ukraynadan düşmüşkən, Ukrayna böhranının Rusiya iqtisadiyyatına mənfi təsirləri davam edir. Rus rublu cümə günü dollar qarşısında 0.4 faiz nisbətində dəyərdən düşüb. Bu enişlə birlikdə rublun həftə ərzindəki itkisi 2.6 faizi ötüb.

Bundan əlavə, Qərb dövlətlərinin yeni sanksiya riski Moskva birjasında sərt enişlərə gətirib çıxarıb. Micex indeksi 2 faiz düşdüyü halda, dövlət şirkətlərinin hissələrində 4 faizə çatan dəyər itkisi müşahidə edilib.

Ukraynanın şərqindəki hadisələrdən sonra İsveçrə Rusiyaya tətbiq etdiyi sanksiyalara yenilərini əlavə edib. Belə ki, İsveçrə daha 11 iş adamını və 5 bankı sanksiya siyahısına salıb. Yeni sanksiya qərarları bu gündən qüvvəyə minəcək.

Fransada 2011-ci ilin yayından bu yana işsizliyin artması müzakirə mövzusu olaraq qalır. Artıq dövlət başçısı François Hollande Avropa Birliyini iqtisadi artıma hesablanmış tədbirlər həyata keçirməyə dəvət edir: "Avropada hər dörd gəncdən biri işsizdir. İqtisadiyyatların düzəlməsi siyasətləri çox qeyri-kafidir. Çünki inflyasiya nisbəti çox aşağıdır. Avronun dəyəri də güclüdür. Nəsə etməsək, Avropa durğunluq təhlükəsiylə qarşı-qarşıya qalacaq".

Bu arada Fransanın İş Nazirliyinin məlumatlarına görə, ölkədə işsizlik nisbəti 10l faizin üzərindədir. İyulda 3 milyon 424 min nəfər işsiz qeydə alınıb. İşsiz ordusuna bu ay 26 min 100 nəfər əlavə olunub. Onu da bildirək ki, fransızlar tərəfindən Valls II adlandırılan yeni hökumətin prioritetlərinə yüksək işsizlik və sabit böyümə nisbətiylə mübarizə daxildir.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) artım nüsbəti ilin ikinci rübü üçün 4,2 faiz qiymətləndirilib. Halbuki iqtisadçıların proqnozları 4 faizədək idi.

Artıma səbəb istehlakçı xərclərindəki 2,5 faizlik artım və iki ildən bu yana sərmayələrdəki sürətli yüksəliş göstərilir.

İsrail Mərkəz Bankı Qəzza ilə qarşıdurmaların ölkə iqtisadiyyatında kiçilməyə gətirib çıxaracağını açıqlayıb. Ölkədə iqtisadi artım göstəricisinin 2,9 nisbətində reallaşması gözlənilir. İyulda turizm sektorunun 25 faiz geriləməsindən sonra istehlakçı xərcləri də azalıb. Bəzi iqtisadçılar hətta İsrailin resessiyaya daxil olacağını proqnozlaşdırırlar.

Yeri gəlmişkən, israillilərin xüsusilə sənaye bölgələrini hədəf aldığı hücumlar nəticəsində Fələstin iqtisadiyyatı da gündən-günə mənfiyə doğru gedir. Ölkədə qidanın qiyməti sürətlə bahalaşır. Hökümətin açıqlamasına əsasən, bir çox fabriklərdə istehsalın dayandırılması səbəbindən ölkə iqtisadiyyatına 70 milyon dollar zərər dəyib.

İş dünyası

Yaxın iki-üç il ərzində “Qazprom” avropalı istehlakçılar üçün mavi yanacağın qiymətini 25% azaldacaq. Bu, şirkətə ucuz başa gəlməyəcək. Artıq bu ildən “Qazprom” gəlirini itirməyə başlayıb. Şirkət ilin sonuna 4 milyard dollar kəsir riski yaşaya bilər. Ölkənin İqtisadi İnkişaf Nazirliyi uzaq xaricə qaz ixracatında qiymətlərin kəskin aşağı düşəcəyini proqnozlaşdırır. Nazirliyin makroiqtisadi proqnozuna görə, 2014-cü ildə qazın min kub metrinin orta qiyməti 349 dollaradək azala bilər. 2015-17-ci illər üçün isə qazın qiyməti uyğun olaraq 316 dollar, 307 dollar və 302 dollar proqnozlaşdırılır.

Beləliklə, yaxın 3 il ərzində uzaq xaricə tədarük edilən qazın qiyməti 2013-cü illə (387 dollar) müqayisədə 28% azalacaq.

Nəzərə çatdıraq ki, uzaq xaricə qaz ixracı “Qazprom”un əsas gəlir mənbəyidir. 2013-cü ildə bu istiqamət şirkətə 2.1 trilyon gəlir gətirib. İlin əvvəlində “Qazprom” qazın min kub metrinin qiymətini 372 dollardan hesablayırdı.

”Rosneft”, axır ki, məqsədinə çatdı. Avropanın sərt sanksiyalarıyla üzləşən şirkət Rusiya hökumətindən istədiyi maddi dəstəyi alacaq. Xatırladaq ki, “Rosneft”in rəhbəri İgor Seçin ötən həftə rus hökumətindən 41 milyard dollarlıq kömək tələb etmişdi. Onu da bildirək ki, “Rosneft” "THK-BP"nin hissələrinin 50 faizini satın almaq üçün beynəlxalq banklardan 16.8 milyard dollar məbləğində kredit almışdı. Sanksiyalardan sonra beynəlxalq sərmayə bazarlarına daxil ola bilməyən neft nəhəngindən borcunu təcili ödəmək tələb edilir.

Amerikanın fast food nəhəngi “Burger King” mərkəzini Kanadaya köçürmək istəyir. Bu səbəbdən də, kanadalı restoran zənciri “Tim Hortons”u almağa hazırlaşır. ABŞ-ın ağır vergi yükündən qaçmaq üçün verilən bu qərar sayəsində şirkət 15 faiz az vergi ödəyəcək. Başqa tərəfdən qeyri-rəsmi məlumatlara görə, “Burger king” 8.4 milyard dollar ödəyib “Tim Hortonsu” almaqla ən böyük rəqibi “McDonald's'”la arasındakı fərqi bağlamağı hədəfləyir.

Məlumat üçün bidirək ki, ABŞ prezidenti Barak Obama bir qədər əvvəl, başqa ölkələrə köçərək vergi ödəməkdən yayınan şirkətləri sərt tənqid etmiş, həmin şirkətləri ölkə iqtisadiyyatına zərər vurmaqda günahlandırmışdı.

Putin Obamaya olan qəzəbini “McDonalds”ın üzərinə tökdü. Ölkədə fast food şəbəkəsinin 4 restoranının qapısına qıfıl vurulub. Rusiyanın istehlakçı təhlükəsizliyini yoxlama agentliyi “McDonald's”ın qida standartlarına əməl etmədiyini bəyan edib. Bu şərhdən sonra amerikalı fast food nəhəngi müştəri şikayətlərini diqqətə aldıqlarını bildirsə də, ruslar “McDonalds”ın digər restoranlarında da araşdırmalar aparmaqla şəbəkəni ölkədən qovmaqda israr nümayiş etdirirlər.

Son aylar təyyarə qəzaları (bir təyyarə martın 8-də Pekinə səfər edərkən Hind Okeanında itib, başqası iyulun 17-də Amsterdamdan qalxdıqdan sonra Ukrayna sərhədində vurulub) ilə gündəmi zəbt edən Malayziya Hava yolları isə maliyyə böhranına ducar olduğunu bəlirləyib. 42 illik keçmişə sahib şirkət böhranla mübarizə üçün 20 min əməkdaşının təxminən üçdə birini işdən azad edəcək. Bundan əlavə, şirkət bəzi uçuşlarına da son verəcək.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Deməli, statistikaya görə, Azərbaycanın mobil operatorları 520 mln. manata yaxın gəlir əldə edib, gələn il dövlət büdcəsinin 5%-ə yaxın artımı gözlənilir, Gürcüstandan Azərbaycana avtomobil ixracı 47% azalıb, son bir il ərzində yeni tikililərdə qiymətlər 24% bahalaşıb, ölkədə bitkiçilik istehsalı aşağı düşüb, əhalinin mənzil şəraiti pisləşib, ərzağın qiyməti qalxıb.

Başlayaq insan üçün vacib olan qidadan. Ölkədə zəruri ərzaq məhsullarının qiymətləri bahalaşıb. Hətta 50 manatın nominal dəyəri (alıcılıq qabiliyyəti) əvvəlki səviyyədə deyil. Məsələn, əvvəllər marketdə alış-veriş zamanı 50 manata bir neçə adda ərzaq məhsulu almaq mümkün idisə, hazırda bu məbləğlə bol çeşid, seçim imkanı aşağıdır. Rəsmi statistika da göstərir ki, iyulda istehlak qiymətlərinin bazis indeksi (“bazis indeksi” dedikdə dövlət tərəfindən tənzimlənən qiymət və tariflər, mövsümi xarakterə malik olan məhsullar istisna olmaqla hesablanan istehlak qiymətləri indeksi nəzərdə tutulur) 2014-cü ilin iyunu ilə müqayisədə eyni səviyyədə qalsa da, əvvəlki ilin yanvar-iyul aylarına nisbətən isə 1,8 faiz bahalaşıb.

Yeri gəlmişkən, ölkədə inflyasiya manatın nominal dəyərinə təsir edib. Son iki ayda manatın dəyərdən düşməsi müşahidə olunur.

Həftəni banklarla tamamlamasaq, günah olar. “Fitch Ratings” Azərbaycan bankları ilə bağlı hesabatını açıqlayıb. Qiymətləndirmə şirkəti bildirir ki, neftin bahalığı və ciddi dövlət xərcləri fonunda banklar risklərə davamlıdır. Qeyd olunur ki, aktivlərin keyfiyyəti pərakəndə kreditlərin artımı ilə bağlı əsas riskdir: “Uzunmüddətli korporativ kreditləşmə xüsusi narahatlıq doğurur. Onun çoxu layihə maliyyələşməsi və tikinti üzrədir, çox vaxt kredit müddətinin sonunda eyni vaxtda ödənilir. Nəticədə, hələlik, bu kreditlərin keyfiyyəti zamanın sınağından çıxmayıb”.

Bununla belə, qiymətləndirmə şirkətindən bildirilib ki, kreditlərin gec qayıtması bankların likvidlik riskini artırır. Müştəri fondlanması bunu zəiflədən amildir. Biznesin miqyası az olması, kreditləşmənin sürətlə artması və zəif mənfəət üzündən banklarda kapital çatışmazlığı var. Pərakəndə kreditləşmə, mikro, kiçik və orta kreditləşmə ilə məşğul olan banklarda mənfəətlilik daha yüksəkdir.

Dövlət Neft Şirkəti isə sakit-sakit "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində iki şirkət yaradıb. Şirkətlər iyulun 24-də təsis edilib, Vergilər Nazirliyi rəsmi informasiyanı avqustun 20-də “Vergilər” qəzetinin xüsusi buraxılışında verib. Hər iki şirkət (“SOCAR Upstream Management İnternatilonal” və “SOCAR Midstream Operations”) ARDNŞ-nin mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.

Bu ilin fevralında “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün "Cənub Qaz Dəhlizi" QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). QSC 2 şirkət təsis edib (“SGC Upstream” və “SGC Midstream”).

Məndən bu qədər. Hər birinizə yaxşı həftə sonu istirahətləri...

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR