• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səfir: "Saakyana Britaniyanın rəsmi şəxsləri ilə görüşmək imkanı verilməyəcək"

  • Nida.az
  • 8 İyul 2015 20:49
  • 249 Baxış
Səfir: "Saakyana Britaniyanın rəsmi şəxsləri ilə görüşmək imkanı verilməyəcək"

Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana təminat verib ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyana Londonda bu ölkənin rəsmi şəxsləri ilə görüşməsi üçün imkan verilməyəcək.

Bunu Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunun (The Royal Institute of International Affairs) təşkil etdiyi tədbirdə iştirak etmək üçün qondarma "Dağlıq Qarabağ" rejiminin rəhbərinin Londona səfərini şərh edərkən deyib.

Böyük Britaniya XİN B.Saakyanın Londona səfəri ilə bağlı mövqeyini Azərbaycan səfirliyinə təqdim etdiyi cavab məktubunda izah edib.

Səfir bildirib: “Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycan tərəfinin tanınmamış separatçı rejimin lideri olan, eləcə də bəşəriyyətə qarşı kütləvi cinayətlərdə, o cümlədən soyqırımda özünü ləkələyən şəxsin Böyük Britaniyaya səfəri ilə bağlı narahatlığını ifadə edib. Məktubda ikitərəfli münasibətlərin müsbət məqamları qeyd edilməklə və Azərbaycanın əməkdaşlığın gələcək inkişafına sadiqliyi ifadə olunmaqla, eyni zamanda, bu cür səfərin Krallığın nüfuzuna kölgə sala biləcəyinə dair narahatlıq bildirilib. Səfirlik, həmçinin Britaniya tərəfinin Bako Saakyana Birləşmiş Krallığın rəsmi şəxsləri ilə hər hansı görüşlərin keçirilməsi üçün şərait yaradılmayacağına dair təminatlar verməsini xahiş edib”.

T.Tağızadənin sözlərinə görə, Böyük Britaniya XİN-in cavab məktubunda bir neçə məqam qeyd edilib: “Birləşmiş Krallıq özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejimini tanımır və bu mövqeyinin dəyişdirilməsi ilə bağlı planları yoxdur; Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eləcə də münaqişənin ATƏT-in prinsipləri əsasında həllinə sadiqdir. Böyük Britaniya XİN, həmçinin vurğulayıb ki, “Chatham House” tədbirinin nazirliklə heç bir əlaqəsi yoxdur, çünki institut qeyri-hökumət təşkilatıdır”.

Diplomat diqqətə çatdırıb ki, səfirlik daha əvvəl “Chatham House” rəhbərliyinə məktub göndərib: “Səfirlik məktubda Azərbaycan və Böyük Britaniya münasibətlərinin, eləcə də Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələrini, analitiklərini Londona dəfələrlə dəvət etmiş institutla əlaqələrin inkişafını vurğulayıb. Biz, həmçinin qeyd etmişik ki, “Chatham House”un özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejiminin liderinin Londona səfəri zamanı çıxış etməsi üçün ona tribuna verilməsi qərarı qəbuledilməzdir və anlaşılan deyil. Qeyd edilirdi ki, azad debatlar separatçılığa haqq qazandırmamalıdır. Diplomatik missiya, həmçinin vurğulayıb ki, Kral Beynəlxalq Münasibətlər İnstitutunun mövcud beynəlxalq nüfuzu Londona səfər edən separatçı rejimlərin liderləri üçün piar-imkanın yaradılması kimi belə düşünülməmiş addımların nəticəsində təhlükə altına salınmamalıdır”.

İnstitut rəhbəri cavab məktubunda Azərbaycanla əməkdaşlığı davam etdirmək, Azərbaycanın mövqeyini təqdim etmək üçün ölkənin rəsmi şəxslərinə və analitiklərinə platforma təqdim etmək niyyətini qeyd edib.

T.Tağızadə deyib: “Saakyanın səfərinə gəlincə, institut qeyd edib ki, onun Londona səfəri rəsmi xarakter daşımır. İnstitut anlayır ki, “siyasi cəhətdən ziddiyyətli fiqurlar”a bəzən dəvət göndərir və çıxış etmək imkanı verir. Bununla da institut Saakyanı “ziddiyyətli fiqur” adlandırıb”.

Səfirin sözlərinə görə, eləcə də institut saytdan tədbir barədə məlumatı silib. İnstitut rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin münaqişə ilə bağlı mövqelərini bildirməsi üçün onları dəvət etmək niyyətini və arzusunu bəyan edib.

Diplomat əlavə edib: “Separatçı Dağlıq Qarabağ rejiminin liderinin iştirak etdiyi tədbirə gəlincə, orada təqribən 40 nəfər iştirak edib, onların 20-dən çoxu Ermənistanın Böyük Britaniyadakı səfirliyinin, Ermənistan QHT-lərinin və regionla əməkdaşlıqda maraqlı olan bəzi şirkətklərin nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin nümayəndələridir".

Onun sözlərinə əsasən, B.Saakyanın çıxışı olduqca ağır təəssürat yaratdı: “O, erməni dilində tərcümə ilə çıxış etdi ki, bu da çox uzun və cansıxıcı idi. Təşkilatçılar bu çıxışla bağlı narazılığı hər hansı yolla yüngülləşdirməyə çalışırdılar və buna görə də onun çıxışını turizmin, iqtisadiyyatın vəziyyəti və s. məsələlərlə bağlı sual-cavablarla məhdudlaşdırmağa cəhd edirdilər. Azərbaycan səfirliyinin və İngilis-Azərbaycan Cəmiyyətinin nümayəndələri sual və şərhlər verməyə nail oldular. Sual və şərhlər belə tədbirin keçirilməsinin və separatçı rejimin liderinin çıxışının yolverilməzliyi ilə bağlı olub. Səfirliyin və Böyük Britaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatlarının köməyi ilə institutun binası qarşısında aksiya da keçirildi. Aksiya Saakyanın səfərinə qarşı etiraz əlaməti olaraq videomateriallar, bannerlər, şüarlarla müşayiət olundu”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR