• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

23 il əvvəl Şuşada ermənilərin vurduğu və içində 47 nəfərin həlak olduğu vertolyotun izi ilə - ARAŞDIRMA

  • Maraqlı
  • 29 Yanvar 2015 08:38
  • 792 Baxış
23 il əvvəl Şuşada ermənilərin vurduğu və içində 47 nəfərin həlak olduğu vertolyotun izi ilə - ARAŞDIRMA

Bu gün çox təəssüflər olsun ki, Azərbaycan mətbuatında 28 yanvar 1992-ci il tarixində baş vermiş Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən Mi-8T vertolyotunun erməni işğalçı qüvvələri tərəfindən vurulması haqqında heç bir araşdırma aparılmır...

2014 noyabrın 12-də cəbhə xəttini keçərək mövqelərimizə həmlə edən Mİ-24 hərbi vertolyotu ordumuz tərəfindən uğurla zərərsizləşdirildi. Düşmən vertolyotunun zərərsizləşdirilməsinə baxmayaraq informasiya sahəsində beynəlxalq sferaya yetərincə həqiqəti nümayiş etdirə bilmədik.

23 il əvvəl də belə oldu...

28 yanvar faciəsi zamanı 44 nəfər dinc sakinin terror qurbanına çevrilməsi heç bir beynəlxalq qrum tərəfindən hüquqi status almadı. Faciə yalnız 1993-cü ildə ABŞ-ın Federal Aviasiya Administrasiyasının hesabatında aviasiya təhlükəsizliyi üzrə Mərkəzi Avrasiyanın ən əhəmiyyətli hadisəsi adlandırıldı.

Mövqelərimizə həmlə edən erməni hərbi vertolyotundan fərqli olaraq Ağdamdan Şuşaya hərəkət edən vertolyot mülki vertolyot idi.

O dövrdə azərbaycanlı əhalini daim qorxu və vahimə içərisində saxlamaq üçün erməni lobbisinin yardımı ilə xarici ölkələrdən gətirilən muzdlu döyüşçülər və "ASALA" terror təşkilatının üzvləri yollarda pusqular quraraq azərbaycanlılara qarşı qəfil hücumlar təşkil edir, terror aktları törədirdilər.

Müharibənin ilk dövrlərində açıq müharibə üsulunun çətin olacağını anlayan erməni hərbi qüvvələri bütün gücləri ilə Qarabağın içərilərində və ona bitişik digər ətraf ərazilərdə partizan xarakterli manevrlər aparırdılar.

Ermənilər aldadıcı manevrlərlə Azərbaycanın özünümüdafiə batalyonlarının hücumlarını qabaqcadan müəyyən edilmiş istiqamətdən yayındırmaqla döyüş mövqelərində pərakəndəlik yaratmaq istəyirdilər. Şuşa ətrafında mühasirənin getdikcə daralması, bir çox kəndlərlə əlaqənin tamamilə kəsilməsi və nəticə etibarı ilə Şuşa-Ağdam, Şuşa-Laçın yolunun bağlanmasına səbəb oldu.

Əhalinin quru yolla hərəkətinin məhdudlaşması səbəbiylə onların daşınması üçün vertolyotlar "avtobus" funksiyasını yerinə yetirməyə başladı. Şuşadan bir-iki, Ağdamdan isə üç-dörd vertolyot qalxırdı.

28 yanvar 1992-ci ildə Ağdamdan Şuşaya hərəkət edənn növbəti vertolyotun uçuşu zamanı faciə baş verdi. Belə ki, mülki əhalini daşıyan "Azal" konserninə məxsus 24137 bort nömrəli Mİ-8T vertolyotu ermənilər tərəfindən "Yer-Hava" tipli raketlə vuruldu.

Yanvarın 28-də Rusiya televiziyasının birinci proqramında Moskvadakı Azərbaycan nümayəndəliyi bəyanat verdi ki, saat 16:20-də Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən "Mİ-8T" vertolyotu erməni seperatçıları tərəfindən vurulmuşdur.

Həmçinin qeyd edilirdi ki, vertolyot daxilində uşaqlar da daxil olmaqla 30-dan çox sərnişin olub və vertolyot Xankəndindən açılan raket atəşi ilə vurulub.

Çoxlu sayda uşaq və qadın ölümünə səbəb olan bu faciə hələ də erməni mətbuatı və rəsmiləri tərəfindən "qəza" adlandırılmağa davam edir. Azərbaycan nümayəndəliyinin bəyanatından sonra Qarabağda yerləşən erməni qüvvələrinin baş qərargahı, dəstələrin komandirləri Qarabağda "Yer-Hava" tipli raket qurğusunun olmasını inkar etdilər.

Hələ "Azq" qəzeti 2 fevral 1992-ci il sayında bildirirdi ki, guya hadisə şahidlərinin ifadələrinə görə vertolyot qəzasının səbəbi onun quyruq hissəsinin zədələnməsi və sıx dumanın yüksəlməsi ilə bağlı olub. Ermənilər vertolyotun istilik axtaran raket tərəfindən vurulması fərziyyəsi rədd edir və onun bu tipli raketlərə qarşı tədbirli olduğunu bildirirdilər.

Halbuki həmin dövrdə vertolyotlar istilik axtaran raketlərə qarşı təchiz edilməmişdi. Ermənilərin yalanları elə onların özləri tərəfindən təkzib edilir. Belə ki, müəllifi Riçard Kababçıyan olan PlaneCrashinfo jurnalı vertolyotun 16:20 radələrində "Yer-Hava" tipli raketlə vurulmasını bildirir.

Azq qəzeti yazır: "...İnformasiya agentliklərinin məlumatına görə,vertolyotla qadınlar və usaqlar evakuasiya edilib. Bilmək maraqlıdır ki, niyə Ağdamdan uşaqlar ve qadınlar Şuşaya evakuasiya edilib? Eyni xəbər mənbələrinə görə burada yaşamaq üçün su , işıq, qaz yoxdu idi. Azərbaycan televiziyasının "24 Saat" və bir digər proqramlarının verdiyi məlumata görə davamlı bombardman və həyat şəraitinin qeyri-mümkün olması səbəbiylə Şuşadan uşaqlar, qocalar, qadınlar çıxarılıb".

Təbii ki, hadisə daxilində ziddiyyətlər yaratmağa çalışan erməni qəzeti Şuşanın bütövlükdə tərk edilməsini göstərməyə çalışır.

Düşünürük ki, vertolyot daxilində Ağdamdan Şuşaya gedən sərnişinlər arasında qadın və uşaqların çoxluq təşkil etməsi bu təxribatçı məlumatı əsassız edir.

Daşaltı əməliyyatında iştirak edən Füzuli Rzaquliyev həmin günü belə xatırlayır: "O zaman yollar bağlı idi və mülki əhalinin daşınması üçün vertolyotlardan istifadə edirdik. Erməni alçaqlar Ağdam-Şuşa vertolyotunu Xankəndi tərəfdən vurdu. Vertolyotun raketlə necə vurulmasını, alışmasını biz anbaan gördük. Çox dəhşətli mənzərə idi. Körpə uşaqlar, qadınlar, qocalar özlərini yanan vertolyotdan aşağı, dağların, meşəliyin üstünə atırdılar. O hadisə zamanı 3 nəfər də heyət üzvü də həlak oldu. Mülki əhali o zaman Ağdamdan Şuşaya gəlirdi, adamların necə yanıb meşəyə töküldüklərini gördük, olduqca dəhşətli mənzərə idi. Bizim nəzarətimizdə olan əraziyə düşdüyü üçün sonradan onların cəsədlərini götürdük. Bu, böyük bir terror idi. Həmin cinayətin də cəzası indiyədək verilməyib".

Ermənilər Qarabağdakı kəşfiyyat məlumatlarına və ermənilərin ifadələrinə əsaslanaraq Şuşada yalnız hərbçilərin qalmasını bildirirlər. Və buna görə də vertolyotda qadın və uşaqların olmasını bütövlükdə rədd edirdilər.

Bütövlükdə "Azq" qəzeti hadisəni istədiyi şəkildə göstərmək üçün- siqaret yanğını, improvizə edilmiş silah-sursatın fəsadı, vertolyotun quyruğunda baş vermiş yanğın və vertolyotun 20 nəfərdən artıq şəxs tuta bilməməsi- bütün vəziyyətləri "doğru" şəkildə göstərməyə çalışır.

Belə ki, Xankəndidə ermənilər tərəfindən qanunsuz formalaşdırılmış "daxili işlər idarəsi"nin hesabatına görə vertolyotda Şuşanın müdafiə qabiliyyətini gücləndirmək üçün xeyli sayda hərbçi, silah və sursatlar vardı.

Qondarma qurumun və "Azq" qəzetinin sual və iddialarına cavab olaraq bildirim ki, ABŞ Nəqliyyat departamentinin "Cinayət aktlarına qarşı Mülki Aviasiya" adlı hesabatında Mİ-8T vertolyotunun birbaşa "Yer-Hava" tipli silahla vurulması bildirilir.

Ərazidən cəsədlərin toplanmasına yardım edən azərbaycanlı jurnalist Kərim Kərimli də cəsədlərin sayını təstiq edir və raketin Xankəndidən atıldığını bildirir.

Bununla yanaşı Tom Koper "Air War over Nagorno-Kharabakh, 1988-1994" və İlya Maksakov "Jouralists in the Karabakh War" adlı kitablarında da vertolyotun ermənilər tərəfindən vurulmasını göstərir və onu terror aktı kimi qiymətləndirirlər.

Araşdırmalara görə vertolyota Strela-2 və Stinger silahlarından atəş açıla bilərdi.

Viktor Seryoginin pilot olduğu ekipajda, Səfa Axundov ikinci pilot, Ərəstun Mahmudov isə bort operatoru idi.

Viktor Seryogin alova bürünmüş vertolyotu kənara yönəldərək ətrafda yaşayan insanların tələf olmasının qarşısını ala bildi və özü heyətlə birlikdə həlak oldu. Araşdırmalar zamanı həlak olmuş şəxslərin yalnız dördünün adlarını- Abbasov Şahin, Abbasova Səadət, Abbasova Sədaqət, Sevindikov Qara- əldə edə bildik.

Vertolyot Şuşanın Xəlfəli kəndi yaxınlığına, yaşayış yerlərindən kənara yana-yana düşərək partladı. Bunu kadr olaraq bir çox televiziyalar göstərdi. Maraqlı məlumatlardan biri də bu ərazidə "ASALA" terror təşkilatının radikal qanadı üçün təlim düşərgəsinin olması idi.

Ərazidən cəsədləri Bayram Muxtarov və Qlininkonun idarə etdiyi vertolyot heyəti çıxarmışdı. Ekipaj heyətinin hər biri ölümündən sonra "Azərbaycanın Milli Qəhərmanı" adına layiq görüldü və Şəhidlər Xiyabanında dəfn edildi.

23 il əvvəl Mərkəzi Avrasiyanın ən əhəmiyyətli hadisəsi kimi qiymətləndirilən bu faciə beynəlxalq səviyyədə hələ də öz hüquqi statusunu almamışdır.

47 nəfər mülki şəxsin ölümü ilə nəticələnən bu faciyəyə görə Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır və bu cinayət görə cavab verməlidirlər.

modern.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR