• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qaz müharibələri” qızışır: Bakı üçün bir şad, bir təhlükəli xəbər

  • Nida.az
  • 3 Avqust 2015 14:58
  • 685 Baxış
“Qaz müharibələri” qızışır: Bakı üçün bir şad, bir təhlükəli xəbər

Avropanın qaz bazarı uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Rusiya ABŞ-ın əlindəki əsas alternativ olan Azərbaycan qazını qabaqlamaq üçün bütün vasitələrə əl atıb. Lakin proseslər Moskvanın xeyrinə deyil. “Türk axını”nda ilişən Kreml üzünü Şimala tutur.

Ötən həftənin sonu Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” layihəsinin qeyri-müəyyən müddətə təxirə salınması haqda xəbərləri təkzib etdi.

Publika.az xəbər verir ki, səfir layihə üzərində işin davam etdiyini vurğulayıb.

Lakin nazirin siyasi ritorikasının əksinə olaraq, ekspertlər belə düşünmür. Ən azından layihənin 2015-ci ildə bir addım belə irəliləməsi mümkün deyil. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin noyabr ayında planlaşdırılan görüşü də məhz bu layihəni bir daha gözdən keçirməkdir. Kremlin sözçüsü Dmitri Peskov da prezidentlərin görüşündə məhz bu detalın əsas olacağını təsdiq edib.

Xatırladaq ki, görüş sentyabr ayında gözlənilirdi.

Türkiyə Rusiya ilə qiymət məsələsində razılaşmır. Buna görə də müqaviləni imzalamaqdan imtina edir. Halbuki, Moskva “Türk axını” layihəsi ilə Vaşinqtonun Rusiya qazına əsas alternativ kimi gördüyü Azərbaycan qazının Avropa bazarına çıxacağı 2019-cu il tarixini qabaqlamaq istəyirdi. Bununla həm alternativin qarşısı alacaq, həm də Avropanı öz qazına möhtac edəcəkdi. Lakin Vaşinqton öz ssenarisini dövriyyəyə saldı. “Türk axını”nın əsas marşrutu olan Yunanıstan defolt həddinə çatdı, Serbiya və Makedoniya “rəngli inqilab” qorxusu ilə geri çəkildi. Türkiyə isə hələ ki qiymət məsələsini əsas gətirərək masaya oturmaq istəmir. Onsuz da Ankara üçün bu layihə əvvəldən siyasi gediş imkanlarını genişləndirməyə hesablanmışdı. Çünki Türkiyə Azərbaycan qazını Avropa bazarına çıxaracaq TANAP-TAP layihələrinə rəsmən qoşulub və Bakı ilk növbədə daha sərfəli qiymətə qardaş ölkəni enerji ilə təmin edəcək. Belə bir məqamda daha mürəkkəb perspektivə malik olan “Türk axını”nına gələcəyini bağlamaq Türkiyə üçün danışıq mövzusu ola bilməz. Sadəcə olaraq, Ankara regionun əsas güclərindən olan Rusiya ilə münasibətləri düzə çıxarıb, bununla Qərbə də mesaj verir. Türkiyə bir növ əsas regional oyunçu olduğunu növbəti dəfə təsdiqləmək istəyir. Yəni qiymət məsələsini uzatmaqla layihənin reallaşmasının qarşısı alır, həmçinin layihədən tamamilə imtina etmədən öz alternativ gedişlərini genişləndirir.

Bu arada Ankaranın əlində daha bir əsas var: Türkiyədə yeni hökumət formalaşmayıb və belə bir məqamda hansısa böyük layihəyə imza atmaq mümkün deyil. Rusiya Baş naziri Dmitri Medvedyev də ötən həftə “Türk axını” layihəsinin reallaşmaması haqda suala cavabında məhz bu amili əsas gətirmişdi.

Ruslar türklərin manevrlərini anlayır, lakin onlar üçün daha sərfəli olan başqa yol yoxdur. Moskva bütün imkanlarından istifadə edərək, ABŞ-ın istəyinə uyğun olan Ukrayna marşrutundan imtinaya hazırlaşır. Kiyevlə bağlanan müqavilənin sonuncu tarixi 2019-cu ildir və Kreml rəsmən müqaviləni uzatmayacağını bəyan edib.

“Türk axını” layihəsinin reallaşması qeyri-müəyyən olduğu bir vaxtda Rusiya əlavə kartları işə salır. Belə ki, Moskva “Şimal axını” layihəsini inşa edərkən perspektivdə nəzərdə tutduğu şaxələndirməni həyata keçirmək üçün ingilis və hollandların ortaq şirkəti olan “Şell”ə danışıqlara başlayıb. Bunun nə qədər real olacağı da sual altındadır, xüsusilə Böyük Britaniyanın buna razılıq verməyəcəyi təqdirdə.

Qeyd edək ki, Baltik dənizinin dibi ilə çəkilən bu qaz kəməri Almaniya və Rusiya sahillərini birləşdirir. Hazırda Rusiyadan Almaniyaya qaz ixracı bu kəmərlə reallaşır. Təxminən 4 il öncə Rusiya gələcəkdə bu kəmərlə Fransa, Hollandiya və Avropanın digər ölkələrinə qaz nəqlini planlaşdırırdı. 2012-ci ilin sonuna qədər bunun gerçəkləşməsi planlaşdırılsa da, mümkün olmadı. O zaman hələ “Cənub axını” layihəsi arxivə göndərilməmişdi və Moskva əsas gücünü bu istiqamətə vermişdi. Lakin Ukrayna böhranı hər şeyi dəyişdi və Bolqarıstanın oyundan çıxması ilə “Cənub axını”nın reallaşması təxirə salındı. Əvəzində Putin Ankara səfərində “Türk axını” layihəsini elan etdi. İndi bu layihənin də dalana dirəndiyi bir vaxtda, Rusiya “Şimal axını-2” layihəsini gündəmə gətirir və 2019-cu ildən sonra qazı məhz bu xətlə nəql etməyi düşünür.

Bütün məsələ Avropanın qaz bazarında dominant olmaq uğrunda gedən müharibədə kimin qalib gəlməsindən ibarətdir. Rusiyanın “Türk axını” layihəsindən diqqəti yayındıraraq, “Şimal axını”na stavka etməsi marşrut baxımından Azərbaycanın xeyrinədir. Çünki Cənub Qaz Dəhlizi və “Türk axını” layihələri Yunanıstanda toqquşur və solçu Çipras hökuməti bütün real təzyiqlərə rəğmən, hələ də rusların yanında yer alır. Rusiyanın diqqəti Şimala yönəltməsi isə bu problemin aradan qalxmasına səbəb olacaq. Amma Avropa bazarında dominantlıq uğrunda müharibə bununla bitmir, əksinə, yenidən qızışacaq.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR