• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bir qızın ağlatdığı Musa Yaqub: “İstəsəm də, onu öldürə bilmirdim...” - MÜSAHİBƏ/FOTOLAR

  • Magazin1
  • 27 Oktyabr 2015 13:45
  • 2 690 Baxış
Bir qızın ağlatdığı Musa Yaqub: “İstəsəm də, onu öldürə bilmirdim...” - MÜSAHİBƏ/FOTOLAR

Onunla çoxdan görüşməliydik. Amma şairin xəstəliyi buna mane olurdu. Axırıncı dəfə də "Buynuzdan qayıdandan sonra gələrsən bizə", - deyib vəd vermişdi. İsmayıllının Buynuz kəndində dincələn şairin dönüşünü səbirsizliklə gözlədim. Və nəhayət, sevilən şair Musa Yaqubun payızı çox sevdiyini bildiyim üçün elə qapısını da yağışlı-çiskinli bir payız günündə döydüm. Bu dünyanın qara daşını hələ də göyərdə bilməyən, amma ruhu həmişəyaşıl olan şairi evində söhbətə çəkdim.

- Bu yağışlı payız havasında Musa Yaqubun havası necədir?

- Mənim havam da elə bu hava ilə havalanır. Neçə vaxt idi İsmayıllıdaydım. Buynuz kəndində dincəlirdim. Payız insanı düşüncəyə çağıran bir fəsildir. Kəndimdə düşüncələrimlə baş-başa qaldım. Tək qaldığım üçün çıxıb gəldim. İndi orda hava çox gözəldir. Payızla yazın qovuşduğu bir məqamdır. Hansı ağaclar ki, yorğundur, vəziyyətləri ağırdır, saralıb gedirlər. Amma cavan olanları hələ yamyaşıldır, yaşlı ağaclarla bəhsə-bəhsdədirlər.

- Bəs ruhunuz hansı ağacla bəhsəbəhsdədir?

- Yaşılhəvəs deyərlər ona. Yaşıla baxsam da, onun kimi yaşıllaşa bilmərəm. Bu məlum məsələdir.

- Bir şeirinizdə də sual etmisiniz ki, payızdan yaza yol varmı? Varmı?

- Payızdan yaza ağaclar üçün yol var, bilirlər ki, pöhrələri saralsa da, yenidən yaşıllaşacaq, yenidən yaz gələcək. Amma bizim üçün artıq qış gəlir, dünyadan gedirsən.

- "Deyəsən, payıza mən də yaxınam…" Bu da sizin şeirinizdir.

- Payız mənə ləzzət eləyəndə yazmışam bu şeiri. Onda yaxın idim. Amma indi lap payızın içindəyəm. Özü də qışa tərəf gedən payızın içindəyəm. Ömürdür də… Bəxtiyar Vahabzadənin bir şeirində də var ki, insan bir dəqiqənin içində ürəyində dörd fəsli yaşayır. Amma doğrudan da, insan ömrü boyu həyatında dörd fəsli yaşayır. Bəlkə də məndə axırıncı fəsildir. Bilmək olmaz dünyanın işini.

- Zəlimxan Yaqub da son vaxtlar elə hey ölümə tədarük gördüyünü deyir. İndi siz də bu sözünüzlə məni məyus edirsiniz…

- İnsan ömründən danışırıqsa, reallığı nəzərə almalıyıq. İndi durub desəm ki, cavanam, həyat qabaqdadır, bu da düzgün çıxmaz. Amma bu günümə də şükür. Keçən il vəziyyətim çox ağır idi. İndi ruhum da təzədir. Qəribədir ki, mən yayda yox, payızda daha çox yazıram. Çoxlu şeirlər yazmışam.

- Bayaq yaşıllaşan ağaclardan danışdınız, bəs bu dünyanın qara daşını niyə göyərdə bilmirsiniz?

- Onu göyərtmək mümkün deyil. Bu, insan ömrüdür. Hər insanın öz qara daşı var. Göyərir, qaralır və axırda bu təbiətə qalır. Necə ki, kömür ömrü var. Hansı ki, torpağın altında minillər boyu qalır, amma ölmür. Hələ yanmadığı üçün ömrü boyu torpağın altında qalır, kül olmayınca yaşayır. Ruh da, həvəs də o alova bənzəyir.

- Oda, alova çox aşiqsiniz. Şeirlərinizin birində də demisiniz ki, sevgi ildırım kimi çaxır...

- O, ilk sevgiyə aiddir.

"Hələ ilk sevgi ilə qiyamım qalıb,

Qiyamətə qədər qiyamətim var".

İlk sevgi elə bir ildırımdır ki, onun çapığı ömür boyu qalır. Sonrakı sevgilər isə yaşamaq, övlad dünyaya gətirmək, ömür sürmək üçündür. O ilk sevgidən doymamısansa, ömrü boyu bir dəfə sevirsən.

- Amma qələm dostunuz Nüsrət Kəsəmənli deyib ki, "kim deyir bir dəfə sevilir insan, sən demə, hər zaman sevmək olarmış…"

- Amma insan ömründə ildırım bir dəfə çaxır. O da ilk gənclik illərində.

- O ildırımın sizi titrətdiyi vaxtları xatırlayırsınızmı?

- Vallah, o ildırım elə təkbaşına çaxırdı. Qarşılığı yox idi.

- Sonralar heç o qızdan xəbər tutmadınız?

- Keçdi getdi, gəlin, bu barədə danışmayaq…

- Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Öyrətmə özünü öyrətmə mənə… Bu şeiri o qıza yazmısınız?

- Yox, yox, bu o qıza, məni idırım kimi titrədən qıza yazdığım şeir deyil. Bu, 30 ildən sonra yazdığım bir şeirdir. Yaşamaq üçün müəyyən sevgiləri bir araya yığırsan - bu şeir o sevgilərə aiddir.

- Öyrəşmək də sevgidirmi?

- Elə öyrəşmək də sevgiyə çevrilir. Amma imkansız sevgiyə sədd çəkirsən, ötüb keçir. İnsanın həyatında ildırım kimi çaxan ilk sevgiyə heç bir öyüd-nəsihət keçmir, səni titrədir. O sevginin çapığı ürəyimdə qalıb. Amma ürəyin qanadları var və o ilk sevgisindən həmişə stimul alır.

- Şairin ömür-gün yoldaşı olmaq çətindir deyirlər…

- Mən ona çox şeirlər həsr etmişəm. Elə indi də onun xatirəsinə şeirlər yazmışam - "Uzaq, uzaq, uzaq..." adlı. Nə vaxtsa, xatirələr də uzaqlaşır və bir gün ölür.

- Heç xanımınızın ruhu qarşısında özünüzü günahkar saydığınız məqamlar olur?

- Yox, saymıram. Amma hərdən düşünərm ki, bəlkə də onunla rəftarımda başqa cür davransaydım, yaxşı olardı. Amma indi belə deyirəm e, o vaxt yəqin ki, bu heç mümkün olmayacaqdı da.

- Şairlər xəyanətkar olur deyirlər…

- Bir dəfə Xoşqədəm Hidayətqızı atasını vaxtilə anasına etdiyi xəyanətə görə qınadı. Mən ona başa saldım ki, bu, xəyanət deyil. Xəyanət odur ki, ayrılasan, lazımsız yerə bəhanələr gətirəsən, şərləyəsən. Mən bunun nə yolunu bilirəm, nə də qəbul edirəm.

- Bəs dost xəyanətinə necə, tuş gəlmisniz?

- Xəyanət yox, öz mənafeyini güdən üzüdönük dostlar görmüşəm. Mən dostcanlı adamam, həm kənddə, həm də burda çoxlu dostlarım var. Xəyanət deməzdim, kiminləsə oturursan, görürsən könlünə yatmır, uzaqlaşırsan.

- Kimlərdir o üzüdönük dostlarınız?

- Əslində, mən dönük çıxmamışam, yenə də dostam, onlar üzüdönüklük edib. Danışmaq istəmirəm bu barədə. Mən bu saat oxucularla nəfəs alıram. Hamısı mənə zəng edir, fikirlərini paylaşır.

- Bax bu kövrək məqamınızda hansı dostunuzun qapınızı döyməsini və sizə baş çəkməsini istərdiniz?

- Elə hamısı gəlirlər. Əjdər Ol, Sabir Rüstəmxanlı, Zakir Fəxri…

- Bəs Anar, Fikrət Qoca?

- Yox, onlar gəlməyiblər, amma əksər qələm dostlarım Buynuz kəndinə gəlib mənimlə bərabər təbiət qoynuna çıxıblar, dağdağana baxıblar.

- Münasibətinizə nöqtə qoyduğunuz dostunuz varmı?

- Yoxdur. Biri var, o da dost deyil, elə-belə. Nöqtəni də o qoyub, mən qoymamışam. Danışmayacam bu barədə.

- Barışığa cəhd etdinizmi?

- İki dəfə olub, daha bəsdir. Daha o həvəs yoxdur. Bir var, salam-kəlam etdiyin, bir də var, ailə dostun. Hər iki qəbildən olan dostlarım var. Dostlarımla nəfəs alıram. Hərəsinin öz yeri var. Bir var ədəbiyyat dostlarım, bir də var, dərd böldüyüm dostlar. Bu qədər tamah, günah içində öz sifətini qoruyub saxlamaq çox çətindir. Bu saat hərə öz xeyrini güdməyə çalışır. Belə insanlarla dostluq etmək çox çətindir.

- Bəs indiyə qədər sifətinizi qoruyub saxlamaq üçün nələrdən keçmisiniz?

- Bəlkə də bu xarakterimdən irəli gəlib. Heç vaxt məndə paxıllıq, qibtə olmayıb. Buna iqtisadi mənada rəqabət deyirlər. Paxıllıq budur ki, kimisə məhv etməyə hazırsan. Məndə belə şey olmayıb. Ancaq təzyiqlərlə qarşılaşmışam, qohum-qardaşımı işdən çıxarıblar, bəzi məclislərə qoymayıblar, bəzən salam da verməyiblər. Buna görə, o insanlardan inciməmişəm də.

- 78 yaşınızda geriyə - ömür yoluna nəzər salanda Musa Yaqub özünə bir "əhsən" deyə bilirmi?

- O mənada "əhsən" deyirəm ki, dözürəm, yaşayıram. Bir də "əhsən" deyirəm ki, heç vaxt "mənəm-mənəm" deməmişəm. Bir də görürsən kimsə efirə çıxıb deyir mən bu xalqın sənətkarıyam, xalqımın adından danışıram. Elə olanda çox əsəbiləşirəm. Heç vaxt mən belə sözü deməyi bacarmamışam. Elə yaxşı ki, bacarmamışam.

- Bəs oxucu Musa Yaqub şair Musa Yaquba ürəkdən "əhsən" deyə bilirmi?

- Həmişə yox, amma bəzən demək olur. Ürəyimi tam boşaldanda, deyə bilirəm. Amma hərdən də deyirəm ki, bundan da gözəl yazmaq olardı. Bunu da öz-özümə demişəm e, kiminsə yanında yox.

- Bəs oxucu kimi Musa Yaqubu danlayırsınızmı?

- Olur. Tənbəlliyinə görə. Şeir belədir ki, yatdığın yerdə də sənə gələ bilər, dərhal onu köçürməlisən, çünki yaddan çıxar. Bəzən tənbəllikdən bunu eləmirəm, sonra da yadımdan çıxır. Buna görə peşman oluram. Əvvəllər cavan idim, yaddaşım güclü idi, sonra da olsa, yaddaşımda qalırdı, misraları köçürə bilirdim.

- Heç içinizdəki məninizlə aranızda qalmaqallar yaşanır?

- Şair kimi yox, bir insan kimi öz-özümlə çarpışıram. Deyirəm, gərək bunu belə etməyəydin, niyə etdin? Mənimlə şair Musa Yaqub arasında heç fərq də görmürəm, ikisi də eyni yerdə dayanır. Hərdən dostlarım da deyir ki, şair kimi də, şəxsiyyət kimi də eyni yerdə dayanırsan.

- Hansı şeiriniz sizi ağladıb, bir hücrəyə çəkilib göz yaşı axıtmısınız?

- Yadımda deyil. Amma yəqin ki, elə ilk sevgiyə yazdığım şeirlər olub. Anama yazdığım şeirlərə görə də ağlamışam.

- Musa müəllim, anaya yazılan şeirlərə görə ağlamağınız anlaşılandır, amma bir qıza görə ağlamağa dəyərdimi?

- Dəyər. O bir qız deyil, bütün ömründür, həyatındır, yolundur. Sevəndə həyətindəki itini də, çəpərini də, sənə xoş olmayan qonşunu da sevirsən. O tək deyil axı, bütöv bir dünyadır. Dünya üçün ağlamaq da olar.

- İndi o qız yoxdur axı…

- Elə ona görə də daha ağlamıram (gülürük). İndi o halıma ağlayıram ki, o vaxt niyə ağlamışam. Amma yaxşı ki, ağlamışam. Peşman deyiləm.

- Allah ömür versin, yüz yaşayın. Maraqlıdır, 78 illik ömrünüzə nəzər salsaq, illərin hamısını, sözün əsl mənasında, yaşamısınız, yoxsa yola verdikləriniz də olub?

- Yaşamışam, yola verdiyim illər çox az olub. Rayonda qəzet rəhbəri, büro rəhbəri olduğum vaxtlarda işimi yola vermişəm. Amma şeirimi də yazmışam. İşdə başqa olmuşam, şeir yazanda başqa. Bax, elə bu torpağı götürək, həmişə qapqara torpaq olub. Amma toxum atanda dəyişib, yazda toxum cücərəndə tamam başqalaşıb. Amma adi vaxtlarda elə torpaqdır. Ömür sünbülləşənə qədər gör nələr çəkib.

- Belə bir imkan verilsəydi, ömrünüzün hansı illərini silib atardınız?

- Heç birini atmazdım. Ömürdən illəri silib atmaq günah olardı, bu heç mümkün də deyil. Ömrümün heç bir ilini silmərəm.

- Günahdan söz düşmüşkən, heç günahlarınız olub?

- Bir gözünü sən əydin, bir gözünü mən,

Niyə narazıyıq bu tərəzidən?

Sən çeşmə qurudan, mən ağac kəsən

Bir günah sənindir, bir günah mənim.

İnsan gərək öz günahını görə bilsin. Sən öz günahını görməyib, özgədə günah axtaranda günah daha da böyüyür. Mənim də günahlarım olub.

- Məsələn?

- Elə məqam olub ki, o işi mən etməməliydim, etmişəm. Bəzi dostlarımla oturub-durmamalıydım, amma oturub-durmuşam. Amma bərk peşmançılıq çəkdiyim hərəkətim olmayıb. O baş verən günahları da yəqin ki, tale mənə diktə edib eləmişəm. Zorla eləməmişəm.

- Ay Musa müəllim, indi tale günahkar oldu?

- Hər halda istəməmişəm, eləmişəmsə, demək ki, tale günahkardır. Məsələn, yadımdadır ki, cavan olanda ova gedərdim, qarşıma dağ kəlləri çıxardı, amma istəsəm də, onu öldürə bilmirdim. Ona görə, yox e, istəmirdim, sadəcə olaraq, öldürməyi bacarmırdım. İndi düşünürəm ki, bunu da tale mənə belə diktə edibmiş, ona görə də, ov ovlaya bilməmişəm.

- İnsanlara nəyi bağışlamırsınız?

- Xəyanəti.

- Amma ən böyük xəyanət elə insanın özü-özünə etdiyi xəyanətdir.

- Razıyam. Amma Seyid Əhməd əliylə ilan tutanlar da olur. Məsələn, bizdə dağ çobanı vardı, Veysəl kişi, bundan ona, ondan buna olmayan sözləri deyib aranı qarışdırırdı. Əslində, özünə xəyanət edirdi.

- Sirriniz varmı?

- Var, amma onu durub sizə açsam, sirr olmaz ki…

- Demirəm ki, sirrinizi mənə açın, soruşmaq istəyirəm ki, o sirlər sizə ağırlıq verir?

- Çox dərin sirrim yoxdur. Olanlar da açılası sirlər deyil, elə mənimlə də məzara gedəcək.

- Kinli adamsınız?

- Yox, məndə dərin kin yoxdur, qalır ürəyimin içində. Kin deyəndə ki, saxlayırsan içində, onu ağladıb kiridirsən ki, bəsdir, açıb-ağarmağa dəyməz.

- Sizin üçün ən böyük qisas nədir?

- İnsanları alçaltmağın, təhqir etməyin əleyhinəyəm. Yanımda kimisə alçaltsalar, dözə bilmərəm. O vaxtlar rəhbərlər iclasda kimisə təhqir edəndə o saat durub otaqdan çıxırdım. İstəmirdim onun alçaldığını görüm.

- Bəs sizə pislik edən insanlara reaksiyanız necə olub?

- O şəraiti yaratmamışam və çalışmışam pislik etməsinlər. O təhqir edənlər də bilir ki, kim o sözü yeyəcək, kim yox. Həmişə sözü yeyən adamı təhqir edirlər. Biliblər ki, mən o sözü yeyə bilməyəcəm və cavabını alacaq. Buna görə də məni təhqir etməyiblər, alçaltmayıblar.

- Deyirlər, insanın ən böyük etirafı öz-özünə etdiyi etirafdır…

- Xırda günahlarım olub, özümə etiraf etmişəm. Heç fikirləşməmişəm də ki, başqa cür yaşayardım. Elə ikinci dəfə də doğulsaydım, belə yaşayardım. Allah mənə bu alın yazısını yazıb. Kiminləsə evlənməlisən, bu, alın yazındır, amma həmin evliliyi necə yaşayacaqsan, bu, sənlikdir. Hər şeyi alın yazısına bağlamaq olmaz.

- Ömrü yazan Allahdır. Bu dünyadan köçəcəyimiz vaxtı O müəyyənləşdirir. Mənə çox maraqlıdır, Allahdan möhlət istərdinizmi?

- İstəyərdim. Yaşamaq üçün möhlət istəyərdim. Onsuz da möhlət istəsəm də, verilməcəyək. Çünki ömür harda qırılmalıdırsa, qırılacaq. Amma istərdim. Desəm ki, istəmirəm, səmimi olmazdım.

- Həmişə səmimi olmaq mümkündür?

- Yox, amma ümumiyyətlə, insan səmimi olmalıdır. Olduğun kimi görünməlisən, göründüyün kimi olmalısan. Əks halda, sifətin görünəcək.

- İçinizdən balaca Musa boylanırmı?

- Qəribədir ki, son vaxtlar silsilə yuxular görürəm, keçmişim, uşaqlığım, anam yuxuma girir. O ümidsizlik, o atasızlıq içində nə böyük həvəs vardı içimdə. Doqquz yaşımdan kolxozda işləmişəm, amma o aclıq içində həyatı sevirdim, ümidim yamyaşıl idi.

- O uşaq sizə necə baxır, ümidlə?

- O uşaq məndən çox razıdır. Düzdür, bəzən onu zora salmışam, amma yenə də məndən razıdır. Uşaq vaxtı meylimi təbiətə salmışdım. Ağacların, quşların, yarpaqların, çayların, balıqların dilini gözəl bilirdim. Bilirdim ki, məsələn, zoğal ağacının budağında dayanmaq olar, amma söyüd, qovaq ağacının budağı üstündə dayanmaq olmaz, səni yıxar.

- Ağacların nəmini-nişanını gözəl bilirdiniz, bəs insanları necə tanıya bilirsinizmi?

- Yox, adam tanıyan deyiləm və həmişə də buna görə məzəmmət olunmuşam. Deyiblər filankəslə niyə dostluq edirdin, sənə pislik etdi, demişəm tanımamışam. Təbiəti tanıdığım üçün o, məni aldatmayıb, amma insanları tanımadığım üçün aldanmışam. Səmimiyyəti qiymətləndirmişəm, çünki səmimiyyət bir-birinə keçən şeydir. O adamla ki ürəklə söz arasında sərhəd pozulur, onda rahat olursan. Hər adama açıla bilmirsən. Qadınla səmimiyyətin başqadır, gözəllə səmimiyyətin bir başqa. Mənim bir şeirim də var ki, gözəldirsə, onunla necə acıqlı danışa bilərsən. Səmimiyyət qarşılıqlı olur, gərək qarşındakı da səmimi olsun.

- İndi bizim səmimiyyət qarşılıqlı oldu, yoxsa? Amma səmimi cavab verin…

- Ürəyim doluydu, boşaldı. Bu səmimiyyət həmişə yadımda qalacaq.

- Sözün düzü, mən də heç sevmədiyim bu yağışlı payız günündə söhbətdən zövq aldım. Sağ olun ki, varsınız...

- Siz sağ olun ki, məni yad eləmisiniz.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR