Köhnə bazara təzə adət - LİZİNQ
Bizi izləyin

Ekopublika.az

Köhnə bazara təzə adət - LİZİNQ

Son iki ayda Azərbaycana avtomobil idxalı 35-40 faiz azalıb. Diqqəti çəkən idxalın azalması fonunda ölkədə fəaliyyət göstərən avtosalonların qiymətləri bahalaşdırmasıdır. Düzdür, normalda maşının “pasportunda” hər növbəti il onun dəyərinə 2 mindən 20 minə kimi artım gətirir. Lakin yerli avtosalonların qiymət şərtlərində süni müdaxilələrin payı daha çoxdur. Avtosalonlar statistikada yaranan vəziyyətdən maksimum faydalanırlar.

Necə?

İllərdir ölkədə avtomobil sahibi olmağın ən optimal yolu onun kreditlə alışı hesab edilib. Araşdırmalar göstərir ki, avtomobil kreditlərinin şərtləri sərtləşdirildikdən (1 ildən çox vaxt keçmiş və köhnə hesab edilən avtomobili bankda kreditə salmaq üçün onun 80 faizi həcmində ilkin ödəniş edilməlidir. İstehsal tarixindən satış tarixinədək 1 ildən az vaxt keçən və təzə hesab olunan avtomobillər üçünsə bu məbləğ dəyərindən asılı olaraq 40-50 faiz təşkil edir) sonra avtomobil satışı ofisləri lizinqlə satışı genşləndirməyə başlayıblar. Rəsmi statistikaya əsasən, lizinqlə satış təxminən 15 faiz civarında artıb. Diqqəti çəkən isə avtosalonların lizinqin illik faiz dərəcələrini, şərtlərini bank kreditlərinə uyğunlaşdırmalarıdır. Hətta bəzi avtosalonların partnyor olduqları bankların illik kredit faizləri lizinq faizlərindən aşağıdır. Yəni vətəndaş lizinqlə avtomobili illik 18, bank krediti ilə 14 faizə alır.

Publika.az avtomobil salonlarının lizinq şərtləri ilə bağlı araşdırmasını təqdim edir.

İlk olaraq “Nurgun Motors”un avtomobillərinin lizinqlə satışı ilə maraqlandıq. Məlum oldu ki, avtomat sürət qutusuna əsasən dəyəri 12 590 manat olan “Nissan Sunny “nin lizinqlə satışı üzrə ilkin ödəniş 2500 manatdır. İcbari sığorta, nömrənin qiyməti, bank xərcləri, kasko sığortanı da əlavə etdikdə ilkin ödəniş 3100 manata yüksəlir. Birillik lizinq şərtində avtomobilin aylıq kredit ödənişi 964 manat təşkil edir. Avtomobil vətəndaşa nağd dəyərindən baha 14668 manata başa gəlir.

Nurgün Motors”un əməkdaşlıq etdiyi “NBC Bank” vasitəsiylə avtomobilin alınmasında kredit şərtləri fərqlidir. Şirkətin qiymət siyasəti ilə bağlı daha bir məqam “Nurgün Motors”un saytında bir qiymət, salonda başqa qiymət göstərilməsidir. Eyni zamanda, şirkət lizinqlə satışın qiymət cədvəllərini rəsmi internet ünvanında açıqlamır.

“Performance Center” rəsmi distrübitorluq etdiyi “Chevrolet” avtomobillərinin lizinqlə satışı bahalaşıb. Götürək hazırda “Performance Center”, “Chevrolet”, “Aveo” beşqapılı avtomobillərin satışı ilə bağlı başlayan kampaniyanın şərtlərini. Reklam çarxlarında lizinq şərtlərinin yüngüllüyü hətta avtomobil sahiblərində belə ikinci maşına sahib olmaq həvəsi yaradır. Lakin bu xəyallar salonda əsl şərtlərlə tanış olan zaman puç olur. Məsələn, kampaniyanın başladığı ərəfədə avtomobilin qiyməti qaldırılıb.

Necə?

“Chevrolet”in rəsmi saytında avtomobillər bölümündə beşqapılı “Aveo”nun qiyməti 13 350 manat təşkil edir. Elan edilən kampaniya ilə əlaqədar şirkətlə əlaqə saxladıqda öyrəndik ki, avtomobilin dəyəri 13 850 manatdır. Halbuki 5 faizlik endirim edildiyi irəli sürülür. Kampaniyanın digər şərtlərinə gəlincə, 2 500 AZN ilkin ödəniş, 5 ilədək sərfəli lizinq irəli sürülür. 36 aylıq kredit üzrə anutet ödəmə 431 manat, 48 ay üzrə 355, 60 ay üzrə 313 manat tələb olunur.

Avtomobilin bankla satışına gəlincə, ilkin ödəniş minimum 50 faizdir. Dillerdən bildirirlər ki, istənilən “Chevrolet” avtomobilini 60 ay müddətinə əldə etmək olar. Bank partnyorları isə “VTB” Bank, “Bank Respublika”, “Bank of Baku”dur. Borcalana qarşı hər bir bankın özünün tələbləri, faizləri var. Əvvəlcə tələblərə nəzər yetirək.

“VTB Bank” borcalanın yaş həddinin 23 yaş, kreditin qurtarma müddətinə yaş həddinin 65-dən çox olmamasını, şəxsiyyət, sürücülük vəsiqəsi, kredit mütəxəssisinin məsləhət gördüyü digər sənədləri, “Bank Respublika” da yaş həddinin 23 yaş, kreditin qurtarma müddətinə yaş həddinin 65-dən çox olmamasını, borcalanın şəxsiyyət, sürücülük vəsiqələrini tələb edir. “Bank of Baku”nun da tələbləri iki bankdan fərqlənmir.

Bankların kredit şərtlərində əsas diqqəti çəkən faizlərdir. Hər bir bankın öz faiz siyasəti var. Bu da ancaq dillerlərin əməkdaşlarına məlumdur. Yəni avtomobil alan şəxsə hansı bankın daha sərfəli şərtlər irəli sürdüyü bildirilmir. Vətəndaş seçdiyi faiz şərtləri ilə bankın müvafiq şöbəsində tanış olur.

“Kia Motors Azerbaijan” nın da “bazarı” pis deyil. Hazırda “Kia”nın bəzi moddellərinin kampaniya ilə satışı aparılır. Bu kampaniyaların şərtləri diqqət çəkir. Məsələn, “Picanto” modelinin 2014-cü il buraxılışına 3% , 2013-cü il buraxılışına isə 8% endirim tətbiq edilir.

Lizinq şərtlərinə əsasən, qiyməti 13 200 olan 2103-cü il buraxılış “Picanto”nun 1 illik lizinqlə satışında ilkin ödəniş kimi 2033 manat tələb olunur. Aylıq ödəniş 973 manat təşkil edir. Ödənişlərə DYP-də qeydiyyat və icbari sığorta haqqı daxil deyil. İllik ödənişi nəzərə aldıqda sonda borcalan “Kia Motors Azerbaijan”a avtomobil üçün 13 709 manat ödəmiş olur. Nəzərə alsaq ki, 8 faiz endirimdə avtomobilin dəyəri 13144 manata düşür, belə çıxır ki, kreditin sonunda şirkət nəinki endirimə gedir, hətta endirimsiz qiymətdən də 509 manat əlavə qazanc götürür.

Onu da bildirək ki, şirkət hazırda lizinq şərtlərinin dəyişdiyini bildirir. Məsələn, 2014-cü il buraxlışlı “Picanto”nun 1 illik lizinqlə satışı üzə ilkin ödəniş 2450 manat deyil, 3800 manatdır. Aylıq ödəniş isə 920 manat təşkil edir. Beləliklə, avtomobili 1 illik lizinqlə alan şəxs sonda şirkətə 14890 manat ödəmiş olur. Halbuki avtomobilin satış qiyməti 13200 manatdır və 3 faiz endirimlə qiymət 12804 manata düşür. Hətta endirimlə belə şirkət lizinqdən avtomobilin satış qiymətindən artıq pul götürür.

Lizinqdən başqa, “Kia” avtomobillərinin “Nikoil”,Rabitəbank” ,”VTB Bank” vasitəsiylə də krediti həyata keçirilir. Şirkət əməkdaşlarının sözlərinə görə, banklardan ən sərfəli şərtləri “Nikoil” irəli sürür. Bankın faizləri 14 fazidir.

Növbəti müraciət etdiyimiz “Hyundai” avtomobil şirkətinin də lizinq şərtlərinin yüngül olmadığını öyrəndik. İlkin ödəniş kimi avtomobilin dəyərinin 20 faizi tələb olunur. İllik faiz isə 18 faizdir. Məsələn, 12 200 manat təşkil edən “Hyundai i10” modelinin lizinqlə satışında ilkin ödəniş 2996 manat, aylıq 895 manat təşkil edir. Beləliklə, avtomobilə sahib olmaq istəyən kreditin müddəti bitdikdə 13736 manat ödəmiş olur.

Göründüyü kimi, avtomobil idxalının azalması ən çox avtomobil şirkətlərinə sərf edib. Təkcə qiymətləri qaldırmayıblar, eyni zamanda, lizinq faizləri də tavana dırmanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm