Vaşinqton Qarabağı Azərbaycana qaytarır? – ŞƏRH
Bizi izləyin

Nida.az

Vaşinqton Qarabağı Azərbaycana qaytarır? – ŞƏRH

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik həmsədrlərin Moskva səfərindən sonra maraqlı açıqlamalar verdi. “Azərbaycan torpaqları azad olunmalı, işğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır” deyən Uorlik Azərbaycanın ədalətli mövqeyini ifadə etsə də, onun torpaqlar qaytarıldıqdan sonra bölgəyə beynəlxalq sülhməramlıların yeridilməsi haqda fikirləri birmənalı qarşılanmır.


Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, Ceyms Uorlik kifayət qədər ziddiyyətli bəyanatlar sərgiləyən diplomatdır: “Onun “Azərbaycan torpaqları azad olunmalı, işğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır” ifadəsi bizim maraqlarımıza cavab verən ifadədir. Amma sülhməramlıların yerləşdirilməsi isə çox mücərrəd məsələdir. Biz o nöqtəyə çatanadək böyük mərhələ keçməliyik, torpaqlar azad olunmalıdır, Dağlıq Qarabağın ətrafındakı rayonlarla bağlı danışıqlar davam etdirilməli, status məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqınlar yerlərinə qayıtmalıdır. Ondan sonra sülhməramlıların yerləşməsi məsələsi gündəmə gələ və onun ətrafında müzakirələr gedə bilər. Bu prosesin necə formatda olacağı, hansı dövlətlər təmsil olunacağı və harada yerləşəcəyi, o cümlədən hansı beynəlxalq təşkilatın mandatı altında fəaliyyət göstərəcəyi kimi məsələlər sonra dəqiqləşə bilər. İndi reallığı yaddan çıxarıb sabahı fikirləşmək və bu barədə danışmağa hələ dəyməz”.


Politoloq ABŞ-ın münaqişəni həll edərək Azərbaycanın təqdirini qazanmaq niyyətində olduğunu bildirib: “Dünyadakı geosiyası qarşıdurma elə bir vəziyyətə gəlib çatıb ki, ABŞ Cənubi Qafqazda öz maraqları çərçivəsində hər hansı addım atmalıdır. Uorlik bunu çox gözəl başa düşür. Çünki ABŞ ilə Rusiya arasında qarşıdurma fonunda Vaşinqton bilir ki, Azərbaycandan üz döndərsə, ölkəmiz başqa bir müttəfiq axtarışında olacaq. Uorlikin bəyanatı bu fikirlərdən irəli gəlir. Amma bəyanat səviyyəsindən praktiki addımlara keçmək lazımdır. 20 il ərzində səslənən bəyanatlardan yorulmuşuq. Bizə real addımlar lazımdır. ABŞ kimi bir ölkənin diplomatı “Azərbaycan torpaqları azad olunmalıdır” fikrini irəli sürürsə, bu istiqamətdə konkret iş görsünlər”.


F. Sadıqov Azərbaycan və Ermənistan Prezidentləri arasında bu il baş tutması gözlənilən görüşə də toxunub.


“Görüş naminə keçirilən görüş heç bir nəticə verə bilməz. Azərbaycanla Ermənistanı eyni səviyyəyə qoymamalıdırlar. Münaqişənin müxtəlif səviyyəli iştirakçısıyıq. Ermənistanın yox, bizim torpaqlarımız işğal olunub. Minsk qrupunun həmsədrləri, xüsusilə ABŞ nümayəndəsi Uorlik bu barədə danışırsa, Azərbaycan torpaqlarının azad olunması prosesinə başlanmalıdır. Bu istiqamətdə təklifləri isə həmsədrlər irəli sürməlidir”, - deyə politoloq qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm