Əməkdar artist: “İlkin Həsəni inciməsin, amma... ” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Əməkdar artist: “İlkin Həsəni inciməsin, amma... ” - MÜSAHİBƏ/FOTOLAR

Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyev son vaxtlar gənclərin çəkdiyi komediya filmlərindən gileylidir.

“Elə bir ucdan çəkirlər, amma keyfiyyət sıfırdır”, - deyən aktyor buna baxmayaraq, özü də filmlərə çəkilmək istəyir. Amma bunun üçün şərtləri var. O, hansı şərtlərdir, bu barədə Publika.az-a özü danışacaq.

Amma bu qədər tənqiddən sonra çətin ki, hansısa rejissor onu filminə dəvət etsin…

- Vahid müəllim, son vaxtlar çəkilən seriallarda və komediya filmlərində nədənsə sizi görə bilmirik. Özünüz istəmirsiniz, yoxsa dəvət etmirlər?

- Əlbəttə, dəvət etsələr, çəkilərəm. Çünki teatrda da oynamağa rolum yoxdur. Dəvət edirlər, amma kütləvi səhnələrə. Mən kütləvi səhnədə oynayan aktyor deyiləm axı. Buna pis baxmıram e, amma artıq səhnədə sözümü demişəm. Buna görə də, heç olmasa, filmlərə çəkilərəm, çünki aktyor səhnədən, çəkiliş meydançasından aralı düşəndə bədbəxtlik olur. Özü də hər kəs bilir ki, mən ampluasız aktyoram, lazım olanda faciədə də oynayaram, komediyada da. Hər iki janrda da öz sözümü ustalıqla deyə bilərəm. Buna mənim potensialım çatar. Amma bir şərtim var ki, səviyyəli iş olsun. O rejissor nə istədiyini bilsin. Amma məndən inciməsinlər, yeni nəsil rejissorlar çox vaxt nə çəkdiyini bilmir.

- Amma yeni nəslin işini bəyənməsəniz də, bir çox xalq artistlərimiz var ki, onların filminə çəkilməyə razılıq verir…

- Razılıq verir, amma o aktyor o rejissorların filmində çapalaya-çapalaya qalır.

- Yəni?

- Elə bilirsiniz hər şey onların ürəyincə olur? Qətiyyən. O aktyor məcburiyyət qarşısında çəkilir, çünki çəkilməyə ehtiyacı var. Çəkilir e, amma əziyyət çəkir, hətta bəzən rolundan utanır da. Mən bəzən görürəm ki, gənc rejissorlar aktyorların nə istədiyini anlamır. Söhbət peşəkar aktyorlarımızdan gedir. Bu gün qəribə tendensiya yaranıb. Gənc aktyorlar öz filmlərinə yalnız dost-tanışlarını dəvət edirlər ki, onlara həm də çörək versinlər. Xalq artistlərimizi isə həmin filmə nüfuz xatirinə çağırırlar. Desinlər ki, filankəsin filmində filan xalq artisti çəkilmişdi. Əslində isə o xalq artistinin həmin filmdən aldığı qəpik-quruşdur. Amma neyləsin ki, imkansızlıq üzündən filmdən imtina edə bilmirlər. Heç olmasa, utana-utana da olsa, gedib qurdlarını öldürürlər. Amma həmin təcrübəsiz rejissorla peşəkar aktyor tandemi yarana bilmir və buna görə də aktyor, dediyim kimi, çapalaya-çapalaya qalır. Peşəkar, sözünü demiş rejissor elədir ki, futbol diliylə desəm, aktyora pas ötürməlidir. Amma indiki rejissorlar aktyora pas ötürə bilmir.

- Ümumiyyətlə, o filmlərə baxmısınız?

- Yox, mən, ümumiyyətlə, Azərbaycan telekanallarına baxmıram.

- Niyə?

- Çünki zövqümü korlamaq istəmirəm. Lazım olanda Rusiya kanallarına baxıram və zövq də alıram.

- Filmlərə baxmamısınız, amma tənqid edirsiniz… Bəlkə, baxsanız, bəyənəcəksiniz...

- Baxmamışam deyəndə ki, hamısından xəbərim var, iki-üç dəqiqə göz gəzdirmişəm, bu, məndə həmin filmlərin necə olması ilə bağlı qənaət yaradıb. Vacib deyil ki, axıracan baxım. Həm də o filmlər o qədər maraqsızdır ki, onları axıra qədər izləmək mümkün deyil.

- O filmlərdə xoşunuza gəlməyən nədir?

- Aktyor tamaşaçının ardınca qaçmamalıdır, tamaşaçını öz arxasınca aparmalıdır. Bizdə əksinədir. Bu yaxınlarda mən “Leyli və Məcnun” tamaşasına baxdım, qeyri-ixtiyari yanımda oturan qıza dedim ki, görəsən, Üzeyir bəy olmasaydı, operamız nə gündə olardı? Əsl sənət əsəri zamanın sınağından görün necə çıxır. Axı çəkilən film də yaşamalıdır, 2-3 günlük çəkilmir. Təki çəkək, boş oturmayaq, qonşudan dala qalmayaq - belə prinsiplərlə film çəkmək olmaz.

- Dediniz ki, filmlərə ötəri də olsa baxmısınız. Məsələn İlkin Həsəninin “Ay brilliant” filmi barədə təəssüratınız necədir?

- İlkin yaxşı oğlandır, oğlumun da kurs yoldaşı olub. Amma məndən inciməyin, milləti eybəcərləşdirmək olmaz. Onun da filmində elə məqsəd kimisə güldürməkdir. Nə yolla olur-olsun.

- Mən belə başa düşdüm ki, gənclərin çəkdiyi filmlərdə söyüş, açıq-saçıq epizodlardan narazısınız… Ümumiyyətlə, belə səhnələrə, yaxud da kadrlara münasibətiniz necədir?

- Səhnədə, kinoda hər şey eləmək olar, amma peşəkar səviyyədə. Bir dəfə mənə sual verdilər ki, siz soyunub, səhnəyə lüt çıxarsınız? Mən cavab verdim ki, çıxaram, amma bir şərtlə. Əgər mənim lüt bədənim gələcəkdə incəsənətimizdə söz deyə biləcəksə, səhnəyə lüt çıxaram. Onda tamaşaçı mənə baxıb deyəcək ki, aman, bu aktyorun qolunun, sinəsinin, ayaqlarının muskulu görün necə danışır. Amma indi filmlərdə bayağı kadrlar çəkilir. Hansısa kişi aktyor bədənini çöldə qoyub, göbək rəqsi edir, kimsə açıq şəkildə söyüş söyür və s. Bunlar o qədər bayağı xarakter daşıyır ki, tamaşaçı gülsə də, ürəyində onları söyür.

- Bəs niyə xarici filmlərdə belə kadrlara həsədlə baxırlar, amma özümüzdə belə şeyləri əxlaqsızlıq kimi dəyərləndirirlər.

- Əcnəbilər peşəkarlıqla çəkirlər. Bizdə çatışmayan peşəkarlıqdır. Erotikanı, öpüş səhnəsini elə gözəl formada təqdim etmək olar ki, bayağı alınmasın. Bizdə hər şey bayağı alınır.

- Bu qədər tənqiddən sonra, çətin ki, gənc rejissorlar sizi filmlərinə dəvət eləsin…

- Heç eləməsinlər, özləri bilər. Mən olanı dedim.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm