Abbas Bağırov: ”İmkan var, qoca deyiləm, hər şeyə vaxt tapıram...” - MÜSAHİBƏ\FOTOLAR
Bizi izləyin

Magazin1

Abbas Bağırov: ”İmkan var, qoca deyiləm, hər şeyə vaxt tapıram...” - MÜSAHİBƏ\FOTOLAR

Son illər müğənni sayılan bir çoxunun nə musiqi savadı var, nə də istedadı. Amma aralarında 10 barmağında 10 mərifət olanlar da az deyil. Məsələn, əməkdar artist Abbas Bağırov. Necə deyərlər, həm oxuyur, həm bəstələyir, həm şəkil çəkir, həm də rejissorluq edir. Onun qabiliyyəti bunlarla bitmir. Güclü iradəyə malik müğənni əvvəllər artıq çəkidən əziyyət çəkib. Ancaq idman sayəsində arıqlayaraq iradəli olduğunu da sübut edib.

Publika.az müğənni ilə eksklüziv müsahibəni təqdim edir.

- Abbas bəy, bir əldə neçə qarpız tuta bilirsiniz?

- Bir əldə bir qarpız tutarlar. Mənim də iki əlim olduğundan iki qarpız tuta bilərəm. Onlardan biri musiqidir, digəri isə idman. İmkan var, yaşım da azdır, özümü qoca hiss etmirəm. Ona görə də hər şeyə vaxt tapa bilirəm.

- Neçə yaşınız var ki? Ümumiyyətlə, özünüzü neçə yaşında hiss edirsiniz?

- Mənim... (fikirləşir). Yaşımı qoy deməyim. 51 kq arıqlayandan sonra çürbəcür yaş verirlər. Ona görə də dəqiq neçə yaşım olduğunu bilmələrini istəmirəm. Qoy kim neçə yaş fikirləşir, elə də versin. Mən özümü 20-25 yaşımda hiss edirəm (gülür).

- Çox iradəlisiniz.

- Mənim kökəlməyim maksimum həddə çatdı. Çəkim normadan 51 kq artıq idi. 125 kq idim. Hazırda 79 kiloyam.

- Çətin oldu artıq çəkidən azad olmaq?

- İlk 25 kq.-ı 2 aya atdım. Çəki azaldıqca proses çətinləşdi. Ona görə də pəhrizimə də ciddi fikir verirdim. Çox adam soruşur ki, necə oldu arıqladım? Mən buna cavab verə bilmirəm. Bəlkə də, mənim yediklərimi başqası yesə, kökələr. Bu işlərdə həkimlə məsləhətləşmək lazımdır. Ciddi yemək rejimi ilə yanaşı, ciddi yuxu rejimi də olmalıdır.

- İdman edən adamlar zərərli vərdişlərdən də uzaq olmalıdır.

- Mən də zərərli vərdişlərdən uzağam. Nə siqaret çəkirəm, nə də spirtli içki qəbul edirəm. Sağlam həyat tərzi sürürəm. İdman və sağlam qida yerində olanda, istəyinə nail olursan.

- Publika.az-ın artıq çəkidən əziyyət çəkən oxucularına nə məsləhət görərdiniz?

- Vaxtında yatmaq, vaxtında qidalanmaq və vaxtında idmanla məşğul olmaq. Rejimə düşərlərsə, məqsədə çatarlar. Əks halda, mümkün deyil. Əsas odur ki, yatmazdan qabaq yemək yeməyin. Gün ərzində çoxlu su için. Soyuq olmasın, otaq temperaturunda olmalıdır. Meyvə də çox yemək olmaz. Çünki elə meyvələr var ki, tərkibində şəkərin miqdarı çoxdur. Məsələn, üzüm, banan, şaftalı, portağal və s. Hər gün səhər 1 alma yemək lazımdır. Tərkibində zülal bol olan yumurta, kəsmikdən də bol-bol istifadə etsinlər.

- Sizin peşənizlə vaxtında yatıb-durmaq problem deyil ki?

- Qətiyyən! 6-7 saat yuxu kifayətdir. Ən geci saat 1-də yatıram.

- Bir az da musiqidən danışaq. Mahnı seçərkən nəyə üstünlük verirsiniz?

- Mahnının ilk növbədə sözlərinə fikir verirəm. Sonra isə onu tamamlayan musiqi olmalıdır. Sözləri düşündürücü, musiqisi isə yaxşı olmasa, həmin mahnı sevilməyəcək. Bunu düzgün seçmək üçün isə musiqini bilmək, sevmək, musiqi ilə məşğul olmaq gərəkdir.

- Lirik, yoxsa dinamik mahnılara üstünlük verirsiniz?

- Bax, bunun elə də fərqinə varmıram. Müxtəlif ola bilər. Lirik, dinamik, folklor, klassik... hər biri ola bilər. Əsas odur ki, musiqi gözəl və ürəyə yatan olsun.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm