• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hollivud ulduzu: “Arvadımla qızlarım canımı boğazıma yığıblar”

  • Maraqlı
  • 9 Oktyabr 2014 17:55
  • 2 481 Baxış
Hollivud ulduzu: “Arvadımla qızlarım canımı boğazıma yığıblar”

Mett Deymon Hollivudun ekstra klassik ulduzu hesab olunur.

Lakin Mett özü bu fikrin tamamilə əleyhinədir: "Elə aktyorlar var ki, ulduz kimi doğulur. İnsan gözünü onlardan çəkə bilmir. Məsələn, Corc Kluni. Və ya digər dostlarımı da göstərə bilərəm. Ancaq mən belə deyiləm. Mən elə darıxdırıcı insanam ki, heç paparasilər arxamca düşmür. Bundan əlavə, mən hələ də evliyəm".

İstəyirsiz inanın, istəmirsiz yox, lakin oktyabrın 8-də 44 yaşını qeyd edən rejissor, prodüser və ictimaiyyətin sevimlisi belə hesab edir.

- Mett, siz qısa vaxt ərzində 4 qız uşağının atası olmusunuz. Arvadınız Luçana da daxil olmaqla, bu qədər qadının ətrafında yaşamaq nə təəssürat doğurur?

- Super! (Gülür). Əlbəttə, onlar mənim yaxşı mənada canımı boğazıma yığıblar. Hətta, 4 yaşlı kiçik qızım Stella da istisna deyil. Mən başımdakı ağarmış tükləri göstərib qızlarımdan birinə deyirəm: "Baxın, başımı ağardan siz olmuşunuz!" Həqiqətən də, mənə hələ də qəribə gəlir. Bir neçə il bundan əvvəl mən uşaqlarımın anasının kim olacağını belə təsəvvürümə gətirə bilmirdim. Tale! Bilirsiniz, mən buna çox inanıram. Bəs mən öz gələcək arvadımla necə tanış ola bilərdim? 2003-cü ildə filmlərdən birində oynamaq üçün təklif almışdım. Artıq razılaşmışdım da. Lakin sonradan Farelli qardaşlarının layihəsinə qoşulmağa qərar verdim. Ona görə də kino çəkilişləri üçün Mayamiyə getməli oldum. Ora axı günəşli və istidir (Gülür). Beləliklə də, mən Mayamidə Luçano (Luçano Barozzo Argentinada doğulub. Restoranların birində ofisiant kimi çalışıb. Film çəkilişləri zamanı işçi qrupun əyləncə gecələrinin təşkil olunmasına yardım edib – red. ) ilə tanış oldum. Özünüz deyin, məgər məni onun yanına tale aparmadı? Luçano gözəl, ağıllı və Hollivud ulduzlarından tamamilə uzaq duran adamdır. Mənə də elə beləsi lazım idi. Axı mən dünyanın ən darıxdırıcı insanıyam. Mən çəkilişarxası səhnələrdə, belə deyək ki, özümü sanki mühasib kimi hesab edirəm. Bəli, "Oskar" mükafatını təsadüfən qazanmış mühasib kimi. (Gülür)

- Sizin arvadınız təbiətən müdrik qadındır. Sizin uğurlu izdivacınızın səbəbi, bəlkə də, budur...

- Biz Luçano ilə "iki həftənin" qayda-qanunlarını işləyib hazırlamışıq. Bu o deməkdir ki, mən arvadım Luçano və qızlarımdan 2 həftədən artıq uzaq qalmayacam. Əks halda, onlar da mənimlə gedəcək. Nəticədə, sandıqlar açılmalı, çoxlu sayda çamadan yığılmalı, hələ bu azmış kimi, dayə və köməkçilərim də yola çıxmalıdır. "İki həftə" qaydaları dəqiqliyi ilə işləyir, hələ heç bir pozuntu baş verməyib. Bizə həyatda dramatik səhnələr lazım deyil. Onsuz da ətrafımızda kifayət qədər dram var. Təəssüf epizodları və vida görüşmələri, sərsəri ərin evə qayıdışı kimi ürəkparçalayan səhnələr... Mən daim yerində olmayan ər rolunu oynamaq istəmirəm. Luçano isə yerində olmayan ərin arvadı rolunda olmaq istəməzdi.

- Belə deyək ki, həyatınızın 40-cı ilindən sonra siz dincliyə, xoşbəxtliyə və uşağa sahib olmusunuz. Və bir çox kişilərdən fərqli olaraq (həmçinin qadınlardan da), yaş böhranı sizdən yan keçib...

- Bəli, 40 yaşdan sonra mən inanılmaz ruhi sakitliyə qovuşmuşam. Buna oxşar hissləri nə 25, nə də 30 yaşımda yaşamışam. Əvvəllər məni narahat edən suallara cavab verirdim, xəstələnirdim, bu vəziyyətdən çıxış tələb edirdim, hər şeyi tərk edirdim və ümid edirdim ki, bir daha qayıtmayacağam. İndi isə mənim üçün əsas sağlamlığımdır. Sağlamlığımı qorumalıyam ki, ailə sevinclərindən, arvadım və uşaqlarımın mühitindən daha çox həzz ala bilim. Qeyd edim ki, 40 yaşımı da çox sadə qeyd etmişik. Yaxın dostlar və qohum-əqrəba ilə boulinq oynayıb restoranların birində şam etdik. Luçano ilə toyumuz də belə keçib. Toyu təmtəraqlı keçirmədik, Nyu-Yorkda meriya qarşısında nikaha imza atdıq. Bizim yanımızda arvadımın əvvəlki nikahdan olan qızı Aleksiya da vardı. Aleksiyanın atası var və Mayamidə yaşayır. Ona görə də, biz ildə bir dəfə Mayamiyə köçürük. Əslinə qalsa, onun digər 3 bacısı və özü arasında heç bir fərq qoymuram. Bir şey üçün narahat oluram: qızım yeniyetməlik yaşına çatır, onun artıq 14 yaşı var. Mən isə bu yaşda oğlanların qız haqda nə düşündüklərini yaxşı bilirəm! (Gülür). Lakin Aleksiya ağıllı qızdı, özünü müdafiə edə bilir. Ona görə də hesab edirəm ki, biz bu dövrü uğurla başa vura biləcəyik. Mənim 2 yaşım olanda valideynlərim boşanıb. 16 yaşında isə anamın artıq sevgilisi vardı. O, mənim və qardaşım üçün yaxşı ata rolunu oynaya bilirdi. Lakin doğma atam Yeni İl ərəfəsi bizə gəlib baş çəkərdi. Qonşu otaqda yatıb səhəri günü bayramı bizimlə qeyd edərdi. Hamımız bir yerdə olardıq. Bütün bunlar mənə dərs verib.


- "True Grit" filminin çəkilişlərinə hazırlaşan rejissor Koen qardaşları uzun müddət sizi müşahidə ediblər. Axı siz daha çox "action" janrlı filmlərdə çəkilirsiz və onlar sizin üzərinizdən o möhürü götürməklə fərqli bir janrlı filmə dəvət etmək istəyirdilər.

- Bilirəm ki, bir neçə il ərzində mən "action" filmlərin "qəfəsində" saxlanmışdım. Ancaq bundan əziyyət çəkmək aktyor üçün ölümə bərabərdir. İndi yenə də bu janra üz tutmuşam və məni lağa qoymağa başlayırlar. Mən "Nizamlama Bürosu" ("The Adjustment Bureau") trillerini nəzərdə tuturam. Bu filmi Born obrazı ilə müqayisə edirlər. Allah canlarını sağ etsin. Mənim fikrimcə, orada oxşarlıq bir yerdədir: ondadır ki, o filmdə də mən yenə də qaçıram (gülür)... Məşqçim sağ olsun, yoxsa mən bütün bu qaçhaqaçları çoxdan atmışdım. Koen qardaşlarını isə artıq 16 il idi ki, gözləyirdim. Onlardan təklif almaq mənim üçün möcüzəvi idi. Coel Koenlə 1994-cü ildə arvadı Frensis Makdormand və Tommi Li Consla eyni filmdə çəkildiyimiz vaxtlar tanış olmuşam.

- Bu yaxınlarda tənqidçilərdən biri sizi Klint İstvudun "Axirət" ("Hereafter") filmindəki çıxışınızı karyeranız dövründə ən darıxdırıcı rol adlandırıb...

- Mən özümü turist avtobusun bələdçisi kimi təsəvvür edirəm. Onun öz marşrutu var və lazım olan şeyləri danışmaqla məşğuldur. Kimə maraqlı deyilsə, avtobusdan düşüb başqasına minə və oradakı bələdçinin danışıqlarına qulaq asa bilər. Mənim arzum Klint İstvud kimi yaradıcı həyatı yaşamaqdır. O, mənə bir dəfə deyib: "Mett mən yalnız xoşuma gələn filmləri çəkirəm. Və danışmaq istədiyim hekayələri danışıram". Mənim karyeramda elə bir dövr olub ki, hamı məndən üz döndərib və 1 il müddətində heç kimdən ssenari almamışam. Bu, 2 ard-arda çəkildiyim filmin uğursuzluğundan sonra baş verdi. Bundan sonra sanki üstümdən qara xətt çəkildi. Hesab edirəm ki, indi vəziyyəti nəzarət altında saxlayıram. Mən yenə də əvvəlki kimi çox işləyirəm (hesab edirəm ki, hər bir aktyor üzünü tər basana kimi çalışmalıdır), lakin həmişəki kimi çox yox. O vaxtlar demək olar, hər bir rolun arxasınca cumardım. Mən dostum Ben Affleklə Boston şəhərini tərk edəndə hesab edirdik ki, şöhrət və rollar üstümüzə axın edəcək. Mən məktəbdən sonra yüksək balla Harvard universitetinə ödənişsiz əsaslarla qəbul olmuşdum. Lakin Harvardı bitirməyə az qalmış universiteti tərk etməyim əbəs yerə deyildi. Beləliklə də, şəhəri tərk etdikdən sonra qaldığımız evin kirayə haqqını kimin əlində pul olardısa, o ödəyərdi. Bir dəfə rolu itirməkdən elə qorxdum ki. Söhbət 1996-cı illərdən gedir. Məni Edvard Tsivikin "Courage Under Fire" filminə dəvət etdilər. Mən orada narkoman əsgər rolunu oynayırdım. Və hər gün 13 kilometr məsafəni qaçırdım. Yalnız qəlyanaltı ilə qidalanardım və bədənimə proteindən başqa heç nə daxil olmurdu. Nəticədə, xəstələndim. Düşünmə və qavrama qabiliyyətimi itirdim. Düz bir il dərman altında yaşadım. Biz elə bu aralarda Ben Affleklə "Ağıllı Uill Hantinq" (Good Will Hunting) filminin ssenarisini yazıb bitirmək üzrə idik. O, filmə görə də "Oskar" qazandıq. O zamanlar isə mən xəstəlikdən yenicə özümə gəlmişdim.

- Əvvəlki kimi, Afflekin fikirləri sizin üçün və ya sizin fikirləriniz onun üçün önəmlidirmi?

- Birmənalı olaraq, bəli. O, "Oğrular şəhəri" filmin ilkin variantını mənə göndərdi. Növbəti dəfə mən yenidən onun işinə heyran qalıb, öz-özümə dedim: "Bu Ben necə də istedadlıdır!". O axı öz karyerasını havadan düzəldib. Elə mənim kimi (Gülür). Lakin mən onu müəllimim hesab edirəm. O, bizim ölkədə çoxlarının bacarmadığı işi görüb: ssenari yazıb, baş rolda oynayıb, pul tapıb. Və sözsüz ki, layihənin uğurlu alınması üçün əlindən gələni edib.

-Düzdür ki, siz Ceyms Kemeronun "Avatar" filmində çəkilməkdən imtina etmisiniz?

-Düzdür. Ceyms mənə zəng edərək dedi ki, mənim üçün baş rolu nəzərdə tutduğu layihə var. Lakin çəkiliş cədvəlində uyğunsuzluq yarandı. Mənim burnum qanasa da, "Bornun Ultimatumu" ("The Bourne Ultimatum") filmini sona çatdırmalı idim və Kemeronla uzlaşa bilmirdim. Born obrazını isə atıb gedə bilməzdim! Həyatımda bu vaxta qədər heç kimi yarı yolda qoymamışam. Yol üstündə atları dəyişmək mənlik deyil.

-Klint İstvudun "Hereafter" filmində sadə oğlan rolunu canlandırmısınız. Sonradan bu oğlan təsadüfən ölülərlə əlaqə yara bildiyini aşkar edir. Bəs özünüz mediumlara inanırsınız?

- Sözün düzü, yox. Məncə, onların hamısı fırıldaqçıdır. Ya da ki, hələ də bu vaxta kimi qarşıma inana biləcəyim ekstrasens çıxmayıb. Əslinə qalsa, mən onlardan qorxuram. Lakin kliniki ölüm keçirdən insanların danışdıqlarına inanıram. Martin Şin "Apokalipsis bu gün" ("Apocalypse Now") filminin çəkilişi zamanı keçirdiyi ürək tutmasından sonra baş verənləri mənimlə bölüşdüyünü xatırlayıram. O, bir neçə dəqiqə həyatdan kənarda olub. Hesab edirəm ki, kliniki ölüm keçirən insanları ölümqabağı qorxunun olmaması birləşdirir.

- Siz Hollivud ulduzlarına məxsus olan xeyriyyəçiliklə çox məşğul olursunuz…

- Bəli, lakin digər ulduzlardan fərqli olaraq, reklam çarxında çəkilib növbəti ətirə öz adımı vermirəm. Mənim məşğuliyyətimin əsasında Afrika ölkələrində içməli suyun təminatı, uşaqlara tibbi avadanlıqların çatdırılmasıdır. Əgər siyasətçilər bütün bu öhdəliklərini boynuna götürüb məşğul olmurlarsa, bunları yerinə yetirmək biz insanların boynuna düşür. Düşünürsüz, biz məşhurlar bunları piar məqsədi üçün edirik? Nə istəyirsiniz, düşünə bilərsiniz. Dərman və antisanitariya avadanlıqlarının olmaması və ya malyariya ağcaqanadının dişləməsi ucbatından Afrikada hər saniyədə neçə uşağın tələf olmasından xəbərim var. Öz uşaqlarınız olanda dünyaya gələn hər bir həyatın qədrini bilirsiniz. Bəli, elə bu günü mən Benlə təyyarəyə minib birbaşa Qanaya yollana bilərik. Biz bunu etməsək, o zaman kim edəcək?

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR