• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Meyvə-tərəvəz daha da bahalaşacaq

Meyvə-tərəvəz daha da bahalaşacaq

Rusiyaya ərzaq ixracının artımı Azərbaycan bazarlarında sürətli bahalaşmaya yol açıb. Məsələn, ötən ay pomidorun qiyməti 30-40 qəpik arasında dəyişirdisə, hazırda 1 kiloqram pomidor 1-1,5 manata satılır.

Kənd Təsərrüfatı nazirliyinin açıqlamalarına inansaq, bu bahalaşma davamlı olacaq. Belə ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyaya idxalın artması ilə bağlı daxildə meyvə-tərəvəzin qiymətinin artmasının təbii iqtisadi proses olduğunu bildirib: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracının artırılmasından sonra ölkəmizə idxal olunan məhsulların həcminin artacağı gözlənir. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Birinci növbədə bu, Azərbaycan məhsullarının Rusiya bazarında brend kimi yer tutması üçün çox gözəl fürsətdir. Bizim məhsullar adıçəkilən ölkənin bazarında çox yaxşı tanınır. Yaranmış vəziyyət isə bizim istehsalçılara əlavə üstünlük verir”.

Nazir qeyd edib ki, Azərbaycan fermerlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracının artırılması ölkəmizə xaricdən gətirilən məhsulların həcminə təsir edəcək: “Təbii ki, bizim məhsullar Rusiya bazarına çıxdıqca xaricdən Azərbaycana məhsul idxalının artımı gözlənilir. Bu, iqtisadi cəhətdən qiymətlərə təsiredici amildir. Lakin dövlət qiyməti tənzimləmək siyasəti ilə məşğuldur. 1 il bundan qabaq kənd təsərrüfatı məhsullarının istehsalçıları dəfələrlə şikayət edirdilər ki, məhsullar bağlarda çürüyüb qalır, satılmır. İndi isə problem həll olunan kimi məsələnin yaxşı tərəfləri qalıb bir kənarda, hər kəs qiymətin artımından danışırlar”.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, istənilən halda, qiymətlərin belə sürətli artımı əhali arasında ciddi narahatlığa yol açıb: “Bir həftə öncə topdansatış mərkəzlərində bir yeşik pomidor 6-7 manata idisə, hazırda 15 manatdan aşağı tapmaq mümkün deyil. Bundan əlavə, Rusiyaya ən çox ixrac olunan göyərti məhsullarında bahalaşma müşahidə olunub.

Ümumiyyətlə, indiki mövsümdə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac edilməsi daxili bazarda qiymətlərə ciddi təsir edəcək. Rusiya bir çox məhsulların idxal və ixracına görə AB-dən asılı vəziyyətdə idi. Artıq birlik dövlətləri məhsullarını bu ölkəyə buraxmadıqları üçün bazarlar boşalıb. Bu boşluğu isə daha çox qonşu dövlətlər, xüsusilə də Azərbaycandan ixrac olunacaq məhsullar dolduracaq. Artıq azərbaycanlı iş adamları öz məhsullarını qonşu ölkəyə daşımağa başlayıb. Rusiya bazarlarının Azərbaycanda istehsal olunan məhsullar hesabına doldurulması, əslində ölkəmiz üçün əhəmiyyətlidir. Çünki bu, qeyri-neft məhsullarının ixracatının artması deməkdir. Azərbaycanlı iş adamları və fermerlərinin öz məhsullarının Rusiya bazarlarına çıxarmaları həm onların maddi vəziyyətinin yüksəlməsinə, həm də ölkəyə daxil olan valyutanın həcminin artmasına səbəb olacaq”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR