Yaraşıqlı aparıcıdan etiraf: “O xanımı dəlicəsinə sevirdim” - Fotolar
Bizi izləyin

Layihə

Yaraşıqlı aparıcıdan etiraf: “O xanımı dəlicəsinə sevirdim” - Fotolar

Şəhriyar Əbilov: “O xanımı dəlicəsinə sevirdim”

Tabloid.az-ın "Kokteyl" layihəsinin bu həftəki qonağı ATV-nin sevimli siması, özünəməxsus üslubu ilə seçilən, xarizmatik və yaraşıqlı aparıcı Şəhriyar Əbilovdur.

- Məşhurluğu qoruyub saxlamaq çətindir. Siz populyarlığınızı itirməmək üçün nə edirsiniz? Ümumiyyətlə, insanların xoşuna gəlmək üçün nə edirsiniz?

- Tanınmağımın ən böyük səbəbi ATV kanalında "Qəfəs" realiti şouda iştirak etməyimdir. O zaman məşhur olmaq indiki kimi asan deyildi. İndi sosial şəbəkələr tanınmağa çox kömək edir. 10 il bundan əvvəl Azərbaycanda sosial medianın gücü zəif idi, amma o veriliş bizi hamıya tanıtdırdı.

"Qəfəs" realiti şoudan sonra uzun müddət görünmədim. Müxtəlif restoranlarda şou proqramlarda aparıcı kimi çıxış edirdim. Dəfələrlə televiziyalara layihələr təqdim edirdim. Amma qəbul etmirdilər, təkliflərim daim rədd edilirdi.

Lakin kanalın rəhbərliyi dəyişdikdə özümdə cəsarət tapıb yenidən müraciət etdim. Bir həftə sınaq müddətindən sonra İlkin Həsəni, Samirə Mustafayeva, Lalə Azərtaş kimi aparıcılarla birlikdə canlı efirə çıxdım. Aparıcı olmağı qarşıma məqsəd qoyduğum üçün illərlə səbir edərək öz istəyimə çatdım. Cəmisi bir il ərzində 10 ildir aparıcı kimi fəaliyyət göstərən insanların sırasına qatıldım. Bunun üçün həqiqətən də səbirli və əzmkar olmaq lazımdır.

Kiminsə bəxti gətirib ulduz ola bilər. Amma onu qoruyub saxlamaq çətindir. Məşhurluq illərlə çəkilən əziyyətin nəticəsidir. Onu qorumaq üçün hər bir aparıcı öz öhdəsinə düşən vəzifələri yerinə yetirməlidir. Mütaliə etmək, daha çox savadlanmaq, dünya görüşünü artırmaq lazımdır. Başqalarından fərqlənməlisən, heç kimi təkrarlamamalısan. Təəssüf ki, bir neçə dəyərli aparıcıları çıxmaq şərti ilə indi efirdə olanların əksəriyyəti başqalarının üslubunu, tərzini təkrarlayırlar. Məncə, sevilməyin birinci şərti fərqlənməyi bacarmaqdır.

- Öz məqsədlərinə çatmaq üçün təmkinli, yoxsa emosional olmalısan?

- Daxilən çılğın olmaq lazımdır, amma iş prosesinin keyfiyyətli olması üçün səbir böyük rol oynayır. Əgər sən səbirlisənsə, özünə inanırsansa, istəklərinə çatacaqsan. İnsanın arzuları bir istiqamətdə olmalıdır, həm də potensialı ilə üst-üstə düşməlidir. Yaxud da öz potensialını inkişaf etdirməlidir, daim çalışmalıdır. Nə istədiyini bilməyən insanlar həyatdan daha çox şey arzulayır və nəticə uğurlu alınmır.

- Xoşbəxt olmağınız üçün daha nə çatışmır?

- Sözün əsl mənasında xoşbəxt olmaq üçün yarımı tapmalıyam. Çünki 36 yaşım var, hələ də subayam.

- Sevə biləcəyiniz xanım necə olmalıdır?

- Yaradıcı, yaxşı dost, gözəl insan və mənə dəstək olmalıdır. Həyat eşqimi, stimulumu artırmaq üçün mənə sevgi lazımdır.

- Bəlkə siz ideal birini axtarırsınız, ona görə yarınızı tapmaqda çətinlik çəkirsiniz.

- İdeal insan yoxdur, sadəcə ilk baxışda vurula biləcəyim ruh əkizimi tapa bilmirəm. Ona baxan kimi anamın gəlini, gələcək uşaqlarımın anası ola biləcəyini hiss etməliyəm. Hələ ki, bu hissi mənə yaşada bilən xanımla qarşılaşmamışam.

- Məşhur yazıçı Remark deyir ki, "Tənhalıq, sevgisiz yaşamaq qadın üçün lənət kimidir...". Bəs tənhalıq kişi üçün nə deməkdir?

- Tənhalıq kişi üçün ac-susuz səhraya səfərə çıxmış bədəviyə bənzəyir. Ən dəhşətlisi də bu səhranın sonu, ucu-bucağı görünmür. Hara gedir? Niyə gedir bilinmir? İnsan hər zaman yanında ona su verən birinə ehtiyac duyur. O, su insana enerji verir. Su insan orqanizmi üçün nə qədər vacibdirsə, yar da insana o qədər lazımdır. Ümumiyyətlə, tənha olmaq ölümə bərabərdir. Qəbirdə onsuz da tənha olacağıq. Bu həyatda isə sevdiklərimiz yanımızda olmalıdır.

- Həyatınızdakı bu boşluğu nə ilə doldurursunuz?

- Dostlarım, işim özümü tənha hiss etməyə qoymur. Başım yaradıcılığıma qarışdığı üçün tənha olduğuma görə depressiyaya düşmürəm. Efirdən, işimdən böyük həzz alıram. Efirə əslində pul qazanmaqdan daha çox öz işimdən zövq aldığım üçün çıxıram. Səhnəyə çıxanda sanki başqa bir aləmdə oluram. Səhnə mənim üçün dünyada ən uca yerdir. Maşına benzin lazım olduğu kimi, mənim ruhumun da səhnəyə ehtiyacı var. onsuz mən ölə bilərəm.

- Sevgi sarıdan bəxti gətirməyən insanlar yenidən vurula bilmir. Qəlbini heç kimə etibar etmir. Bəlkə unutmaq istəyib də unuda bilmədiyiniz biri var?

- Əlbəttə ki, sevgidə bəxtin gətirməyəndən sonra kiməsə asanlıqla vurula bilmirsən. Amma unutmaq istəyib də unuda bilmədiyim biri yoxdur. Artıq 10 ildir ki, heç kimi sevmirəm. 2005-ci ildə nişanlı olmuşam, həmin xanımı dəlicəsinə sevirdim. Lakin mənə qarşı etdiyi səhvlər, mənfi cəhətləri və xainlikləri üzündən ayrılmalı olduq. Onun bu hərəkətləri məni uzun müddət xanımlara qarşı kəskin nifrət hiss etməyimə səbəb oldu. Ondan sonra qadınlara olan güvənim itmişdi. Amma zamanla bir insana görə bütün bəşəriyyətə nifrət etməyin mənasız olduğunu anladım. Məsələn, valideynlərim 36 ildir ki, evlidir və bir-birinə inanılmaz dərəcədə sədaqətlidirlər. Anam atamın kasıb və dövlətli günlərində hər zaman yanında olub. Eyni zamanda çox güclü, ağıllı, ziyalı xanımdır. Həyatda belə xanımlar olduğu halda niyə görə əks cinsə qarşı olan inamımı itirməliyəm ki?

Ümumiyyətlə, Qız bürclərindən olan insanlar sevgidə gec uğur qazanırlar. İstədiklərini tapmaqda çətinlik çəkirlər.

- Sizə evlilik təklif edən xanım olub?

- Evlilik təklif edən xanımlar çox olub, hətta övladına ata olmağımı da xahiş ediblər.

- Sizcə, qadının kişiyə sevgisini elan etməsi nə dərədəcə düzgündür?

- Sevginin sərhədləri yoxdur, sevgi dəlilikdir, sevginin öz qanunları var. Həqiqətən də sevən insan üçün qürur və ayıb yoxdur. Ancaq dəlicəsinə sevən insan ilk addımı atmağa, içindəki qışqırığını etiraf etməyə razı ola bilər, bu cəsarəti özündə tapa bilər. Qarşılığı olmayanda isə insana əzab verir. Əgər qarşılığı yoxdursa, sevgisini etiraf edən insanlardan uzaq gəzməyə çalışıram.

- Etirafların hamısının səmimi olduğuna inanırsınız?

- Belə hallarda yaşım və təcrübə öz sözünü deyir. İnsanın səs tonundan, danışıq tərzindən artıq onun səmimi olub-olmadığını hiss edirəm. Qadınlar heç zaman evlilik təklik etmir. Görün nə dərəcədə sevir ki, kişiyə evlilik təklif edir?

- Yəni, insan sərrafısınız?

- İllər ötdükcə həyatımda yaşanmış problemlər, çətinliklər, haqsızlıqlar insanları tanımağı asanlaşdırıb. İnsanın danışığı, düşüncəsi ilə tanış olandan sonra, yaxud başını qaşımağından, baxışından, səs tonundan yalan danışdığını müəyyən etmək olur.

- Nişanlınızdan ayrılandan sonra özünüzü necə toplaya bildiniz? Ayrılıq acısından xilas olmaq üçün nə etmək lazımdır?

- Başqa insanlarla yaxşı münasibət, yeni tanışlıqlar ayrılıq acısından xilas edir. Həmçinin insan özü güclü olmalıdır. Mən bir neçə ay kontuziyalı gəzdim, özümdə deyildim. Zamanla sakitləşdim.

- Sizcə, qısqanclıq şeytan əməlidir?

- İnsan əməli şeytandan daha təhlükəlidir. Sevdiyim xanımı güvəndiyim, ya da sözümdən çıxdığı halda qısqana bilərəm. Kişi sevdiyi xanım sarıdan rahat olmalıdır. Qısqanc adamlar çox zaman qorxanda və özünə güvənməyəndə qısqanırlar. Bəzən də şübhələr insanı qısqanmağa vadar edir. Xanımlara qarşı çox diqqətliyəm, amma zəhlətökən dərəcədə qısqanc insan deyiləm, azad buraxmağı sevirəm. Azad olanda insan özünü daha tez və yaxşı tanıdır.

- Həyatınızda nəyi dəyişmək lazımdır?

- Həyatı maraqlı yaşamaq üçün dəyişiklik şərtdir. İnsan hər gün, hər saat, hər dəqiqə onu müsbət tərəfə doğru dəyişdirə biləcək yeni nələrsə öyrənməlidir. Ancaq yaxşılığa, müsbət tərəfə doğru dəyişmək istərdim. Bir də tənhalığımı...

- Od olmayan yerdən tüstü çıxır?

- Tüstü bəzən yalançı, fırıldaqçı, boş və mənasız adamların ağzından da çıxa bilər.

- Yad planetli ilə qarşılaşsanız, ilk olaraq nə edərsiniz?

- Qorxaram. Onun görünüşündən də asılıdır. Eybəcər bir bədheybət olsa, əlbəttə ki, qorxub qaçaram. Gözəl xanım cildində gəlsə, tanış olaram. (Gülürük)

- Səhər yuxudan oyanıb özünüzü harda görmək istərdiniz?

- Hanısasa bir adada, gözəl xanımın yanında...

- Romantik insan olduğunuz hiss olunur. Bu sentimentallıq həyatda sizə mane olmur ki?

- Gündəlik həyatımda romantik deyiləm.

- Ən pis 3 xüsusiyyətiniz hansıdır?

- İnsanlara tez inanmaq, özəl sirlərimi gizlədə bilməməyim və tənbəllik. Kənardan tənbəl görünməsəm də, özümə qarşı çox tələbkaram.

- Hazırda Allahdan dilədiyiniz ən böyük arzunuz nədir?

- Anamın, atanım, bacılarımın sağlam və gümrah olmasıdır. Daha sonra "Oskar" mükafatını qazanmaq da mənim ən böyük arzularımdan biridir. Heç kimin edə bilmədiklərini edə biləcəyim, fərqli, individual obraza çəkilib, vətənimi sevən və xalqımın sevilən personajına çevrilmək istərdim.

- "Xoxan" sizin çəkildiyiniz ilk film idi?

- Bəli, ilk dəfə idi ki, tammetrajlı filmə çəkilirdim. Demək olar ki, ayağım düşərli oldu. Azərbaycan film tarixində ən çox pul qazanan, rekord vuran, ən çox uğur qazanan film oldu. Sevindirici haldır ki, tamaşaçıların ən az irad bildirdiyi film də "Xoxan"dır.

- Başqa film təklifləri gəlib?

- Artıq iki film təklifi gəlib, onları müzakirə edirik.

- Bəs seriallarda çəkilməyi düşünürsünüz?

- Seriallarda çəkilmək təklifi də gəlib. Amma ssenarisini bəyənmədiyim üçün etiraz etmişəm. Aktyor özünü bir rolla məhv edə bilər, ya da kiçik bir rolla böyük uğur qazana bilər. Bu baxımdan imici qorumaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm