• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qələbə günü “Yarımçıq xatirələr” filminin təqdimatı keçirildi – FOTOLAR

Qələbə günü “Yarımçıq xatirələr” filminin təqdimatı keçirildi – FOTOLAR

9 May Qələbə günündə Nizami Kino Mərkəzində rejissor Elxan Cəfərovun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, tanınmış kino xadimləri, eləcə də əsgər və zabitlər iştirak edib.

Nümayişdən öncə çıxış edən nazir tədbir iştirakçılarını Alman faşizmi üzərində qələbənin 70 illiyi münasibəti ilə təbrik edib, əsgər və zabitlərimizə hər zaman güclü və qüdrətli olmağı arzulayıb: “Ölkə prezidenti Alman faşizmi uğrunda qələbənin 70 illiyini layiqincə qeyd etməyi bizə də həvalə edib. Biz də bu Qələbə günü əsgər və zabitlərin, müharibə iştirakçılarının görüşünə əliboş gəlmədik. “Yarımçıq xatirələr” filmi belə bir gözəl gündə tamaşaçılara təqdim olunur”.

Uğurlu filmə görə yaradıcı heyəti təbrik edən nazir qəhrəmanlıq və vətənpərvərlik ruhunu yüksəltməyə xidmət edən “Yarımçıq xatirələr” filminin Qarabağ həqiqətlərini bütün dünyaya car çəkəcəyini bildirib.

Filmlə bağlı təəssüratlarını bölüşən rejissor Elxan Cəfərov ekran işinin əsas çəkilişlərinin Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparıldığını bildirib:

“Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Böyük vətən müharibəsi qəhrəmanı yaşının ahıl çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Yerli aktyorlarımızla yanaşı filmə əcnəbi aktyorlar da çəkilib. Filmdə erməni obrazları da yer alıb ki, bu rolları gürcü aktyorlar canlandırıblar. Mən üzərimə düşəni elədim. Yəqin ki, son sözü tamaşaçılar deyəcək”.

Rejissor çəkiliş zamanı onlara göstərilən dəstəyə görə minnətdarlıq etməyi də unutmayıb: “”Yarımçıq xatirələr” döyüş filmi olduğundan çəkiliş zamanı hərbi sürsat, zirehli texnikadan istifadə olunub. Bu işdə bizə Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliynin böyük köməyi dəyib. Eyni zamanda filmdə əsgər qüvvəsi də cəlb olunub. İki nazirliyimizin köməyi olmasaydı, yəqin ki, belə bir uğurlu film çəkə bilməzdik. Mən onlara xüsusi minnətdarlıq etmək istəyirəm”.

Elxan Səfərov onu da qeyd edib ki, film Qarabağ həqiqətlərini dünya ölkələrinə car çəkmək üçün gözəl bir təbliğat vasitəsi olacaq. Bu məqsədlə filmin bir neçə əcnəbi dilə tərcüməsi nəzərdə tutulub. Hələ ki, film rus dilinə tərcümə olunub.

Filmin nüfuzlu kino festivallarında nümayişi də nəzərdə tutulur.

Rejissor filmdə qadın obrazlarını azlığına görə onu qınadıqlarını da deyib: “Digər filmlərimdə olduğu kimi bu filmdə də qadın obrazları azlıq təşkil edir, buna görə məni qınayırlar. Amma söz verirəm növbəti dəfə romantik bir film çəkib, ora çoxlu qadın aktrisalar dəvət edəcəyəm”.

Filmdə rol alan əməkdara artist Şamil Süleymanlı da fikirlərini bölüşüb. Filmdə kiçik, amma ürəyincə olan bir rol canlandıran aktyor Elxan Cəfərovun əksər filmlərində çəkildiyini deyib: “Elxan bütün filmlərində məni çəkib. Hamısından da məmnun qalmışam. Şərt rolun böyüklüyündə kiçikliyində deyil, onun yaddaqalan olmasında və mahiyyətindədir. “Yarımçıq xatirələr” Azərbaycan kino tarixinə yazılacaq bir film olacaq. Gənclər bu filmə baxıb daha da ruhlanacaqlar. Bu gün belə vətənpərvərlik ruhu aşılayan filmlərə çox ehtiyacımız var”.

Daha sonra film nümayiş olunub.

Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Qeyd edək ki, filmdə azərbaycanlı aktyorlarla bərabər əcnəbi aktyorlar da rol alıb. Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoliy Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR