• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanda inflyasiya niyə və nə qədər sabitdir?

Azərbaycanda inflyasiya niyə və nə qədər sabitdir?

Neftin ucuzlaşması ilə əlaqədar, dünya bazarlarında yanacağın qiyməti aşağı düşür. Buna uyğun olaraq bir çox istehlak mallarının da qiymətləri enir. Xüsusən də ərzaq məhsullarının... Azərbaycanda isə ərzağın qiyməti ötən ay bəlli olduğu kimi yüksəlib. Elə indinin özündə ərzaq məhsullarının qiymətlərində bahalaşmaya meyil var. Odur ki, sual yaranır ki, bu, nəylə bağlıdır?

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayı ərzində oktyabr ayı ilə müqayisədə 0,1, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb. Oktyabr ayına nisbətən noyabrda ərzaq məhsulları 0,2 faiz bahalaşsa da, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tariflərisə əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumiyyətlə, ilin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1, qeyri-ərzaq mallarının 3,5, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.

Noyabr ayı ərzində mal, qoyun və toyuq ətləri, balıq məhsulları, limon, portağal, naringin, alma, heyva, nar, xurma, kələm, göyərti, baş soğan, kök, çuğundur kimi məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunduğu halda, buğda unu, əla növ çörəyi, düyü, qarabaşaq yarması, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə və zeytun yağları, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, kartof, sarımsaq, duz, şəkər tozunun qiymətlərində bahalaşma qeydə alınmışdır.

Qısa desək, il sona yaxınlaşdıqca 2014-cü ildə inflyasiyanın hansı səviyyədə qeydə alınacağı ciddi maraq doğurur. Keçən il ölkədə istehlak qiymətləri indeksi 2,4 faizlə yekunlaşmışdı ki, başa çatmaqda olan cari il üçün isə Azərbaycan Mərkəzi Bankı (AMB) 3,5 faiz inflyasiya proqnozlaşdırıb.

2012-ci ildə ölkəmizdə inflyasiya 1,1, 2011-də 7,9, 2010-da 5,7, 2009-da isə 1,5 faiz qeydə alınmışdı ki, 2009-cu ildən bəri ölkədə o, birrəqəmli səviyyədə əldə olunur. Hansı ki, hökumət bunu qoruyub saxlamağa çalışır. Çünki mövcud makroiqtisadi sabitlik naminə bu, vacib sayılır. 2008-ci ilin yekununa görə isə 20,8 faiz inflyasiya qeydə alınmışdı.

Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, Azərbaycanda real iqtisadi vəziyyətin yaxşı olduğunu göstərən amillərdən biri əhalinin gəlirlərinin artım səviyyəsinin istehlak qiymətləri indeksini – inflyasiyanı üstələməsidir. Bu vəziyyət neçə ildir ki, davam edir. Bunun iki səbəbi vardır. Birincisi, ölkəmiz inflyasiyanın aşağı səviyyədə olmasına görə dünyada liderdir, ikincisi isə ölkə vətəndaşlarının pul gəlirləri zəif templə də olsa hər il artır. Məsələn, ötən il bizdə inflyasiya göstəricisi 2,4 faizə bərabər oldusa, dünya üzrə bu göstərici 3,6 faiz təşkil etmişdi. Elə cari ilin yanvar-noyabr ayları ərzində əldə olunan 1,5 faizlik inflyasiya səviyyəsi də 2014-cü ildə də sözügedən tendensiyanın qorunub saxlandığını göstərir.

Təkrar edirik ki, hökumət 3,5 faiz proqnozlaşdırıb.

Ancaq əhalinin gəlirləri də artır. Son statistikaya əsasən, 2014-cü ilin yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatmışdır. Gəlirlərin 69,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 30,6 milyard manat məbləğində gəlir qalmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artıqdır.

Bəs ərzağın qiymətinin artmağa meyilli olması nəylə əlaqədardır?

Ərzağın qiymətinin artmağa meyilli olması bir neçə səbəblə bağlıdır. Əvvəla, kənar ölkələrdə neftin ucuzlaşması ilə əlaqədar ölkəyə inflyasiya idxalı yaranmış, ikincisi isə, bizdə yanacağın qiyməti ucuzlaşmayıb. Üçüncüsü də, qeyd etdiyimiz kimi, ölkədə əhalinin gəlirləri yüksəlməkdədir.

Bu siyahını uzatmaq da olar. Lakin iş ondadır ki, sadaladığımız amillər ciddi xarakter kəsb edir. O mənada ki, bunlar bahalaşmanın növbəti ildə də davam edəcəyi üçün stimul yaradır. Ölkədə qeyri-neft sektorunun istənilən səviyyədə inkişaf etməməsi neftin ucuzlaşması faktını dolayı yolla əleyhimizə işlədir ki, əhalinin gəlirlərinin artması ölkədə ərzaq istehlakını genişləndirir.

Bu mövzuda əvvəlki şərhimizdə də sual etmişdik ki, əhalinin gəlirləri artdıca, görəsən, ərzaq istehlakı niyə artır? Əhalinin gəlirlərinin daha çox hissəsinin ərzağa xərclənməsi qiymət artımı ilə əlaqədar deyilsə, o zaman natural və yaxud həcm etibarilə artım təbii olaraq ciddi sual doğurur.

Məsələ bundadır ki, bu, əhalinin gəlirləri ilə də bağlı məsələ deyil. Xarici ölkələrin təcrübəsi sübut edir ki, ölkələrdə əhali tərəfindən ərzağa xərclənilən vəsait heç də onların real pul gəlirləri ilə bağlı deyil. Məsələn, ABŞ əhalisi gəlirləri baxımından əksər ölkələrin əhalisindən üstün olsa da, ailə büdcəsindən evdən kənarda yemək də daxil olmaqla 15 faizə yaxın pul xərclənir.

Azərbaycana gəldikdə isə gəlirlərin təxminən 70 faizi son istehlaka sərf olunur. Bu isə o deməkdir ki, ölkəmizdə ərzaq məhsullarına yüksək tələb mövcuddur. O zaman, istehlak qiymətləri indeksi – inflyasiya da bizdə, deməli, yüksəlməyə meyillidir. Və əhalinin gəlirlərinin onu üstələməsi həm də hökumətin bilavasitə sözügedən göstəricini “basqı” altında saxlamasının nəticəsi hesab olunur. Bu isə idxala rəvac verən amillərdəndir.

Yeri gəlmişkən, növbəti il – 2015-ci il üçün Azərbaycanda bu ildəkindən də az – 2,3 faiz inflyasiya proqnozlaşdırılıb. Bizcə, bunu qorumaq çətin olacaq. Əvvəla, ona görə ki, ölkəyə inflyasiya idxalı mövcuddur. İkincisi isə, neftin ucuzlaşması ilə əlaqədar manatın alıcılıq qabiliyyətinin azalması ehtimalı var ki, neftə görə Rusiyada milli pul vahidinin - rublun sürətlə dəyərdən düşməsi iqtisadiyyatı “qara qızıl”dan, o cümlədən dövlət gəlirləri məhz onun qiymətindən asılı olan bütün ölkələr üçün xarakterikdir. Belə ki, real olaraq Azərbaycan manatının da dəyərinin ucuzlaşması təhlükəsi var. Manatın ipini əvvəl “sakit dayandığı” üçün əgər, sərbəst buraxmaq mümkün idisə, indi əksinə, “üzüaşağı dartınmağa” başladığı üçün onu bacardıqca möhkəm saxlamaq zərurəti yaranıb.

Üçüncüsü isə, ölkə Prezidentinin tələbi ilə gələn il kredit faizləri aşağı salınacaq. Bu isə baş tutarsa, istehsal və ixracın stimullaşması inflyasiyanı istər-istəməz yüksəldəcək. Çünki ötən yazılarımızda da qeyd etmişik ki, ixracı stimullaşdırmağın ən real yolu mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsindən keçsə də, bizdə bu, mexanizm işləmir. AMB rəhbərliyi də əvvəlki illərdə etiraf etmişdir ki, uçot dərəcəsi makroiqtisadi proseslərə təsir etmədiyi üçün məsələn, sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz.

Odur ki, 2015-ci ildə ola bilsin ki, müəyyən bahalaşma ilə üzləşək.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR