• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Narkoman tələbə necə dahi oldu? - Freydin təzadlarla dolu həyat HEKAYƏSİ

  • Maraqlı
  • 6 May 2015 22:42
  • 1 814 Baxış
Narkoman tələbə necə dahi oldu? - Freydin təzadlarla dolu həyat HEKAYƏSİ

Ziqmund Freyd öz dövrünün ən məşhur insanlarından biri olaraq qalmaqdadır. Psixologiya sözü onun adı ilə sinonim təşkil edir. Hətta onun elmi araşdırmalarından bixəbər olan insanlar belə Freydin psixoanalizi haqqında nə isə eşidib.

Publika.az "Bizim tərcümə" layihəsində mayın 6-da dünyaya gəlmiş psixoanaliz elminin banisi Ziqmund Freydin maraqlı həyat hekayəsini və faktları təqdim edir.

1856-cı ildə Avstriya imperiyasında kasıb yəhudi ailəsində doğulan Ziqmund hələ uşaq ikən gələcəkdə imkanlı, tanınmış insan olacağını qarşısına məqsəd qoymuşdu.

Freyd çox uşaqlı ailədə böyüyüb (onun anası 7 uşaq dünyaya gətirib, atasının isə əvvəlki nikahından daha 2 uşağı vardı). Freydin atası sərt insan olduğundan hər bir xırdaçılığa görə uşaqları cəzalandırardı. Freyd anasını tez-tez atasının hücumlarından qoruyardı. Elə ona görə də, Freyd ailənin ən sevimli övladı hesab olunardı.

Freyd güclü göz yaddaşına malik olub. Fotoqrafik yaddaşa malik olan Freyd kitabları asanlıqla mənimsəyə bilib.

Freyd universitetdə təhsil alarkən bir neçə fakültə dəyişməli olub. Sonunda tibb fakültəsi üzərində dayanıb. Elmi tədqiqatlar aparmaqla insanın sinir sistemlərini öyrənməyə başlayıb. Bununla belə, universitet vaxtı o heç də ideal tələbə olmayıb. Tələbəlik illərindən kokainə qurşanıb. Freyd tələbə cəmiyyətində ad-san qazanmaq istəyirdi. Tədqiqatlar zamanı kokainin ağrıkəsici vasitə olmasına əmin olmaq üçün narkotik maddəni öz üzərində tətbiq edirdi. Kokainin təsirinə "aşiq" olan Freyd ağrıkəsici maddə kimi gələcək tibbin onun üzərində formalaşacağına əmin idi. Lakin narkotik maddədən asılılıq yarandıqdan sonra Freyd kokaini ən təhlükəli maddə adlandırdı.

Əslində Freyd tibb sahəsində oxumaq istəməyib. Uşaq ikən Freyd general və ya nazir olmaq haqda düşünüb. Lakin həmin illərdə yəhudilər üçün 2 peşə sahəsi vardı: tibb və hüquq.

Onun araşdırmaları nəinki insan kütləsinə, hətta dünyadakı cəmiyyətə də təsir göstərib. O, təcrübələrində terapevtik vasitə kimi kokainlə yanaşı hipnozdan da istifadə edib. Belə ki, kokaindən sonra hipnoz onun ən sevimli metodu idi.

Freyd yaxın dostunun pasiyenti ilə tanış olduqdan sonra həyatı tamamilə dəyişdi. Anna O. adlı pasiyentin hekayəsindən sonra Freyd tədqiqatlarını psixologiya sahəsinə yönəldir.

Anna O. atasını itirdikdən sonra xarakterində isterika simptomları müşahidə olunmağa başlayıb. Buraya iflic, dəri hissiyyatı, nitq və qavrama pozuntuları daxildir. Freyd xəstəni hipnoz yolu ilə müalicə etməyə qərar verdi. O, Annanın isterikalarının səbəbini seksual istəklə bağladı.

İlk dəfə olaraq "psixoanaliz" sözü lüğətimizə Freyd tərəfindən 1896-cı ildə əlavə edilib. 1899-cu ildə isə Freyd "Yuxu yozmalar" adlı ilk sərbəst işini təqdim etdi. Kitab pasiyentin yuxularının tədqiq edilməsi ilə nevrozların analizinə həsr olunub. Apardığı araşdırmalardan sonra Freyd belə qənaətə gəlib ki, əksər pasiyetnlərdə nevrozluq seksual istəklə (libido) bağlıdır. Libidonun inkişafdan qalması psixi xəstəliklərə gətirib çıxarır.

Freydin fikrincə, qadınların psixoloji problemləri təbiətin onları penisdən məhrum etməsindən irəli gəlir. Freyd nəzəriyyəsində bildirilir ki, kişilərin cinsi orqanlarının olmasına həsəd aparan qadınlar hamiləliyi düşünüblər. Onun fikrincə, kişilər qadınların hamilə qala bilməsinə və fizioloji cəhətdən həyat verməsinə həsəd apara bilər. Bundan əlavə, dahi psixoloq zərif cinsin nümayəndələrini infantil, qısqanc və cahil hesab edirdi. Freyd cəmiyyətdə yaranan bütün problemlərin kökündə qadınların durduğunu qeyd edirdi. Onun fikrincə, bu, daha çox cinslərarası seksual münasibətlərdə özünü göstərir.

Freyd zamanında bir çox qəribə nəzəriyyələr işləyib hazırlayıb. Onlardan bəziləri isə artıq təkzib edilib. O, balaca uşaqların da (yeni doğulanlar da daxildir) seksual şövqə malik olmasına əmin idi. Uşağın ayaqyoluna düzgün öyrəşdirilməsi onun gələcəyinə də təsir edir.

Freyd təbiətən eqoist olub və arvadından qarışılıqlı sevgi tələb edib. Hələ evliliyə qədər Freyd gələcək arvadının qarşısına belə bir şərt qoyub ki, o, ailəsi ilə bütün əlaqələrini pozmalıdır, əks halda, onlar ayrılacaqlar. Sonda qadın güzəştə gedərək Freydə görə ailəsi ilə münasibətlərə son qoyub. Ümumiyyətlə, Freyd qisasçı insan olub. 16 yaşı olarkən sevdiyi qız Gizel Flüse onu inkar etdiyi üçün ondan intiqam almaq niyyətinə düşüb. O, qeyri-adi intiqam üsulundan istifadə edərək sevdiyi qızın anasına "aşiq" olub.

Freydin şəxsi həyatı ilə bağlı bioqrafiyası indiyədək mübahisələr yaradır. 40 yaşı olarkən Flissə yazdığı məktubda qeyd edib: "Mənim üçün daha seksual həvəs mövcud deyil". Bununla belə həmin dövrlərdə Freydin başqa qadınlarla sevgi romanı yaşaması haqqında söz-söhbətlər də gəzirdi. Freyd arvadına qarşı belə bir günah işlətsə də, hər halda, ona qarşı nəzakətlə davranırdı.

Onun uşaqları arasında ən kiçiyi olan Anna psixologiya ilə maraqlanıb. Oxumaq üçün İngiltərəyə yollanan Anna orada gənc psixoanalitik Ernst Consla tanış olub. Ernst onunla ailə qurmaq istəyini bildirib. Lakin Freyd bu izdivacın əleyhinə olub, məlum olduğu kimi, o, sevimli qızını əldən vermək istəməyib. Nəticədə, Anna heç zaman ərə getmədi, əvəzində isə o, uşaq psixologiyası üzərində tədqiqatlar apararaq Londonda uşaqlar üçün psixoterapevtik mərkəz açdı.

Freyd öz biliklərini yaxınlarına qarşı da tətbiq edib. Tibbi biliklərinin sayəsində o, doğma qızını xilas edib: onun böyük qızı Matilda difteriya xəstəliyindən əziyyət çəkib. Freyd qızını çiyələk yeməyə məcbur edib. Nəticədə, qız öskürüb və difteriya qaysağını tüpürməklə boğulmaqdan xilas olub.

Ziqmundun şəxsiyyət kimi formalaşması hələ sağlığında müzakirələrə səbəb olub. Maraqlısı odur ki, Freyd daha çox rəssamların sevimlisi idi. Məsələn, Salvador Dali Freydin bir neçə portretini çəkib.

Freydin siqara olan sevgisi sonda ağız xərçənginə səbəb oldu. Deyilənlərə əsasən, Freyd gün ərzində 20 siqar çəkirmiş. 34 dəfə əməliyyat olunmasına baxmayaraq, o, heç zaman siqardan imtina etmədi.

Ömrünün sonunda isə Ziqmund Freyd xəstəlikdən çox, faşistlərlə üz-üzə gəldi. Faşistlər onun adı ilə bağlı olan hər şeyi məhv etdi. Freyd isə onların bu hərəkətinə kinayə ilə öz fikrini bildirib: "Çox böyük inkişaf! Orta əsrlər olsaydı, məni yandırardılar. İndi isə kitablarımı yandırırlar".

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR