Televiziyanı vəzifəyə dəyişən aparıcı: “Bir az utancağam, tez qızarıram” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Televiziyanı vəzifəyə dəyişən aparıcı: “Bir az utancağam, tez qızarıram” - MÜSAHİBƏ/FOTOLAR

Həmsöhbətim keçmiş aparıcı Anar Nəcəflidir. Onu daha yaxından tanımağa çalışacağıq. Karyerasına xəbər aparıcısı kimi başlayan Anar Nəcəfli hazırda "Azəryolservis"in mətbuat katibliyinin sədri kimi fəaliyyət göstərir. Onu da deyək ki, bir müddət öncə özünü aktyor kimi də sınayıb.

Publika.az-a müsahibə verən Anar Nəcəfli işdən başqa hər şeydən danışdıq - geyim zövqündən tutmuş, ta komplekslərinə qədər...

- Anar müəllim özünüzü aktyor kimi də sınadınız.

- Dramaturq Ramiz Abdullayevin "Biznesmen" əsəri əsasında çəkilən eyniadlı filmdə baş rolda oynamışam. Filmdə tanınmış aktyor və aktrisalarımız, müğənni və aparıcılarımız rol alıb. Filmin rejissoru Nail Naiboğludur. Qeyd edim ki, bu həm mənim üçün, həm də Nail Naiboğlu üçün debütdur.

- İnsanlar sizi xəbər aparıcısı kimi tanıyıb seviblər. Maraqlıdır ki, adınız hər zaman ən peşəkar aparıcılar sırasında çəkilib. Buna necə nail olmuşdunuz?

- Əsl aparıcı tamaşaçı sevgisini qazanmalıdır və mən də illər boyu bu sevgini qazanmağa çalışdım. Həmişə çalışdım ki, öz adıma işləyim və belə demək mümkünsə, tutuzdurum. Çalışdığım müddətdə tamaşaçı zövqünü nəzərə almışam.

İlk dəfə işə ANS-də başlamışam. Daha sonra radioda fəaliyyət göstərmişəm, ondan sonra isə xəbər aparıcısı olmuşam. İlk dəfə efirə çıxanda mənim haqqımda deyirdilər ki, guya mən özümü hansısa Rusiya və digər əcnəbi aparıcılara bənzədirəm. Əslində, mən özümü heç bir aparıcıya bənzətməmişəm. Aparıcı gərək özü olsun. Özü olmasa, heç bir aparıcı özünü sevdirə bilməz.

- Heç xəbər aparıcı olduğunuz müddətdə canlı yayımda ekstrimlərlə qarşılaşmısınız?

- Canlı yayımda hər şey olur. Bir dəfə efirdə müəyyən texniki nasazlıqlar vardı, canlı yayım zamanı operator arxadan kadra düşmüşdü. Heç özünün də bundan xəbəri yox idi, nəticədə çox gülməli bir vəziyyət yaranmışdı.

- Elə bir aparıcı varmı ki, efirdə onu görəndə səndə qıcıq doğurur?

- Olur niyə olmur ki… Bu gün televiziyalarda belə aparıcılar çoxdur.

- Məsələn, sizdə ən çox qıcıq doğuran nədir?

- Aparıcı gərək özü olsun, kiməsə özlərini bənzətməsinlər. Özlərini kiməsə bənzədəndə süni alınır. Aparıcı süni olanda tamaşaçı bunu dərhal sezir.

- Xarakteriniz də göründüyünüz qədər, belə demək mümkünsə, zəhmlidir?

- Olur.

- Bəs geyimlərdə hansı üsluba üstünlük verirsiniz?

- Sözün düzü, daha ciddi geyimlərdə olmağı seçmirəm və idman üslubuna üstünlük verirəm. Gündəlik həyatda idman stilində geyinirəm. Amma iş həyatı ciddi geyimlərdə olmağa məcbur edir.

- Qarderobda ən çox hansı geyim elementinə üstünlük verirsiniz?

- Qalstukları çox xoşlayıram.

- Çoxdur?

- O qədər də yox.

- Brend olması necə? Ümumiyyətlə, geyim seçərkən brend həmişəmi sizin üçün önəmlidirmi?

- Önəmli deyil, mənim üçün əsas olan görünüşdür. O qalstuk iki manatlıq da ola bilər, on manatlıq, yüz manatlıq da. Onsuz da qıraqdan baxan adam gəlib markasına baxmır ki, görüm bu hansı brenddəndir. Əsas olan onun necə gözəl görünməsidir.

- Maraqlıdır, kompleksləriniz varmı?

- Kompleks, kompleks, qoy, bir az fikirləşim. Kompleksim budur ki, bir az utancağam. Bununla mübarizə aparmağa çalışıram. Hətta bəzən elə hallar olur ki, hər hansı söhbətlərdə tez qızarıram. İstəmərəm belə olsun. Məsələ burasındadır ki, bu utancaqlıq hissi keçib də getmir.

- Özünüzdə bəyənmədiyiniz xüsusiyyət bəs hansıdır?

- Var belə xasiyyətim, tez özümdən çıxıram.

- Məsələn, çılğın anınızda hər hansı bir qapını vurub, birdəfəlik çıxıb getmək-belə şeylər olur?

- Əslində, tez özümdən çıxmağıma rəğmən bir addımı atmazdan əvvəl xeyli götür-qoy edirəm, düşünüb-daşınıram.

- Heç düşünmədən atdığınız addımınızın ziyanını çəkmisiniz?

- Əlbəttə olub. İndiyə qədər belə hal çox olub deyə, artıq hər addımımı ölçüb-biçirəm.

- Maraqlı bir hobbiniz, əyləncəniz varmı?

- Son vaxtlar vaxt qıtlığından hobbiyə də zaman ayıra bilmirəm. Əvvəllər kitab oxumağı çox xoşlayırdım. Boş vaxtımı ancaq mütaliəyə həsr edirdim. Amma indi iş həyatı, uşaqlar-filan boş vaxt olmur.

- Görünüşünüz üçün özünüzə çox vaxt ayırırsınız?

- Sözün düzü, bura gələndə cəmi on-on beş dəqiqəyə tələsik geyinib çıxmışam. Özümə o qədər də vaxt ayırmıram.

Cəvahir Səlimqızı

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm