40 kilo arıqlayan müğənni: “Üçüncü evlilik üçün gəlinliyimi qızımla seçəcəyik” - FOTOLAR
Bizi izləyin

Layihə

40 kilo arıqlayan müğənni: “Üçüncü evlilik üçün gəlinliyimi qızımla seçəcəyik” - FOTOLAR

Türkiyənin ən məşhur müğənnilərindən olan İşın Karaca güclü səs tembri ilə digər həmkarlarından fərqlənir. Ancaq son günlər səsi ilə deyil, çəkisiylə gündəmdə olan müğənni hamiləlikdə aldığı artıq çəki ilə uzun müddət mübarizə aparmalı olub. Nəhayət, bu mübarizə cərrahiyyə əməliyyatı ilə yekunlaşıb. Belə ki, köklüyün sağlamlığını böyük təhlükə altında qoyduğunu başa düşən kimi bariatrik cərrahiyyə etdirib və nəticə ilə hamını heyran qoyub. Qısa zamanda 105 kilodan 65 kiloya düşüb.

İşın Karaca ideal çəkiyə qovuşduqdan sonra həyatında nələrin dəyişdiyini "HT MAGAZİN"ə danışıb. Müsahibədə sevgilisi Toğrul Odabaşla ailə qurmaq planlarından tutmuş yeni bir albom çıxaracağı barədə xəbərədək bir çox mətləblərə toxunub.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində həmin müsahibəni təqdim edir:

- Həyatınızda nə baş verir?

- Arıqlamağa davam edirəm, övladımı böyüdürəm. Yay üçün bir sinql çıxarmağı planlaşdırıram. Bilirəm ki, dinləyicilərim çox darıxıblar. Ona görə də, bomba kimi qayıtmağı düşünürəm. Rəqs dərslərinə gedirəm. Çox iddialıyam.

- Rəqs öyrənmək ağlınıza haradan gəldi?

- Xarici artistlərə baxıram, professional rəqqaslardan da yaxşı rəqs edirlər. Biz isə iki dəfə çiynimizi oynadan kimi elə bilirik ki, möhtəşəmik. Ancaq elə deyil. Əvvəllər İzel yaxşı rəqs edirdi, Handə Yener də bu sahədə yaxşıdır.

- Rəqs etsəniz, arıqlayıb 45 kilo olacaqsınız.

- Elə bir məqsədim yoxdur. Çünki bir səhər anam mənə dedi ki, "Qızım daha bəsdir, arıqlamağını istəmirəm". Qulaqlarıma inana bilmədim. Bu nağıla 105 kilo olanda başlamışdım, indi 65 kilodayam. Doktorum deyir ki, biraz da çalışsam, 60 kiloqrama enə bilərəm. Onsuz da artıq yaydır. Hər gün üzürəm. Qızımı yay məktəbinə aparıb-gətirirəm. Yayda heç nə eləməsəm belə, arıqlayıram. Görək, toya kimi nə qədər arıqlayacağam.

- Çəki atmağınızla bağlı son günlər gündəmdə olsanız da, musiqi baxımından arxa plandasınız. Bu, öz seçiminizdir?

- 2001-ci ildən bu günə kimi öz tərzimdən kənara çıxammamışam. Populyar olacaq, hitə çevriləcək mahnılar oxumuram. Buna baxmayaraq, 15 il öncə oxuduğum "Yetinmeyi bilirmisin?" və "Tutunamadım" mahnıları hələ də çox sevilir. Populyarlıq dalınca qaçmıram. Səmimi olmaq insanın ən böyük mükafatıdır. Heç vaxt özümlə bağlı şişirdilmiş məlumatlar verərək öyünməmişəm. Bilirəm ki, dinləyicilərim keyfiyyətli musiqiyə önəm verirlər.

- Hamı konsertlərinin sayı ilə fəxr edir. Bu aralar siz də konsertlərinizin sayını çoxaltmısınız. Ancaq, nədənsə, sosial şəbəkələrdə paylaşmırsınız.

- Xalq konserti olsa, mən də şəkillərimi çəkdirib paylaşaram. Hər səhnə çıxışımı konsert kimi qələmə verə bilmərəm. Bir DJ dostumu və 2 rəqqasımı götürüb səhnəyə çıxmağı, pulları cibimə doldurmağı mən də bacararam. Ancaq bunu özümə yaraşdırmıram. Mən 40 nəfərə çörək yedizdirməyi seçirəm. Çalışıram ki, konsertlərin sayı az da olsa, canlı oxuyum, yanımda ansamblım olsun. Fonoqramla oxuyacaqdımsa, dinləyicimi niyə hansısa məkana toplayım? Ondansa, mahnımı telefonda dinləsinlər, şəklimi də qoyub baxsınlar, konsertə nə ehtiyac var ki? Mənə çox qəribə gəlir... Fonoqramla oxuyanlara hörmət edə bilmirəm. Hətta gecə klublarında belə canlı oxuyanlar var.

- Bəziləri yalnız onunla işləyən şair və bəstəkar tapmaq yarışına girib. Bu barədə nə düşünürsünüz?

- Hamı hamıyla işləyə bilər. Bunu başa düşsək, daha yaxşı insanlar ola bilərik. İndi bəziləri tək bir bəstəkarı özününküləşdirir. Bəs, biz kiminlə işləyək? Qəribə vəziyyətdir. Mən bir mahnı yazanda Ziynət Saliyə zəng edib deyirəm ki, "Bu mahnı sənə çox uyğundur". Ya da Soner Sarıkabadayı mənə zəng edib deyir ki, "İşın, tam sənə uyğun bir mahnı var". Bizdə işlər belə gedir.

- Belə başa düşürəm ki, musiqi sektorunun vəziyyəti yaxşı deyil.

- MÜYORBİR-in (Musiqi ifaçılarının peşə birliyi) axırıncı iclasında iştirak etmədim. Çünki heç bir hüququmuzu qorumurlar. Mən musiqiçiyəm və təlif haqqım ödənsə, onunla keçinib gedərəm. Bu ölkədə 5 nəfər yaxşı müğənni varsa, onlardan biri mənəm.

- O biri 4 nəfər kimdir?

- Funda Arar, Kənan Doğulu, Kibariyə və Mine Koşan.

- Yeni simalar üzə çıxmır. Səbəbi nədir?

- Şərait yaradılmır. Köhnələr yenilərin rəqabətindən çəkinirlər. Albomları yaxşı satılsa da, konsert verməyənlər var. Mikrafonu alıb mahnı oxuya bilmədikdən sonra belələrinin səhnədə nə işi ola bilər ki?

- Adətən, arıqlayan məşhurların çimərlik geyimində fotoları çox rəğbət görür. Bu yay paparassilər sizi çimərlikdə çəkə biləcəklər?

- (Gülür) Bəlkə də çəkə bildilər. Bunun qarşısını almaq mümkün deyil. Ancaq özüm çəkib "İnstaqram"da paylaşmaram. Bunu doğru hesab etmirəm.

- Toy nə vaxtdır?

- Bu ayın sonlarında evlənməyi düşünürük. Artıq elçilik mərasimi baş tutub. Toğrul məni öncə anamdan, sonra da qardaşımdan istəyib.

- Qəhvə bişirdiniz?

- Yox, onlar öz aralarında danışıb qərar verdilər. Dedim ki, "axı məndən soruşmadınız". "Dedilər ki, sənə söz demək düşmür, səni alan alıb". Nikahda kəramət olduğunu düşünürəm. Uşaqları olan bir qadınam, 3 aydan bir sevgili dəyişmirəm. Ona görə də, bu yay evlənmək istəyirəm.

- Toğrul bəylə necə yola gedirsiniz?

- Adamla dava edə bilmirəm. Dava üçün əsas yaratsam da, alınmır. Elə bil ki, sinirlərini kəsib götürüblər. Heç qısqanmır da. Ötən dəfə məndən bir şey xahiş etdi. Dedim ki, "eləməyəcəyəm". O da dedi ki, "Eləməsən, yan tərəfdəki maşında oturan qadına baxacağam". Mən də ondan geri qalmadım, dedim ki, "Baxsan, mən də adamlara baxacağam". Amma ikimiz də baxa bilməyəcəyimizi bilirdik. Başladıq gülməyə.

Toğrul mənim dinclik tapdığım insandır. Bir dəfə maşında idik. "Sən mənə aşiqsən?", - deyə soruşdum. Üzümə baxdı. "Əgər elədirsə, eşqi mənə izah elə", - dedim. Köməkçim Sevda da yanımızda idi. Toğrul yol boyu mənə eşqi o qədər gözəl təsvir elədi ki. Yolun sonuna çatanda isə "İndi də sən mənə izah elə", - dedi. "İndi düşünə bilmirəm, sonra başa salaram", - dedim. Sabahı gün yenidən soruşdu. Mən də ona dedim ki: "Həyatımda dinclik, sədaqət, güvən var. Gözümü yumuram və bilirəm ki, ayağımın altını qazan yoxdur. Çox kədərlənib ağlayanda, buna görə məni qınamırsan. Çünki mənim dostumsan, pis günün dostu. Qırx yaşımdan sonra bu dincliyi, gerçək sevgini tapdığım üçün çox xoşbəxtəm".

- Toyda geyinəcəyiniz gəlinliyi seçmisiniz?

- O mövzuda qərarsız qalmışam. Gəlinliyi qızım Mia ilə birlikdə seçəcəyik. Onunla birlikdə gəlinlik reklamları ilə dolu olan jurnallara baxırıq. O da toyda gəlinlik geyinmək istəyir. Mənim bəyəndiyimi o bəyənmir, onun bəyəndiyini də mən bəyənmirəm (Gülür).

- Necə bir toy planlaşdırırsınız, sadə, yoxsa dəbdəbəli?

- Bizi istəyən hər kəs orada olacaq. Ad günümdə Toğrul möhtəşəm bir sürpriz hazırlamışdı. Gecə 01:00-da konsertdən gəldim. Evin qapısında məni kameralar qarşıladı. Sonra bağçaya keçdik. Burada isə məni gözəl hədiyyə gözləyirdi: beşli qızıl dəsti, sevgi məktubu və gəlinlik.... Toğrul burada mənə təkrar evlilik təklifi etdi. "Sevemez kimse seni" adlı mahnını oxudu. Həmin görüntülərdən "Love story" hazırladacağam. Siz də izləyə biləcəksiniz.

- Sizinki inanılmaz bir eşqdir...

- Sağlamam, xoşbəxtəm. Övladlarım məni heç məyus etməyiblər. Çox şükür ki, 40 yaşımdan sonra həyatıma dinclik gəldi. Yaşamağıma yetəcək qədər pul da qazanıram, bundan yaxşı həyat ola bilməz.

- Miaya evlənəcəyinizi necə açıqladınız?

- Mia ötən gün dedi ki, "Ana mənim niyə balaca bacım, qardaşım yoxdur? Bacı istəyirəm". İndidən sifariş verib. Boşanmış bir ailənin uşağı olmaq asan deyil. Çox ağıllı və açıqürəkli uşaq olsa da, davranışlaırnı bir pedaqoqla paylaşıb mütəmadi məsləhətlər alırıq.

- Anasına oxşayıb...

- Hə, eynilə mənə oxşayır. Mən də ağına-bozuna baxmadan sözümü üzə deyirəm. 3 yaş yarımlıqdır, ancaq böyük adamlar kimi danışır. Allah qızımı qorusun.

- Bəs üçüncü uşaq istəmirsiniz?

- Bariatrik cərrahiyyədən sonra həkimlər bir müddət hamilə qalmamağı tövsiyə etdilər. Toğrul deyir ki, "Bir daha hamilə qalmaq istəməsən, başa düşərəm. İki övladın var, ikisinin də başımın üstündə yeri var". Allah ondan razı olsun. Bir də, Mia hələ çox balacadır. Biraz özümüzə gələk, sonra üçüncü uşaq haqqında düşünərik.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm