• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

Noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

Publika.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban biznes forumda iştirak ediblər.

Forumun aparıcısı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmiz, onun yerləşdiyi coğrafi region barədə tədbir iştirakçılarına məlumat verib, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışıb.

O, son on ildə iqtisadi sahədə ölkəmizdə əldə olunan artım tempinin davam etdiyini və bunun da bir çox sahələrin inkişafına ciddi təkan verdiyini vurğulayıb. Azərbaycanla Macarıstan arasında uğurlu siyasi-iqtisadi əməkdaşlığın yarandığını bildirən xarici işlər və ticarət naziri bu biznes forumun əhəmiyyətini vurğulayıb, onun ikitərəfli əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib.

Biznes forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətindən danışıb. “Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və bu, Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq baxımından əhəmiyyətlidir”, - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, yüksək siyasi əlaqələrin biznes münasibətləri üçün də yaxşı şərait yaratdığını diqqətə çatdırıb.

“Mən istəyirəm ki, macar iş adamları Azərbaycanda daha çox təmsil olunsunlar”, - deyən dövlətimizin başçısı macar şirkətləri ilə əsasən enerji, kənd təsərrüfatı, kosmos sənayesi və digər sahələrdə uğurlu əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə forum iştirakçılarına məlumat verib. Bildirib ki, təkcə ötən il Azərbaycana 28 milyard dollar investisiya qoyulub. Bu da ölkəmizdə əlverişli investisiya mühitinin olmasından xəbər verir. Prezident İlham Əliyev macar şirkətlərini “Cənub” qaz dəhlizi kimi iri layihələr reallaşdıran Azərbaycan ilə sıx əməkdaşlıq qurmağa çağırıb.

Sonda dövlətimizin başçısı Macarıstanın yerləşdiyi regionda müstəqillik rəmzi olduğunu bildirib və bu uğurlar münasibətilə təbriklərini çatdırıb.

Macarıstanın Baş naziri Viktor Orban hazırda bütün bəşəriyyətin çətin dövr yaşadığını, dünyanın bir çox yerində münaqişələrin olduğunu vurğulayıb. 2008-ci ildən hökm sürən iqtisadi böhranın Macarıstana təsirindən danışıb. Viktor Orban Azərbaycan ilə Macarıstan arasında biznes əlaqələrinə toxunub, ölkələrimizin əməkdaşlıq naminə birgə addımlamaqda qərarlı olduğunu bildirib.

Azərbaycanın dünyəvi dövlət olduğunu, həm ölkəmizdə, həm də Macarıstanda ənənəvi dəyərlərə böyük önəm verildiyini deyən Viktor Orban respublikamızın iqtisadi baxımdan böyük nailiyyətlər əldə etdiyini söyləyib.

“Azərbaycanın enerji resurslarından istifadə etməklə digər sahələrdə inkişafın təmin olunmasında böyük nailiyyətləri var”, - deyən Viktor Orban imzalanan sazişlərin əhəmiyyətini vurğulayıb.

O, “Cənub” qaz dəhlizinin inşasının önəmini qeyd edib. Azərbaycan qazının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını deyib. “Azərbaycan bizim üçün dost ölkədir”, - deyən Macarıstanın Baş naziri Avropa İttifaqı və Avrozonanın gələcəyi ilə bağlı fikirlərini də bölüşüb.

Forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeni və innovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstəklə bağlı müxtəlif sənədlər imzalanıb. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban birgə nahar ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR