• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İnsanlardan qaçan, özündən qurtula bilməyən türk şairi

  • Maraqlı
  • 13 Avqust 2015 03:56
  • 370 Baxış
İnsanlardan qaçan, özündən qurtula bilməyən türk şairi

Nəcib Fazıl Qısakürək 1904-cü ildə İstanbulda Maraşlı ailəsində anadan olub. Atası Abdulkabi Fazilbəy o zamanlar hüquqşünas kimi çalışıb, anası Mediha xanım evdar qadın idi. O, ailənin tək uşağıydı. Ona Ahmet Nəcib adını verdilər. Gələcəyin böyük şairi lap balaca vaxtından özü ilə baş-başa qalmışdı...

Təklikdən sıxılan Nəcibi babasının malikanəsinə yollayırlar. 15 yaşına qədər ciddi xəstəliklər yaşayan Nəcibi sözün həqiqi mənasında ədəbiyyat xilas edir. Oxumağı nənəsindən öyrənən oğlan artıq ədəbiyyatın, kitabların xəstəsi olur...

Dəcəl Nəcib

Xarakterindəki dəyişkənlik onu həyatda fərqli edən ən böyük səbəbdir. Həqiqət axtarışında olan, daim özünü təkmilləşdirmək istəyən Nəcib bu xasiyyəti ucbatından neçə-neçə məktəb dəyişməli olur. Qısa zaman ərzində Gedikpaşadakı Fransız Məktəbində oxuyan gələcəyin şairi ordan Amerika liseyinə göndərilir. Yaramazlığı, dəcəlliyi nəticəsində məktəbdən qovulan Nəcib bir neçə müddət özüylə baş-başa qalmalı olur. Axır-axırda özündən də bezən Nəcib yatılı məktəbdə oxumağa qərar verir. Ancaq bu hələ harasıdır? Nəcibin şuluqluğu bitmək bilmir və o, məktəblərdən qovula-qovula axırda Haybeli Nümunə məktəbində orta məktəbi yekunlaşdırır.

Nazim Hikmət və Nəcib eyni məktəbdə

Nəcibin təhsili daha sonralar Bahriyə məktəbində davam edəcəkdi. Onun qəbul olunduğu vaxt Yəhya Kamal Bayatlı, Ahmet Hamdi kimi müəllimlər burda işləyirdi. Türk poeziyasına və eləcə də həyata baxışında tamamilə ayrı dünyaların insanı olan Nazim Hikmət də Bahriyədə Nəcibdən iki sinif yuxarıda oxuyurdu. Sosialist və millətçi şairlərin bir yerdə oxumağı, yəqin ki, taleyin oyunlarından biriydi.

Nəcib Fazil Bahriyə məktəbində şeirlər yazmağa, əllə yazılmış bir nüsxəlik "Nihal" dərgisi çıxartmağa başladı. Bu, onun ilk nəşriyyat işi olaraq tarixə düşəcəkdi...

Məktəbdə ingilis dilini yaxşı öyrənən Nəcib dünya ədəbiyyatının şedevr əsərlərini, Bayronu, Şekspiri ana dilində oxumaq imkanı tapdı.

Nazim Hikmət o vaxtlar Bahriyədə oxuyarkən Yəhya Kamalın tələbəsiydi. Nəcib kimi o da millətçi şeirlər yazırdı. Anası Cəmilə xanımın Yəhya Kamalla münasibətini öyrəndikdən sonra Nazim Bahriyədən və öz evlərindən getməli olur. Onun sonrakı taleyindəki dəyişiklik, sosialist olması, Trotskiyə pərəstiş etməsi, bəlkə də, Yəhya Kamalın onu aldatması ucbatından baş verdi.

Nəcib isə burda oxuduğu müddət şeirləriylə tanınmış, ad çıxarmışdı. Ancaq içindəki qərarsızlıq Nəcibə sonuncu, dördüncü ili burda oxumağa imkan vermədi və ordan ayrıldı...

Bu zamanlar Nəcib Fazil çox acı bir xəbər aldı: atası gənc yaşında vəfat etmişdi...

Parisə açılan yol

Darülfünunda oxumağa qəbul olunan Nəcib Fazil burda da dönəmin ən tanınmış ədəbiyyatçılarıyla tanış oldu: Ahmet Haşim, Yaqup Kadri, Faru Nafiz, Ahmet Kutsi...

"Yeni məcmuə" adlı dərgidə ilk şeirləri yayımlanan Nəcibi Yaqub Kadri və dostları yüksək qiymətləndirmiş, onun gələcəkdə böyük şair olacağına inanmışdılar.

1924-cü ildə digər məktəblərdən və eləcə də Darülfünundan xaricdə oxumaq üçün bir qrupun göndəriləcəyi məlumatı verildi. Bir azdan aydın olacaqdı ki, o qrupun içində bir gənc şair də var – Nəcib Fazil Qısakürək. Gələcəyin böyük şairi poeziya, şərab şəhəri Parisə gedirdi...

Paris

Nəcib Fazil Parisdə Sarbonna Universitetinə daxil oldu. Burda dönəmin mistik filosofu Henri Berqsonla tanış oldu. Ancaq Nəcibin içindəki qərarsızlıq burda da üzə çıxdı. O, Parisdə avara və sərgərdan günlər keçirdi, qumar sevdasına tutuldu. Bir il belə davam edən boş gəzintilər nəticəsində Nəcibin illik təhsil haqqı ödənilmədi və geri qayıtmağa məcbur oldu.

İstanbul

Şair İstanbulda da bir neçə il avara həyatına davam etdi. Az keçmədi ki, onun "Hörümçək toru" şeirlər kitabı çapdan çıxdı. Şeirləriylə təsəlli tapan Nəcib o zamanlar məşhur olan bank işinə girdi. Xarakterindəki dəyişkənlik burda da üzə çıxdı: o müxtəlif bank yerlərində çalışdı. Şair təbiəti ona bir yerdə uzun müddət qalmağa imkan vermirdi.

1928-ci ildə "Qaldırımlar" adlanan ikinci şeir kitabı çıxandan sonra Nəcib Fazilə böyük bir maraq yarandı. Qumar, qadın sevdasından qurtula bilməyən şair şöhrətin yaxasından bərk-bərk tutmuşdu. Deyilənə görə, bu dönəmlərdə "Beyza Xanım" deyə kod adı verdiyi kokain sevdasına da düşmüşdü. Nəcib Fazil İstanbul küçələrində yıxıla-dura, buludlar üstündə gəzə-gəzə dünyaya meydan oxuyurdu. Artıq onun üçün həyatın üst qatı deyilən bir şeyi qalmamışdı. O, həyatın dibinə yuvarlandıqca daha çox şair, daha çox insan olduğunu anladı...

Ankara. Əsgərlik. Şöhrət

Ankarada bank idarəsinə çağırılan Nəcib Fazil burda işləyə-işləyə müfəttişliyə qədər yüksəldi. Paytaxt şəhər İstanbula bənzəmirdi. İstanbul dağınıq, sərsəri şəhərdi, Ankara isə kostyum geyinmiş, yaxasına qalstuk vurmuş şəhərdi. Burda yaşamağın tək yolu da özünü mədəni göstərməyə çalışmaq, ayağının büdrəməyinə imkan verməməkdi. Eynən Avropa və Şərq kimi.

Ankarada mütləq siyasətə bulaşmalısan. Nəcib Fazil də burda aydınlarla tanış oldu. Darülfünundakı müəllimləriylə də əlaqəni kəsmir, tez-tez görüşürdü.

1931-ci ildə əsgərliyə çağırıldı. Millətçi şair olan Nəcib Fazil üçün əsgərlik mühüm bir yer tuturdu. O, bəlkə də, yalnız burda, əsgər ocağında Vətənin nə demək olduğunu iki il içərisində öyrəndi.

Əsgərliyi bitəndən sonra təzədən Ankaraya qayıtdı. Bu zaman onu şöhrətin zirvəsinə qaldıran və bütün Türkiyədə tanıdan "Mən və digəri" şeirlər kitabı çap olundu. Artıq Nəcib Fazil Qısakürək bir şair kimi açıq-aydın görünürdü...

Təsəvvüf

1934-cü ildə Nəcib Fazilin dünyagörüşünün dəyişməsində mühüm bir hadisə baş verdi. Nəqşi şeyxi olan Əbdulhakim Arvasiylə tanışlığı onun şeirlərində irfan düşüncəsini ortaya çıxardı. İçinə hopan təsəvvüf, irfan düşüncəsi Nəcib Fazili Tanrıya bir az daha yaxınlaşdırıb, onu real həyatdan uzaqlaşdırdı.

Evlilik. Həbs

1941-ci ildə Fatma Neslihan Balabanla evlənən Nəcib Fazil Qısakürəyin Mehmet, Ömər, Ayşə, Osman və Zeynəb adlı beş uşağı oldu. Xoşbəxtliyin zirvəsinə qalxan Nəcibi, sən demə, irəlidə pis günlər gözləyirmiş: 1942-ci ilin qışında 45 günlük əsgərlik üçün Ərzuruma aparılır. Və elə ordaca siyasi yazısına görə həbs olunur. Bu, şairin ilk həbs həyatıydı. O, çala-çuxura düşə-düşə həyatın əsl üzünü gödü. Bütün yaşantısı da bunu təsdiqlədi...

Müxalif Nəcib Fazil

Nəcib Fazil 1943-cü ildən siyasi mövqeyini və türk modernləşməsinə öz tənqidi münasibətlərini ortaya qoydu. Müxalif düşüncələri ifadə edən "Böyük Şərq" jurnalında çap olunurdu. Bu jurnal o dönəm çıxan ilk İslamçı dərgiydi. Başlanğıcda tanınmış yazarların yazıları dərc olunsa da, sonradan Nəcib Fazilin dəyişik imzalarla yazdığı məqalələr jurnalın əsas tərkibini tuturdu. Dərgi çox keçmir ki, tirajladığı düşüncəyə görə bağlanır. Nəcib Fazil isə yenidən əsgərliyə sürgün edilir...

1945-ci ildə "Böyük Şərq" jurnalı yenidən fəaliyyətini bərpa etdi. Nəcib Fazilin düşüncələri daha da qatılaşmışdı. Müxalif yönümlü dərgidə ancaq dini yazılar gedirdi. 1945-ci ildə "Tan basqısı" adlanan yürüşdə Nəcib Fazil mitinqi alqışlamış və gənclərə dəstək olmuşdu. Bir ildən sonra dərgi yenidən bağlandı. Nəcib Fazilin dərc olunan "Su" pyesi isə "milləti qanlı təşviqə yönəltmək" səbəbiylə məhkəməyə çıxarıldı.

1947-ci ildə dərgi təzədən yayımlanmağa başlasa da, bu dəfə Rıza Tevfikin dərc olunan şeirinə görə yenidən fəaliyyəti dayandırıldı və Nəcib Fazil həbs olundu. Şairi 1 ay 3 gündən sonra buraxdılar. Ancaq bəraət üçün Nəcib Fazil evindəki bütün əşyaları satmalı oldu...

Daha sonra Nəcib Fazil "Böyük Şərq Cəmiyyəti" qurdu. Çox keçmədi ki, məhz bu səbəbdən xanımı Neslihanla birlikdə həbs olundu. Əfv qərarından sonra şairi və xanımını azad etdilər.

1951-ci ildə "Qumarxana basqını"nında Nəcib Fazil həbs olundu. Şair ilk açıqlamasında orda olduğunu bildirsə də, daha sonra bunu təkzib edərək belə demişdi: "Mən bir nəfəri tutmaq üçün ordaydım və bütün bunlar Demokrat Partiyasının qurduğu tələdir". Cavanlığında qumara marağı şairi bir daha azadlıqdan məhrum etdi.

Bundan sonra çıxartdığı jurnal və qurduğu partiya ucbatından dəfələrlə həbs olunan Nəcib Fazilin həyatının yarısı dörd divar arasında keçdi...

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR