• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Polyaklara mina daşıyan ayı, yaponların abidə ucaltdığı it - adları tarixə düşmüş heyvanlar - FOTOLAR

  • Maraqlı
  • 29 Avqust 2015 21:58
  • 1 725 Baxış
Polyaklara mina daşıyan ayı, yaponların abidə ucaltdığı it - adları tarixə düşmüş heyvanlar - FOTOLAR

Tarixi insanlar yazır. Lakin tarixə düçən təkcə insanlar deyil. Dünyanın bəzi heyvanları da adlarını tarixı yazdırıblar. Publika.az olaraq onlardan bəzilərini sizə təqdim edirik:

Aleks adlı tutuquşu isə ən ağıllı tutuşuq kimi tanınan heyvandır. 1000-ə yaxın sözü söyləyə bilən, üstəlik, söyləyə bildiyi sözlərin mənasını dərk etmiş quş 6-a qədər sayır, hətta cümlələr düzüb qoşurdu. 7 rəngi, böyüklə kiçik arasındakı fərqi, bir şeyin yuxarıda, ya da aşağıda olduğunu müəyyən edə bilən tutuquşu nədənsə sıxıldıqda "Mən gedirəm" – deyib arxasını yanındakılara çevirirdi.

İkinci Dünya Müharibəsi illərində, 1942-ci ildə anası öldürülən və tək qalan bala ayı Voytekə Polşa ordusunun əsgərləri sahib çıxdılar. Əsgərlərdən hərbi nizam qaydalarını, o cümlədən salam verməyi, güləşməyi öyrənən bu heyvan öz davranışları ilə hərbçilərin sevimlisinə çevrildi. Müharibə dövründə polyak əsgərlərlə birlikdə çadırlarda yaşayan Voytek onlar üçün silah-sursat daşıdı. Ağır top mərmilərini qucağlna alan ayı balası onlardan heç birini əlindən yerə salmadı. Bu xidmətlərinə görə ona rəsmi nömrə və hərbi rütbə verildi. Voytek 22-ci topçu alayının şəxsi heyət üzvlərindən birinə çevrildi. Müharibə boyu cəbhədən-cəbhəyə yerini dəyişən bu heyvan 1947-ci ildə ordu sıralarından tərxis edildi. Və heyvanat parkına təhvil verildi. Voytekə onun xidmətlərini unutmayan əsgər yoldaşları və jurnalistlər daim baş çəkirdilər. 1963-cü ildə 22 yaşında ölən heyvana Edinburqdakı heyvanat parkında abidə ucaldıldı.

Topsi tarixdə elektrik cərəyanı ilə öldürülən ilk fil idi. Bir çoxları heyvanın edamının iki alim arasındakı rəqabətin nəticəsi olduğunu iddia edir. Həyatının son 3 ilində dalbadal 3 insanın ölümünə səbəbkar olmuş quru nəhəngini 1500 insanın qarşısında edam etdilər. Orqanizminə yüksək gərginlikli elektrik cərəyanı buraxılan filin ölüm səhnəsi alim Edisonun Tesla qarşısında qələbəsini reallaşdırır.

Sirkdə seyrçiləri əyləndirən Meri adlı fil də onu döyən nəzarətçini öldürməsi səbəbindən ölümə məhkum edildi. Yarım saat ərzində dar ağacından asılı qalan heyvanın bu cür edam edilməsi əsl qəddarlıq idi. ABŞ-ın Kinqston qəsəbəsi sakinləri həmin edamdan utanc və peşmanlıq hissi keçirdiklərini bu gün də etiraf edirlər.

Kosmos tədqiqatlara göndərilmiş Albert-1 və Akbert-2 meymunları da tarixə düşmüş heyvanlardandır. Onların orqanizmləri insan orqanizminə oxşar olduğundan Yer kürəsindən uzaq məsafələrdəki kosmik uçuşlarda məhz bu heyvanlar iştirak etdilər. Özü də bu uçuşlar hər iki heyvana onların həyatı bahasına başa gəldi.

Sovet iti, kosmonavt Layka da adını tarixə yazdırmış heyvanlardandır. Yerin orbitinə çıxmış bu heyvan "Sputnik-2" ilə təhlükəli səfərə - tədqiqatlara göndəriləndə 2 yaşında idi. O da kosmosda məhv oldu. Əslində həmin dövrə Laykanın geriyə sağ qayıtmasına ümid yox idi. Rusiya bu heyvanın xidmətlərini unutmadı: - bir müddət adına papiros istehsal edilmiş heyvana 2008-ci ildə abidə də ucaldıldı.

Kosmosdan sağ qayıtmış ilk heyvan Beykr adlı dişi meymundur. Onunla birlikdə kosmosa digər meymun Yerə qayıtdıqda ölsə də, Beykr 1984-cü ilə qədər yaşadı. Onun məzar daşında da bu canlının kosmosdan ilk sağ qayıdan heyvan olması qeyd edilib.

Almaniyada akvariumda saxlanılmış, 2008-ci ilin futbol üzrə Avropa çempionatı, 2010-cu ilin dünya çempionatı çərçivəsində keçirilmiş oyunların nəticələri haqda dəqiq proqnozlar vermiş oktapod Paul da adını tarixə yazdırmış heyvanlardandır. 2010-cu ilin dünya çempionatının finalı haqda proqnozları düz çıxmış heyvan "pensiya"ya çıxdı və bir müddət sonra saxlanıldığı akvariumda da öldü. Ona akvariumda ucaldılmış abidə indi də qalmaqdadır.

1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatından əvvəl oğurlanmış kubokun yerini müəyyənləşdirmiş Piklez adlı it də adını tarixə yazdırıb. Qeyd edək ki, kubok həmin ilin 20 martında sərgiləndiyi muzeydən oğurlanmışdı. İngiltərə polisinin günlərlə davam edən axtarışları nəticə vermədi. Əgər Piklez olmasaydı, kubok bəlkə heç bu günə qədər də tapılmayacaqdı. Ölkəni böyük rəzalətdən qurtarmış heyvan adını tarixə yazdırdı. "İlin iti" adını qazanan heyvan sahibinə sahibinə milyonlar bəxş etdi. Barəsində sənədli və cizgi filmləri çəkilib.

Klonlaşdırılan ilk heyvan, qoyun Dolli də tarixə düşüb. Onun klonlaşdırılması ilk dəfə 1996-cı ildə ictimaiyyətə açıqlandı. Bu isə ictimaiyyətdə böyük rezonans yaratdı. Avropa mətbuatı bununla bağlı hətta reportajlar da hazırladı. Dolli bütün ömrünü doğulduğu Rozlen universitetinin laboratoriyasında, xüsusi otlaqda keçirdi və 6 quzunu dünyaya gətirdi. 2003-cü ildə ölmüş heyvan mumiyalandı və indi də muzeydə nümayiş etdirilir.

Yaponiyada dünyaya gəlmiş Xaçiko adlı iti bu ölkədə indi də ehtiramla yad edirlər. Universitetdə müəllim işləyən yaponlardan biri tərəfindən hələ küçük ikən satın alınmış və illər uzunu sahibini ali məktəbə ötürmüş bu sadiq heyvan hardan biləydi ki, yiyəsi 1926-cı ildə dərs zamanı dünyasını dəyişib. Xaçiko buna baxmayaraq düz 10 il – 1936-cı ilə qədər, ömrünün sonunadək dəmiryol stansiyasında sahibinin yolunu gözlədi. Xatikonun ölümü günü Yaponiyada 1 günlük matəm elan olundu. Yaponlar ona abidə də ucaltdılar. Heyvanın mumiyalanmış meyiti indi də Yaponiyada sərgilənməkdədir. Yaponlar hər il 8 martında bu heyvanı yad edir, abidəsi üzərinə toplaşır, əklil qoyurlar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR