• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Ermənilərin hücumu barədə müfəssəl məlumatımız vardı”

“Ermənilərin hücumu barədə müfəssəl məlumatımız vardı”

“Dinc şəraitdə əsgər nə qədər ölməməlidirsə, hərbi şəraitdə “niyə əsgər ölüb” sualı da o qədər absurddur. Nə qədər ürəkağrıdıcı olsa da, müharibə şəraitində əsgər ölümü qaçılmazdır. Bunu xüsusi olaraq qabardıb, ittiham vasitəsinə çevirmək ordumuza xeyir gətirmir”.

Axar.az Laçın alayının sabiq komandiri Arif Paşayevlə müsahibəni təqdim edir.

- Siz bu yaxınlarda Rusiyaya getməliydiz, amma fikrinizdən daşındınız.

- Dostumla Rusiyaya getməyi planlaşdırmışdıq, amma bu səfəri təxirə salmalı olduq. Qarabağda və Ermənistanla sərhəddə baş verən son proseslərlə əlaqədar hesab etdim ki, burada lazım ola bilərəm.

- Əgər lazım olacaqsızsa, hansı addımı atmağı planlaşdırırsız?

- Müharibənin aparılması funksiyası dövlətin üzərinə düşür. Bizim təşəbbüsümüz təklif ola bilər. Keçmiş döyüşçülərin potensialından istifadə etmək məqsədəuyğun olar. Bizlər həm əsgərlərin mənəvi-psixoloji hazırlığı, həm də bir çox hərbi prosesləri yerinə yetirmək baxımından gərəkli ola bilərik.

- Siz ehtiyatda olan zabitsiz, yoxsa istefada?

- Həm ehtiyatda, həm də istefada olan zabit. O vaxt məni naməlum səbəblərdən dolayı işdən azad etdilər, sonra bərpa etmədilər.

- Geriyə dönsək, bir çoxları əlaqələndirir ki, Laçının işğalında sizin istefaya göndərilməniz böyük rol oynadı. Bu fikir nə dərəcədə doğrudur?

- Laçının işğalının istefaya göndərilməyimə qətiyyən aidiyyəti yoxdur. Laçın işğal olunan ərəfədə bizim məlumatlarımız vardı ki, ermənilər tərəfindən intensiv hücumlar gözlənilir, hətta söhbət işğaldan gedir. Belə anda mənəvi-psixoloji cəhətdən hazırlıqlı, döyüş qabiliyyəti olan hərbi hissənin ləğv edilib, onun bir bölüyü qədər əsgərlə əvəz edilməsi məqsədəuyğun deyildi. Yaxud da həmin hərbi hissəni geriyə çəkib, ön mövqeyə hazırlanmış qüvvələri yeritmək olardı. Tək Laçında yox, bütün sərhədyanı bölgələrdə olan hərbi hissələr ləğv olunmuşdu. Diqqəti çəkən məqamlardan biri həmin hərbi hissələrin ermənilərin hücumu ərəfəsində ləğv edilməsiydi.

- Sizcə, bunun səbəbi nə idi?

- Həmin dövrlərdə Rusiya iradəsini Azərbaycanda bərpa etmək istəyən insanlar vardı. Əməliyyata rəhbərlik edənlər Rusiyanın iradəsini yerinə yetirdilər və bunun nəticəsi də məğlubiyyət olmalıydı. Biz uzun müddət məhkəmə prosesində olduq. Mən orada birmənalı olaraq Şuşa və Laçının işğalının məqsədyönlü olduğunu dedim. Oturuşmuş hazırlıqlı hərbi qüvvələrimiz, Ermənistanla sərhəddə mükəmməl qurulmuş müdafiə sistemlərimiz vardı. Laçının girişində 5 kilometr məsafədə, 50 metrdən bir 17 metr dərinliyində tratillər qurulmuşdu ki, geri çəkilmə baş verərsə, erməni qüvvələrini ora salıb məhv edək. Tank əleyhinə 16 istiqamət və bütün piyada-texnikanın keçəcəyi yerlər minalanmışdı. Və belə bir şəraitdə 2 min nəfərlik heyəti olan Laçın alayı ləğv edilir və Bakıdan gəlmiş 146 nəfərlik dəstənin tərkibinə verilir. Əgər hərbi hissə ləğv edilməsəydi, ermənilərin Laçına girməsi qeyri-mümkün idi. Həmin dövrlərdə səfərbərlik haqqında qanun yox idi və insanların yığılması mənim şəxsi nüfuzum və əlaqələrimə əsaslanırdı. Alayın ləğv edilib, mənim vəzifəmdən çıxarılmağım taleyini mənə bağlamış şəxslərin ordudan getməsinə şərait yaratdı. Bəzən bizi tabe olmamaqda günahlandırırlar. Bu, doğru deyil. Biz hər gün Müdafiə Nazirliyinə hesabat verərək tabe olduğumuzu göstərirdik.

- Maraqlıdır, siz AXC-nin qurucularından olmusunuz. Nə üçün cəbhəçilər hakimiyyətə gəldikdən sonra sizi vəzifənizdə bərpa etmədilər?

- Mən hərbiyə gəldikdən sonra cəbhədən çıxdım, çünki siyasət ilə hərbi bir arada olmurdu. Təəssüflər olsun ki, cəbhəçilər hakimiyyətə gələndə artıq Laçın işğal olunmuşdu və mən dəfələrlə vəzifəmə bərpa olunmam üçün müraciət etdim, amma Rusiyanın siyası iradəsini yerinə yetirən insanlar güclü olduğu üçün bu baş tutmadı.

- Belə bir düşüncə var ki, Laçın bir güllə atılmadan ermənilərə verildi. Bu, nə dərəcədə doğru fikirdir?

- Bir dəfə mənə dedilər ki, Laçında döyüş olmayıb. Ona cavab verdim ki, doğru deyirsən. Kimlər orda olubsa, onlar üçün döyüş olub, kimlər orda olmayıblarsa, onlar üçün döyüşlər olmayıb. Laçında nələr baş verdiyini görmək üçün gərək orda olaydınız.

- Siz bir neçə dəfə ANS-in Laçınla bağlı kadrlarına etirazınızı bildirmisiniz.

- ANS-in Laçınla bağlı kadrlarının hamısı imitasiyadır. “Zapravka” deyilən yerdə çəkilirdi. Mən o vaxt yalançı qəhrəmanlıq səhnələri düzəltməyin lazım olmadığını dedim. Sərhədyanı döyüşlər gedirdi və əgər Laçınlılar rayonu tərk edirdilərsə, niyə 225 km ərazidə bir erməni belə yox idi? Çünki sərhədyanı ərazilər qorunurdu. Laçında həmin qüvvələr rayonu tərk edərkən mən əmr vermişdim ki, hərbi hissənin sənədləri çıxarılsın. Mənim qərargah rəisim maşınla sənədləri çıxartmaq üçün gedir. Ona sual verilir ki, hara gedirsiniz? O, cavab verir ki, sənədləri çıxartmağa. Bəs əmri kim verib, deyir komandir. Komandir isə Arif Paşayevdi. Camaat kadrlarda bu nüansa fikir vermir, çünki insanlar qaçır və onlar fərqində deyillər ki, Arif Paşayev orda yalnız qərargahın sənədlərini çıxartmaq əmri verib. ANS həmin kadrların səsini almışdı və yalnız mən tələb etdikdən sonra verdilər. Oranı tərk edib gedən qüvvələrin heç birinin Laçın alayına aidiyyatı yoxdur. Laçın alayı sona qədər rayonda qaldı və yalnız MN-nin əmri əsasında ordan çıxarıldı.

- Zakir Həsənovun kadr islahatlarını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu gün Azərbaycanda kimsə vəzifəyə gətirilirsə, ölçülüb-biçilərək bu addım atılmalıdır. Təbii ki, qane edilməyən baxışlar ola bilər. Kadr islahatlarının ordumuzun inkişafı üçün uğurlu olmasını arzulayıram.

- Atəşkəsdən sonra ilk dəfə bu qədər şəhid verdik.

- Qurbanların verilməsi çox təəssüfedici haldır. Onlar bizim övladlarımızdır. Amma eyni zamanda itkilər haqqında ajiotaj yaratmaq da doğru deyil. Müharibə, döyüş varsa, itki də olmalıdır və bu, təbiidir. Amma burda əsgərlərin hansı şəraitdə ölməsinə də diqqət yetirməliyik. Dinc şəraitdə əsgərin ölməsini qəbul etmirəm. Niyə dinc şəraitdə əsgər ölməlidir? Buna məsul olanlar cavab verməlidirlər. Dinc şəraitdə əsgər nə qədər ölməməlidirsə, hərbi şəraitdə “niyə əsgər ölüb” sualı da o qədər absurddur. Nə qədər ürəkağrıdıcı olsa da, müharibə şəraitində əsgər ölümü qaçılmazdır. Bunu xüsusi olaraq qabardıb, ittiham vasitəsinə çevirmək ordumuza xeyir gətirmir.

- Ordumuzun cavabı size qane etdi?

- Mən ölkə rəhbərliyinin döyüş bölgəsində olmasını müsbət hal kimi qiymətləndirirəm. Hərbi əməliyyatların təzələnməsi təkcə Azərbaycanın iradəsindən asılı deyil. Mənim mövqeyim odur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir. Azərbaycanın Ermənistan üzərində qələbəsi birmənalıdır. Biz müharibəni və döyüşü uduzmamışıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR