• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Hər kəs Prezidentin bu sözlərindən nəticə çıxarmalıdır”

“Hər kəs Prezidentin bu sözlərindən nəticə çıxarmalıdır”

Qüdrət Həsənquliyev: “Azərbaycan Prezidenti Beyləqanda etdiyi çıxışda xalqımıza çox əhəmiyyətli bir sual ünvanladı: Bizim ən ağır günlərimizdə bizə kim kömək elədi?”

“Hər kəs Prezidentin bu sözlərindən nəticə çıxarmalıdır”

Publika.az xalqcebhesi.az-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi təqdim edir:

- Qüdrət bəy, son günlər regionda və dünyada kifayət qədər ciddi proseslər baş verir. Baş verənlər haqqında qənaətiniz necədir?

- Hazırda Azərbaycan da daxil olmaqla regionda və bütün dünyada çox təhlükəli proseslər baş verir. Rusiya SSRİ-nin süqutundan sonra xeyli dərəcədə güclənib və artıq öz iddialarını açıq şəkildə ortaya qoyur. Rusiya çalışır ki, onun keçmiş sovet respublikaları üzərindəki dominant təsiri beynəlxalq birlik tərəfindən qəbul edilsin. Kremlin bu iddialarının nəticəsi olaraq Rusiya ilə Ukrayna müharibə vəziyyətinə gəlib çatıb. Rusiyanın artan gücünü layiqincə dəyərləndirə bilməyən ABŞ və Avropa İttifaqı çox çıxılmaz bir vəziyyətə düşüblər. Qərbin İraqa, Misirə, Liviyaya düşünülməmiş hərbi müdaxiləsi və bu ölkələrdəki daxili proseslərə qarışması böyük bir regionu alova bürüyüb. Ukraynadakı daxili proseslərə müdaxilənin isə nəticəsi göz qabağındadır. Daha öncəki müsahibələrimdə də vurğulamışdım və indi bir daha təkrar edirəm: ABŞ-ın və Böyük Britaniyanın imkanı var idi ki, Ukraynada baş verən proseslərlə bağlı önləyici tədbirlər görsün. ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Ukraynanın ərazi bütövlüyünün qorunacağına təminat verən qarant dövlətlərin rəhbərləri kimi ləyaqətli davranaraq prinsipial mövqe nümayiş etdirsəydilər o zaman tamamilə fərqli bir mənzərənin şahidi olacaqdıq. Amma onlar belə bir mövqe sərgiləməkdən çəkindilər, yaxud nələrisə düzgün hesablamadılar. Bəlkə də hesab etdilər ki, belə bir müharibə - iki qardaş xalqın bir-birinə düşmən kəsilməsi onlar üçün daha əlverişlidir. Qərb üçün Ukraynanın 1-2 bölgəsinin Rusiyanın tərkibinə qatılıb-qatılmamasının heç bir önəmi yoxdur. Yetər ki, Polşadan, yəni NATO-nun sərhədlərindən sonra Rusiya ilə Avropa İttifaqı arasında bir bufer-dövlət yaransın. Hesab edirəm ki, qarant dövlətlər Ukraynaya münasibətdə çox ləyaqətsiz davrandılar və bununla da digər keçmiş sovet respublikalarını daha böyük təhlükə altına atdılar. Rusiya onların cəsarətsiz mövqeyini görəndən sonra daha da aqressiv siyasət yürütməyə başlayıb. Rusiyanın Qazaxıstanı Ukraynada baş verənləri nümunə gətirməklə açıq şəkildə təhdid etməsi onu göstərir ki, Moskva ABŞ-ı və Avropa İttifaqını artıq “dişinə vurub”, onların bərkliyini yoxlayıb və “lax” olduqlarını özü üçün yəqinləşdirib. Buna görə də indi Rusiya daha cəsarətlə və inamla özünün ekspansianist siyasətini daha da genişləndirir. Bu kontekstdə Azərbaycanın daxili və xarici siyasətinə diqqət yetirsək ölkəmizin çox asan günlərini yaşadığını deyə bilmərik. İstənilən ölkənin rəhbərliyi o ölkədə yaranmış vəziyyətə görə birbaşa məsuliyyət daşıyır. Mən bununla vətəndaşların, siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, siyasi partiyaların, ictimai sektor təmsilçilərinin, medianın məsuliyyətini kənara qoymuram. Amma xalqı hökumət təmsil etdiyi üçün əsas məsuliyyəti də birbaşa o daşıyır. Nəzərə alsaq ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır və onların arasında etnik separatizmi qızışdırmaq üçün iş aparılır o zaman yaranmış vəziyyətin mahiyyətini tam çılpaqlığı ilə anlaya bilərik. Bu sıraya qonşularımızı – Azərbaycanla müharibə vəziyyətində olan işğalçı Ermənistanı, bizə dost münasibətində olmayan İranı və Rusiyanı, müxtəlif dini cərəyanların pöhrələndiyi qardaş Türkiyəni də əlavə etsək mənzərə tamamlanmış olur. Radikal dini cərəyanların təsiri nəticəsində bu gün yüzlərlə Azərbaycan vətəndaşı Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşürlər, hətta ailələrini də özləri ilə aparıblar. Buna görə də hesab edirəm ki, Azərbaycan hökuməti dünyada baş verənləri görür və böyük bir narahatlıq hissi keçirir. Bunu isə çox normal və doğru hesab edirəm. Düşünürəm ki, hər bir azərbaycanlının narahat olmağa kifayət qədər əsası var. Bu illər ərzində biz əmin olduq ki, Qərb “insan haqları və demokratiya” pərdəsi altında müxtəlif ölkələrə müdaxilə edir və həmin ölkələri qana bulayır. İndi nə Liviya demokratikləşməyib, nə İraq, nə Misir... Suriyanın hansı vəziyyətdə olduğunu hər kəs görür. Həm Suriya daxilində baş verənlərin, həm də İŞİD terror qruplaşması ilə bağlı məsələnin kənar müdaxilə olmadan gerçəkləşməsinə inanmaq çox çətindir. Burada da Qərbin barmağının olduğuna ciddi şübhələr var. Rusiya-Ukrayna qarşıdurmasından sonra Rusiyanı tamamilə çökdürmək üçün neftin qiymətinin aşağı salınması ilə bağlı məsələ bütün Qərb dairələrində ciddi müzakirə olunur. Səudiyyə Ərəbistanı isə hasilatın artırılması və neftin qiymətinin aşağı salınması ilə hələ ki, razılaşmır. İŞİD əməliyyatı vasitəsilə vahid ərəb xilafətinin yaradılması iddiaları Səudiyyə Ərəbistanını qorxudub və baş verənlərin təməlində neft hasilatının artırılması və qiymətin aşağı salınması missiyası da dura bilər. Yəni əgər ABŞ istəsəydi dünyada ən böyük hərbi potensiala və gecə sahib olan dövlət kimi İŞİD qruplaşması ilə bağlı məsələni qısa bir zaman kəsiyində həll edə bilərdi. Göründüyü kimi, ABŞ və müttəfiqləri bu addımı atmırlar və deməli təhlükənin daha da böyüməsində maraqlıdırlar. Amma ABŞ bu məsələlərlə bağlı bütün ittihamları üzərinə yönəltməmək üçün tamamilə kənarda dayanmır. Sadəcə aviasiyadan istifadə edir. İŞİD-in həyata keçirdiyi qanlı edamların sosial şəbəkələrdə yer alması və təbliğ olunması da maraqlı qüvvələrin bu qruplaşma ətrafında qorxu və xof yaratmaq niyyətindən xəbər verir. Artıq Səudiyyə Ərəbistanının kralı qorxuya düşüb və xarici ölkələrin səfirləri ilə keçirdiyi görüşdə Qərb dövlətlərinə İŞİD təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bildirib ki, əgər İŞİD terror qruplaşmasının qarşısı alınmasa Qərb ölkələrinin ərazisində də oxşar hadisələr cərəyan edə bilər. Düşünürəm ki, İŞİD-in başında duranlar Qərbin bu və ya digər xüsusi xidmət orqanları ilə əlaqələ şəxslərdir. Bu cür düşünməyə ən azından çox ciddi əsaslar var.

- Azərbaycanın narahatlığından söz açdınız....

- Bəli... Azərbaycan hökumətinin son zamanlar qəbul etdiyi sərt qərarlar da düşünürəm ki, daha öncə qeyd etdiyim narahatçılıqdan irəli gəlir. Son zamanlar daha da aqressivləşən radikal müxalifətin və Qərblə yaxından əməkdaşlıq edən bəzi QHT rəhbərlərinin davranışları da buna əsas verib. Doğrudur, bu QHT rəhbərləri arasında bəziləri var ki, onlar səmimi şəkildə adanıblar. Biz də siyasi proselərə yeni qoşulanda Qərbdən səslənən hər bir sözü az qala müqəddəs kəlam kimi qəbul edirdik. Qərbin timsalında öz gözümüzdə bir mələk obrazı yaratmışdıq və düşünürdük ki, bu “mələyin” yeganə məqsədi Azərbaycanda demokratik proseslərin inkişafına nail olmaqdan ibarətdir. Lakin Qərbin işğalçı Ermənistana deyil işğala məruz qalan Azərbaycana qarşı 707-ci düzəlişi tətbiq etdiyini, 1 milyon qaçqın və köçkünün taleyinə nə qədər biganə yanaşdığını, saysız-hesdabsız ikili standartlarını görəndə aydın oldu ki, məqsəd Azərbaycana qarşı təzyiq göstərmək, ölkəmizi daim basqı, təzyiq və nəzarətdə saxlamaqdan ibarətdir. Bu səbəbdən də bəzi QHT təmsilçilərinin və onları himayə edənlərin ayrı-ayrı fərdlərin hüquqları ilə bağlı sərgilədikləri davranışlar səmimi görünmür. Amma düşünürəm ki, bütün narahatçılıqlara, vəziyyətin nə qədər ciddi və gərgin olduğuna baxmayaraq, Azərbaycan ayrı-ayrı dövlətlərin maraqlarını ifadə etdikləri bəlli olsa da dünyada insan haqlarının müdafiəsi təşkilatları kimi tanınan qurumların “vicdan məhbusu” kimi təqdim etdikləri şəxslər haqqında həbs qəti imkan tədbirini dəyişməlidir. İmkan verməməliyik ki, həmin təşkilatlar 5-6 nəfərə görə ölkəmizin imicini beynəlxalq aləmdə korlasınlar və Azərbaycana qarşı total bir qara PR kampaniyası başladılsın. 2015-ci ildə Azərbaycanda Avropa Yay Olimpiya oyunları keçiriləcək, ölkəmiz böyük bir idman tədbirinə və heç şübhəsiz ki, həm də mühüm siyasi hadisəyə ev sahibliyi edəcək, o zaman qeyd etdiyim şəxslər haqqında seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, yaxud başqa yerə getməyəcəkləri haqda iltizam verəcəkləri təqdirdə azad olunmaları daha doğru olardı. Bu mənim qiymətləndirməmdir... Çalışmalıyıq ki, maraqlı qüvvələrin bütün sivil dünyanı ölkəmizə qarşı qoymalarına imkan verməyək. Əks təqdirdə Azərbaycanın özünü qoruma və kənardan dəstək alma imkanları xeyli dərəcədə məhdudlaşacaq. Biz artıq görürük ki, baş verənlərdən Azərbaycana qarşı istifadə etməyə cəhd göstərirlər. Hesab edirəm ki, hökumət rəsmiləri bu məsələlərə diqqət yetrsələr daha yaxşı olar.

- Ukraynada baş verən hadisələrin perspektivi barədə nə düşünürsünüz?

- Ukraynada baş verən hadisələrin indiki şəkil alacağı öncədən də bəlli idi. Ukrayna 1-2 rayonu azad edəndə bizim bəzi “uzaqgörən” siyasətçilər bildirdilər ki, “Rusiya bitdi, Ukrayna öz torpaqlarını azad elədi” və s. Mən o zaman sadəcə acı təəssüf hissi ilə gülürdüm... Düşünürdüm ki, görün kimlər Azərbaycanda siyasi hakimiyyətə iddialıdırlar. Biz də bir vaxtlar Xankəndinin 7 kilometrliyinədək gedib çıxmışdıq. Bu adamlar ən azından öz başımıza gələnləri düzgün təhlil edə və bu müstəvidə indi baş verən hadisələri qiymətləndirə bilmirlər. Rusiya gözləyirdi ki, öncə Ukrayna tərəfi hücuma keçsin və Rusiya da bunu əsas götürərək daha böyük qüvvə ilə əks hücuma başlasın. Ukraynada xalqı öz arxasınca apara biləcək parlaq bir lider yoxdur. Poroşenko arxasında siyasi qüvvə olmayan bir şəxsdir və indiki dövrdə belə bir şəxsin ölkəyə rəhbərlik etməsi xeyli problemli görünür. Göründüyü kimi, Ukrayna səfərbərlik elan edib orduya kifayət qədər qüvvə toplaya bilmir, Qərbdən, ən azından qarant dövlətlərdən öz öhdəliklərinə əməl etmələrini tələb etməyi bacarmır. Məsələn, Obamaya deyə bilımirlər ki, Ukraynaya kömək edə bilməyəcəksənsə, heç olmasa bunu tez-tez təkrarlayıb ukraynalıları ruhdan salma. Obama hər zaman deyir ki, “biz Rusiyaya sanksiya tətbiq edəcəyik, ancaq Ukraynaya kömək etməyəcəyik. Əgər Ukraynaya kömək olmayacaqsa 45 milyonluq bir ölkənin 140 milyon əhalisi və nüvə dövləti olan Rusiyanın qarşısında dayanması xeyli çətindir. Qarant dövlətlər isə Ukraynanı ləyaqətsizcəsinə aldadaraq onu nüvə silahından mərhum ediblər. Xalqı vətən müharibəsinə səfərbər etmək isə Ukrayna rəhbərliyinin imkanları daxilində deyil. İqtisadiyyat olduqca zəifdir, korrupsiya ölkəni acınacaqlı duruma salıb. Bu münaqişədə Ukraynanın taleyi həll olunub. Bundan sonra Ukrayna da Azərbaycan kimi uzunmüddətli danışıqlara başlayacaq. Yəni Ukrayna ərazisində artıq yeni bir Qarabağ yaranıb. Ukrayna əgər separatçı bölgələrə nəzarəti bərpa etsə də yenə də onu qalib saymaq olmaz. Ona görə ki, Krım əldən gedib. Poroşenko başda olmaqla Ukraynanın indiki rəhbərliyinin baş verənlərdə çox böyük günahı var. Ona görə ki onlar regiondakı və ölkə daxilindəki real vəziyyəti, Qərbin onlara verə biləcəyi dəstəyin miqyasını nəzərə almadan Yanukoviç hakimiyyətini faktiki surətdə devirdilər. Nəticə isə göz qabağındadır. Yanukoviçin üzərində nə qədər məsuliyyət varsa, ondan da artığı Ukraynanın indiki hakimiyyətinin üzərinə düşür.

- Ukraynada baş verən hadisələrin fonunda Qarabağ probleminin həlli necə görünür?

- Rusiya həddindən artıq güclənib. Soçi görüşü də bunu təsdiq etdi. Son baş verənlərdən sonra bu qənaətdəyəm ki, Azərbaycanın Rusiya ilə dil tapmadan bu məsələni həll edə biləcəyi çox problemli görünür. Biz hər zaman bəyan etmişik ki, işğala son qoymanın 2 yolu var. Birincisi odur ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşsın və bütün xalqı bu savaşa səfərbər etsin. Biz Ermənistanla ölüm-dirim savaşına hazırlaşmalıyıq. Ermənilər də inanmalıdırlar ki, hətta Rusiya onlara kömək etsə də belə Ermənistanda daş daş üstə qalmayacaq. Bu da indiki dövrdə real görünmür. Zənnimcə, bu məsələdə Rusiya ilə dil tapmalıyıq və bu ölkə ilə yeni qarşıdurmadan çəkinməliyik. Çalışmalıyıq ki, Rusiyanın hansısa maraqlarını təmin etməklə Moskvanın Qarabağ məsələsində ədalətli mövqe nümayiş etdirməsini təmin edə bilək. Üçüncü yol yoxdur.

- Bildiyiniz kimi, Türkiyə prezidenti Azərbaycana səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanın bu səfərini necə qiymətləndirirsiniz?

- Sözsüz ki, bu səfər alqışlanmalıdır. Qardaş ölkənin prezidenti Azərbaycana gəlib və bu mühüm hadisədir. Azərbaycanın əsas probleminə bu səfərin hər hansı bir müsbət təsirinin olacağını isə, sözün doğrusu, düşünmürəm. Türkiyə hazırda regionda söz sahibi olan dövlət deyil. Bu həqiqəti dediyimiz üçün qardaşlarımız gərək bizdən inciməsinlər. Biz bunu Qarabağ məsələsində də, Fələstində, İraqda, Suriyada da görmüşük. Türkiyənin regionda söz sahibi olmaq üçün yeganə bir yolu var. Bu da ondan ibarətdir ki, Türkiyə nəyin bahasına olursa olsun nevə dövlətinə çevrilməlidir. Bu gün Rusiya ona görə dünyaya meydan oxuya bilir ki, nüvə dövlətidir. Türkiyə də bu statusa yiyələnməli və Azərbaycan da bu məsələdə Türkiyəyə hərtərəfli dəstək verməlidir. Azərbaycan və Türkiyə bu istiqamətdə nüvə dpvləti olan Pakistanla ciddi şəkildə işləməlidirlər. Məhz bu halda türk dünyası özünü rahat hiss edə, Türkiyə isə regionda söz sahibinə çevrilə bilər. İndiki durumda isə Türkiyənin regionda baş verən hadisələrlə bağlı bəyanat verməkdən və Fələstin hadisələri zamanı olduğu qarğış eləməkdən başqa bir yolu yoxdur. Rəcəb Tayyib Ərdoğan isə qardaş ölkənin prezidenti kimi Azərbaycana xoş gəlib. Arzu edək ki, bu səfər iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini versin. Qarşılıqlı hərbi yardım məsələsinə gəldikdə isə, Türkiyə NATO-nun üzvü olduğu üçün bəzilərinin mətbuatda bu barədə səsləndirdiyi sentemental fikirlər reallığı əks etdirmir. Azərbaycan Prezidenti Beyləqanda etdiyi çıxışda xalqımıza çox əhəmiyyətli bir məqamın yer aldığı sual ünvanladı: Bizim ən ağır günlərimizdə bizə kim kömək elədi?

- Heç kim...
- Düşünürəm ki, hər kəs Prezidentin bu sözlərindən nəticə çıxarmalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR