• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rastropoviçin “yıldırım aşkı” - Dahi bəstəkar dörd günə necə evləndi? - FOTOLAR

  • Maraqlı
  • 27 Aprel 2015 17:24
  • 1 094 Baxış
Rastropoviçin “yıldırım aşkı” - Dahi bəstəkar dörd günə necə evləndi?  - FOTOLAR

Əvəzolunmaz violonçel ifaçısı, dirijor, ictimai xadim, SSRİ-nin xalq artisti bakılı Mstislav Leopoldoviç Rostropoviçin anım günüdür.

Publika.az "Bizim tərcümə" layihəsində 2007-ci il aprelin 27-də 80 yaşında vəfat edən dahi ifaçının həyat hekayəsini təqdim edir.

Rostropoviç 1927-ci il martın 27-də Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlib. Onun atası violonçel ifaçısı, SSRİ-nin əməkdar artisti, anası isə peşəkar pianoçu olub. Rostropoviçin 7 yaşı olarkən ailəsi Moskva şəhərinə köçüb.

12 yaşında konsert verdi

Mstislav Rostropoviç 4 yaşından etibarən musiqi təhsili almağa başlayıb və artıq 12 yaşında ilk çıxışı baş tutub.

Müharibə illərində Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçürülüb. Öz uşaqlığını xatırlayan dahi maestro deyərdi: "...Heç nəyi unutmamışam. Orenburqda yaşadığımız vaxt günlərin birində evdə suyumuz donmuşdu. Gecəni çox çətinliklə keçirdik, səhər isə tanımadığımız bir adam bizə odun və "burjuyka" (kiçik dəmir soba) gətirdi. Onun sayəsində biz sağ qaldıq".

1942-ci ildə ailə başçısı ürəktutmasından vəfat etdi. Bu hadisə 15 yaşlı Mstislavın taleyində qırılma nöqtəsi oldu. Çünki bundan sonra ailənin məsuliyyəti və öhdəlikləri onun çiyinlərinə düşdü. O, atasını əvəz edərək müəllimlik fəaliyyətini davam etdirirdi, konsert estrada bürosunun artisti oldu və artist briqadası ilə qastrollara gedirdi.

İkidən beşə

Konservatoriyada oxuyarkən uğurlarına görə onu ikinci kursdan birbaşa beşinci kursa keçirdilər. O, 1946-cı ildə Moskva konservatoriyasını eyni zamanda iki fakültə üzrə bitirdi: bəstəkarlıq və violonçel.

Rostropoviç musiqiçi-ifaçı mükafatı ilə təltif olunub, Praqa və Budapeştdə keçirilən Beynəlxalq müsabiqədə (1947, 1950) qalib gəlib. O vaxtdan etibarən Rostropoviç SSRİ, Avropa və bütün dünyada konsert proqramları ilə çıxış etməyə başlayıb.

Sovet vətəndaşlığından məhrum olundu

Yüksək fəxri adlara layiq görüldükdən sonra dünyanın bir nömrəli violonçel ustası sovet hökumətində "xoşagəlməz" vəziyyətlə üzləşib. Belə ki, 1978-ci ildə Rostropoviç və həyat yoldaşı Qalina Vişnevskaya "sosializmin qalib gəldiyi dünyada ilk ölkə"yə qarşı çıxaraq vətəndaşlıqdan məhrum edilib. Çünki o, sovet rejiminin ən təhlükəli illərində belə kommunist ideologiyasına zidd olaraq demokratik ideyalarını çəkinmədən səsləndirib. Nəticədə, Rostropoviç ailəsi Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanıb.

Tanışılığından 4 gün sonra ailə qurdu

Rostropoviçin həyatını sevdiyi qadın Vişnevskayasız təsəvvür etmək olmaz – onlar tanışlıqlarının 4-cü günü ailə qurublar.

Qısa müddətdə ailə qurmalarına baxmayaraq, birgə uzun və xoşbəxt ömür yaşayıblar. Onlar bir-birlərini ilk dəfə olaraq "Metropol" restoranında görüblər. Böyük teatrın parlayan ulduzu ilə gənc violonçel ustası xarici nümayəndələrin təşkil etdiyi tədbirdə qarşılaşıblar. Mstislav Rostropoviç o anı belə xatırlayırdı: "Gözlərimi yuxarı qaldırdım və pilləkənlərdən sanki ilahənin düşdüyünü gördüm... Mən hətta nitq qabiliyyətimi də itirdim. Və həmin dəqiqə qərara gəldim ki, bu qadın mənim arvadım olmalıdır".

Vişnevskaya getməyə hazırlaşanda Rostropoviç onu ötürmək üçün təkid etdi:

"Yeri gəlmişkən, mən ərdəyəm!" - Vişnevskaya ona xəbərdarlıq etdi.

"Yeri gəlmişkən, biz hələ buna baxarıq!" - Mstislav cavab verdi.

Vişnevskayanın arxasınca

Ən başlıca hadisə "Paris baharı" festivalında oldu. Orada Vişnevskaya, nəhayət ki, ifaçıya nəzər yetirdi: "Sısqa, eynəkli, çox ziyalı simalı, gənc, lakin keçəlləşməyə doğru gedən, eleqant bir insan. Mənim Praqaya getməyimdən xəbər tutduqdan sonra özünün ən yaxşı pencək və qalstuklarını götürüb məni müşayiət etməyə başladı. Səhər və axşam müxtəlif pencəklər geyinməklə diqqətimi çəkməyə çalışardı".

Qalinanın rəğbətini necə qazandı?

Paris restoranında nahar stolu arxasında Rostropoviç Vişnevskayanın daha çox duzlu xiyar yediyini gördü. Qalina ilə ciddi danışmağa başlamazdan əvvəl qadının rəğbətini qazanmaq üçün maraqlı bir hərəkət etdi: Mstislav müğənninin otağına daxil olaraq şkafına duzlu xiyar olan büllur vaza və gül dəstəsi qoydu. O, öz hərəkətini izah etmək üçün məktub qoymağı da unutmadı: "Gül dəstəsinə necə yanaşacağınızı bilmirəm, ona görə də gül ilə yanaşı sizə duzlu xiyar da qoydum. Siz axı duza qoyulmuş xiyarı çox sevirsiniz!..."

Qalina Vişnevskaya həmin günləri belə xatırlayırdı: "Mənim rəğbətimi qazanmaq üçün əlindən gələni edirdi. Günlərin birində Praqada bağda gəzişirdik. Birdən qarşımıza hündür divar çıxdı.

Rostropoviç dedi: - Gəlin hasarın üstündən keçək.

- Siz nə danışırsınız? Mən Böyük teatrın primadonnasıyam, hasarın üstündən atılmalıyam!? - deyə cavab verdim.

O isə təkid etdi: - Mən sizi hasarın üstünə qaldıracam. Sonra isə özüm hasarın üstündən hoppanıb sizi onun üstündən götürəcəm.

Beləcə, Rostropoviç məni hasarın üstündə otuzdurdu. Özü hasarın üstündən keçib qışqırdı: "Hoppanın, mən sizi tutacam".

Ətrafda gölməçələr vardı, yağış hələ təzəcə başlamışdı. Bu zaman o, əynindəki plaşı çıxarıb yerə sərdi. Və mən ayaqlarımı batırmamaq üçün plaşın üstündən keçdim. Bununla da, Rostropoviç mənim rəğbətimi qazandı".

"Ya mənimlə yaşayacaqsan, ya da ayrılırıq"

Onların sevgi romanı sürətlə gedirdi. 4 gündən sonra onlar Moskvaya qayıtdılar və Rostropoviç onun qarşısına belə bir məsələ qoydu: "Ya sən indi gedib mənimlə yaşayacaqsan, ya da ki, sən məni sevmirsən və biz ayrılırıq".

Vişnevskaya isə 10 il idi ki, evli idi, onun sadiq, qayğıkeş əri Mark Rubin Leninqrad Opera Teatrının direktoru idi. Mark və Qalina birlikdə çətin günlərin öhdəsindən gəlmişdilər: Mark arvadını vərəm xəstəliyindən xilas etmək üçün gecə-gündüz yatmayıb. Onların yeganə oğlu vəfat edəndə də cütlük bir-birinə dəstək olub.

Qalina evdən qaçdı

Vəziyyət gərgin idi. Onda Qalina evdən qaçmağa qərar verdi. O ərini çiyələk dalınca göndərdi, özü isə çamadanları cəld yığıb evdən çıxdı. "Bəs hara qaçım? Mən axı heç onun ünvanını da bilmirəm"- Qalina öz-özünə düşündü.

Qalina bəstəkarın evinə zəng edərək dedi: "Slava! Yanına gəlirəm!" Mstislav sevincindən qışqırdı: "Səni gözləyirəm!"

Qalina: "Hara gəlim, ünvanı bilmirəm!".

Mstislav ona ünvanı dəqiqliklə izah etməyə başladı.

Qayınanası şokda idi

Vişnevskaya Rostropoviçin evinə daxil olanda onu bəstəkarın anası Sofiya Nikolayevna qarşıladı. Qadın sanki şokda idi. Çünki oğlu 3 dəqiqə bundan əvvəl "İndi arvadım gələcək!" deyərək evdəkiləri xəbərdarlıq edib.

Bir hərfə görə qızının adını dəyişdi

- Slavaya övladımızın olacağını deyəndə, onun sevincinin həddi-hüdudu yox idi, - Qalina xatirələrinə qeyd edib - O, rəfdən Şekspirin sonetini götürüb mənə oxumağa vadar etdi. Slava istəyirdi ki, mən vaxt itirmədən dünyanın gözəlliklərini bətnimə hopdurum. Beləcə, Şekspirin sonetlərini oxumaqla övladımızın da yaradıcı insan olmasına çalışırdıq.

Doğuş vaxtı çatanda Slava İngiltərədə qastrolda idi. O, mənə dil tökür, yalvarırdı ki, onu gözləyim. "Mənsiz doğma!" - Mstislav telefon dəstəyinə qışqırırdı.

Mən onu gözlədim.

Martın 17-də Rostropoviç evə qayıdanda arvadını doğuş sancıları ilə gördü. Martın 18-də onların ilk qız övladı dünyaya gəldi.

Qalina o günləri belə xatırlayırdı: "Qızımızın adını Yekaterina qoymaq istəyirdim. Əvəzində isə Slavanın şikayəti ilə qarşılaşdım. Mstislav dedi: "Xahiş edirəm, bunu etməyək. Biz texniki səbəblərdən uşağın adını Yekaterina qoya bilmərik. Bilirsən ki, "r" hərfini tələffüz edə bilmirəm, bu, məni daha çox əsəbiləşdirəcək. Gəl onun adını Olqa qoyaq".

Daha bir qız

İki ildən sonra isə onların Yelena adlı daha bir qızı da dünyaya gəldi.

Vişnevskaya: "Ata kimi qeyri-adi zərif, qayğıkeş və eyni zamanda da ciddi idi. Mstislav tez-tez qastrol səfərlərinə yola düşürdü. Mən isə ona izah etməyə çalışırdım ki, qızların ataya ehtiyacı var. "Hə, sən düz deyirsən!"- Mstislav mənimlə razılaşırdı və yenidən musiqi karyerasına qayıdırdı.

O, qızlarını çox sevirdi və qısqanırdı.

Bağ evində oğlan uşaqlarının keçməməsi üçün hasarın altına tikanlı kollar əkdirmişdi. Qızlarının cins geyinməsinə isə nifrət edirdi. Onların ombalarının oğlanlar üçün daha cəlbedici görünməsi xoşuna gəlmirdi. Cins şalvarları xaricdən gətirdiyim üçün məni tənbeh edirdi. Bir gün evə gələndə həyətdə tüstü basmış kül yığını gördüm. Ata və qızlar külün ətrafında dayanmışdılar. Cins şalvarlardan yalnız kül qalmışdı. Atalarının sərtliyinə baxmayaraq, qızlar heç zaman onun əleyhinə getməzdi".

2007-ci il martın 27-də Rostropoviç bağırsaq xərçəngi xəstəliyindən 80 yaşında vəfat etdi. Onun dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, İspaniya kraliçası şahzadə Sofiya, həmin vaxt Fransanın birinci xanımı Bernadet Şirak və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi.

Xeyriyyəçi bəstəkar

Rostropoviç həyatının çox hissəsini xeyriyyəçiliyə sərf edib. O, Amazon meşələrinin qorunması, uşaq klinikasına tibbi avadanlıqların göndərilməsi sahəsində çox işlər görüb. Öz karyerası illərində isə dahi bəstəkar mindən artıq konsert verib.

Maestro etiraf edib: "Mən violonçeli qadın hesab edirəm. Onunla nə ifa edirəmsə, bihuş olmağa belə hazıram". Rostropoviçin fikrincə, musiqiçi üçün ən məhsuldar hiss kədər hesab olunur.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR