İlham Əsgərovu “Azdrama”ya niyə buraxmadılar? – SƏBƏBLƏR
Bizi izləyin

Magazin1

İlham Əsgərovu “Azdrama”ya niyə buraxmadılar? – SƏBƏBLƏR

Çox az qalıblar, barmaqla sayılacaq qədər. Təəssüf ki, onları da itirə-itirə gedirik. Dünən sayılıb-seçilən sənətkarlardan birini - xalq artisti İlham Əsgərovu da itirdik. Bu gün isə onun qarşısında son borcumuzdan çıxıb son mənzilinə yola salmalıydıq. Özü də uzun illər can qoyduğu, külüng çaldığı Akademik Milli Dram Teatrının səhnəsindən. Di gəl, son borcumuzu da layiqincə yerinə yetirə bilmədik. Xalq artisti son mənzilə elə öz mənzilindən köçəsi oldu. Niyə?

Çünki son imzasını hansısa tamaşaya görə yox, hansısa qarşıdurmaya görə atmışdı. Daha doğrusu, buna məcbur olmuşdu.

Çünki İlham Əsgərov və onun kimi qocaman aktyorlarımız son vaxtlar “Azdrama”da yaradıcılıq havasından çox, intriqalar burulğanında boğulurdular. Ancaq o, bu vəziyyəti dəyişmək istəyənlərdən oldu. Necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Səhnəyə çıxmaq həvəsi ilə alışıb-yanan akytorlar teatrın həyətində rinqə çıxmışdılar. Əsəblər elə gərilmişdi ki, söz güləşdirməyə səbirləri çatmır, artıq qol güclərini göstərməkdən özlərini saxlaya bilmirdilər. Nəhayət, bezib dövlət başçısından kömək istədilər. Həmin məktuba imza atanlardan biri də məhz İlham Əsgərov oldu.

Ancaq ürəyi bu intriqalara çox dözə bilmədi. Hələ bir neçə il əvvəl insult keçirən aktyor bu dəfə də infarktla “mükafatlandırıldı”.

Allah o biri aktyorları belə “mükafat”lardan sovuşdursun. Ölüm Allahın işidir, söz yox, amma deyəsən, gərginlik, stress içində yaşayan, yaradıcılıqla deyil, teatrdaxili intriqalarla uğraşan sənətkarlarımızın yarpaq tökümünə elə özümüz fərman veririk. Gəlin nəzər salaq: qarşıdurma ərəfəsində xalq artisti Rafiq Əzimovun şəkəri qalxdı, üstünə təcili yardım çağırıldı. Ramiz Məlikin yolu polis idarəsinə düşdü. Onsuz da səhhətində problemlər yaşayan Firəngiz Mütəllimova stressini yenilədi... hansı birini deyim…

Budurmu illər boyu efirdən-ekrandan izləyib, pərəstiş etdiyimiz sənətkarlara hörmətimiz-izzətimiz? Əvvəlcə, qoca damğası vurub, hamısını teatrdan pərən-pərən saldıq. Birinə şişman dedik, o birinə səhnədə yeriyə bilməyən axsaq… Rusiyada, lap Gürcüstanın özündə 90 yaşlı aktyor üçün xüsusi ssenarilər yazdırıb, kinoya çəkirlər, biz sənətkarlarımızı urvatsız edirik.

Biz birdəfəlik anlamadıq ki, sənətkarın yaşı olmur. Bax onları urvatsız edə-edə hamısını xəstəxanalıq etdik.

Olmazdımı, onları gərginlikdə, stressdə saxlayıb, yaradıcılıq əhval-ruhiyyələrini sıfıra endirməkdənsə, yeni rollarla sevindirərdik? Əlbəttə, olardı. Özü də bu yolla həm tamaşaçı qazanardı, həm də mədəniyyətimiz.

İndi isə əcəl bizdən qabağa düşüb, gəlib birini apardı, İlham Əsgərovla vidalaşdıq. O, son sözünü elə uzun illər çalışdığı teatrda dedi. Həm sənətkar kimi, həm də vətəndaş kimi. Amma biz onu başa keçirib qarşısında son sözümüzü deyə bilmədik!

Gəlin, heç olmasa, o birilərin dəyərini bilək, onları son mənzillik etməyək…

Gəlin, sənətkarlarımızın qədrini bilək ki, sonradan iki əlimiz, bir başımız olmasın.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm