Nüşabə:“Rəqsanə pul qazanıb havaya sovurursa...” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Nüşabə:“Rəqsanə pul qazanıb havaya sovurursa...” - MÜSAHİBƏ/FOTOLAR

Səhər yuxudan gec durur, idman etmir, düz 10 ildir konsert vermir, ancaq hər gecə toydadır. Söhbət əməkdar artist Nüşabə Ələsgərlidən gedir. Yaradıcılığına dair nümunə axtaranda ələ keçən yazdırdığı mahnılar, bir də kliplərdir. Onu da, deyəsən, özü üçün, yəni 5-10 il sonra baxıb özünün cavanlığını xatırlamaq üçün edir. Özü belə deyib. Publika.az-a müsahibəsində xanım sənətçi vəsait qoymaq istəmədiyi yaradıcılıq nümunələrindən danışıb:

- İdmana nə qədər marağınız var?

- Mən idmanla məşğul ola bilmirəm. Xüsusi aylar istisna olmaqla, hər gün el şənliklərindəyəm. Qalan vaxtlarda isə fiziki cəhətdən çox yorğun oluram. Bu səbəbdən idman nöqteyi-nəzərdən özümü aktiv hesab edə bilmərəm. Amma idmanı, xüsusilə, üzgüçülük və böyük tennisi çox sevirəm.

- Maraqlıdır, Nüşabə Ələsgərlinin günü saat neçədən başlayır?

- Səhər tezdən yuxudan durmaq mənim üçün asan deyil. Bilirsiniz ki, universitetdə pedaqoji fəaliyyətlə məşğulam. Səhər yalnız pedaqoji fəaliyyətlə əlaqədar tez qalxa bilərəm. Bir dərsə gedəndə, bir də səhər verilişlərində iştirak edəndə. Qalan günlər isə tezdən oyanmıram. Odur ki, xüsusi səbəb olmasa, gün mənim üçün ən tez 11:30-dan başlayır.

- Toylara getmək və orada daha çox vaxt keçirmək yaradıcılığınızı geri qoymur ki?

- Yox! Mən belə düşünmürəm. Müğənni bütün il boyu karyera dalınca qaça bilməz ki... İl ərzində bir neçə mahnı yazdırsa, kifayətdir. Müğənninin işi mahnı oxumaqdır. Bunu etmirsə, ancaq toy düşünürsə, o zaman müğənni karyerasını toya qurban vermiş olur. Ancaq toya getməklə yanaşı, bir neçə bəstəkarla görüşür, yeni mahnılar ifa edir, albom və ya sinql buraxırsa, demək, yaradıcılığı ikinci plana keçməyib. Bunu bacaran insan hər iki yükü daşıya bilir.

- Son konsertiniz nə vaxt olub?

- Çoxdandır ki, konsert vermirəm. Axırıncı dəfə keçirdiyim konsertin üstündən artıq 10 ilə qədər vaxt keçib.

- Bəs, səbəb nədir?

- Tələbat və gəlir yoxdur. Mən quş qoymaq xatirinə konsert verə bilmərəm. Cibimdən pul xərcləyib camaata konsert vermək fikrim yoxdu. Heç olmasa, xərclədiyimi götürməliyəm.

- Məsələn, Rəqsanə pulsuz konsert vermişdi...

- O, özü bilər... Əgər o, pulu əziyyətlə qazanıb və havaya sovurursa, bu, mənə qəribə gəlir. Məsələn, mənə kənardan bir torba pul versələr, mən də onu havaya sovura bilərəm. Axı, konsert pul tələb edir. Dekorasiyalar hazırlanır, həftələrlə musiqiçilərlə məşq gedir, geyimlər tikilir. Bütün bu və digər işlər zaman və əziyyət tələb edir. Sonra da qapını açırsan ki, ay camaat, gəlin, mən konsert verirəm. Mən özümü təhqir olunmuş hesab edərəm. Az qala, altına da “nolar, gəlin, sizin üçün oxuyum” yazaq... Mən belə şeyi başa düşmürəm. Azərbaycan yeganə ölkədir ki, müğənni pul xərcləyir ki, camaat gəlsin, konsertə baxsın. Dünyanın ikinci belə ölkəsi yoxdur. Mən pul xərcləyim, musiqiçilər çalsın, mən oxuyum, siz də pulsuz gəlin, baxın...

- Bəs, klip niyə çəkmirsiniz?

- Kliplərim var. Niyə yoxdur?! Ola bilsin, siz izləməmisiniz. Ən son “Adı yoxdur sevgimizin” klipim işıq üzü görüb. Sadəcə, bizim televiziya kanallarında klip saatları yoxdur. Bir Lider kanalı kliplər verir, ara-sıra da ATV kanalı. Vəssəlam! Mən klipi çəkdirirəm, amma yayımlamağa yer tapmıram. Yaxşı ki, internet var. Klipi “YouTube”a yükləyirik ki, istəyənlər ordan izləsin. Bunu da özüm üçün edirəm. Mən bir daha 35, 25 yaşında olmayacağam. Həmin yaşlarımda görünüşüm, geyimim, o dövrdə ifa etdiyim mahnılar məhz kliplərdə qalır. Çəkirsən, tarixə atırsan. İstəyən baxacaq. Azərbaycanda nə klip bazarı var, nə də konsert bazarı. Bu aksiomadır. Bunu hər kəs bilir. Heç kəs inciməsin, həqiqəti deyirəm. Kim hansı mövqedədirsə, ona da uğur arzu edirəm.

- Bir az da özünəqulluqdan danışaq. Baxımlı olmaq üçün nə qədər maya buraxırsız?

- Özümün gözəllik salonlarım var. Bu səbəbdən gözəllik salonuna, ümumiyyətlə, pul xərcləmirəm. Vaxtında xərcləyib salon almışam. Lazım olanda, həmin salondan istifadə edirəm. Hətta kişi salonum da var idi. Amma onu satmışam. Amma inanın, salona getməyə vaxt ayıra bilmirəm. Dırnağıma baxın (dırnaqlarında lak yox idi – red.). Bir misal var “ayaqqabısız pinəçi”, bax, mənimki vəziyyətim ona bənzəyir.

- Nəhayət, bizə yeniliklərinizdən danışın.

- İki yeni mahnı yazdırmışam. Onlardan biri “Susdum” adlanır. Sözləri və musiqisi Aysel Nəcəfliyə aiddir. Digəri isə “Sənə nə var ki?” adlanır. Musiqisi Elşən Nicata, sözləri Nərmin Toğrulqızına aiddir. Hər iki mahnı lirikdir.

- Yay fəslində lirika? Niyə belə qərar verdiniz?

- Həmin mahnılar yayda çıxmayacaq. Nəzərdə tutmuşam ki, sentyabr ayında dinləyicilərin ixtiyarına buraxım. Hələ ki, yazdırıb saxlamışam. Mahnılardan birinə isə teleserial çəkmək fikrimiz var. Fikrimiz reallaşdırmaq üçün bəzi addımlar da atmışıq. Hazırda rejissorla danışıqlar gedir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm