Enerji layihələrinə terror təhlükəsi: pərdəarxasında kimlər var?
Bizi izləyin

Nida.az

Enerji layihələrinə terror təhlükəsi: pərdəarxasında kimlər var?

Avqustun 4-də gecə saatlarında Ankara və Bakının ciddi narahatlığına səbəb olan hadisə baş verdi. Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış törədildi. İlkin versiyaya görə, partlayışa səbəb qaz sızması olub. Lakin bir neçə saat sonra Türkiyənin enerji naziri Taner Yıldız əsl səbəbləri açıqladı.

“Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində baş vermiş partlayış terror aktıdır”, - deyən türkiyəli nazir terrorun PKK tərəfindən gerçəkləşdirildiyini də bəyan etdi.

Türkiyənin PKK-ya qarşı hücumları fonunda terror təşkilatının strateji mövqeləri hədəfə alması təəccüblü deyil. Lakin arxa planda daha böyük oyunçuların olması ehtimalları da olmamış deyil.

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay Publika.az-a açıqlamasında bildirib ki, bu terrorun arxasında qonşu ölkələr də ola bilər: “PKK son 10 gündə Türkiyədə gözləniləndən də artıq addımlar atmağa başladı. Bunun bir çox səbəbi var. Lakin ilk dəfə PKK BTƏ-yə hücum etməklə beynəlxalq səviyyədə bir terror aktı törətdi. Bunu PKK-nın Türkiyəyə qarşı başladığı hücumlar çərçivəsində dəyərləndirəndə, hesab etmək olar ki, məqsəd Türkiyəni küncə sıxışdırmaqdır. Əgər bu cür hücumlar olarsa, Türkiyə həqiqətən də çətin duruma düşə bilər. Görünür, PKK bu terror aktı ilə Rusiya və İranın dəstəyini almağı hədəfləyir”.

Politoloqun düşüncəsinə görə, son geosiyasi proseslər fonunda partlayışın arxasında məhz qonşu dövlətlərdən birinin dayana biləcəyi ehtimalı müzakirə müstəvisinə çıxarıla bilər.

Politoloq Hasan Oktay bu amili də istisna etmir.

Bu terror aktının beynəlxalq mənası var ki, bu da “Türk axını” layihəsinin Türkiyə üzərindən Avropaya çıxışı dayandığı bir vaxtda, TANAP-ın gündəmə gəlməsi və əsas alternativ kimi irəli sürülməsidir. Yəni bununla “TANAP da hədəf ola bilər" mesajı verilir”, - deyə politoloq vurğulayıb.

Türkiyənin Suriyada təsir imkanlarının artması Moskva və Tehrana sərf etmir. Misal üçün, ingilis mediası Barak Obama ilə Ərdoğanın Fərat çayının qərbindən Aralıq dənizinə qədər uzanan torpaqlara Türkiyənin nəzarət edəcəyi haqda razılığa gəldiyi haqda iddialar yayımlayıb. Bu, Ankaranın Suriyada, ümumiyyətlə Yaxın Şərqdə güc olmasını təmin edəcək amillərdir. Buna Rusiya ilə yanaşı, İran da razı olmaz. Hesab etmək olar ki, Moskva BTƏ-ya hücum təşkil etməklə Türkiyəyə, eləcə də ABŞ-a mesaj verir.

PKK-nın dəstəkçisi qismində çıxış edən Vaşinqtonun son hücumlarda Ankaranın yanında olması terror təşkilatının oriyentasiyasının dəyişməsinə, İran və Rusiyanın yanında yer almasına səbəb olur ki, bu da enerji xəttində törədilən partlayışın pərdəarxası məqamlarını açır. PKK Türkiyədən qisasını alır, həmçinin, yeni himayəçilərlə anlaşır...

Türkiyəli politoloq Hasan Oktay isə hesab edir ki, PKK Türkiyənin Suriyaya girməsi üçün hücumlarını davam etdirəcək: “Yəni Suriyadakı hadisələr istər-istəməz Türkiyəyə sıçrayacaq. Suriya Türkiyə olacaq, Suriyada Türkiyənin üzərinə götürdüyü rolu İran ələ alacaq və Əsədin yerinə Ərdoğan keçəcək. Ssenari budur. Lakin Türkiyə bu oyunu məhv edəcək gücdədir. Hesab edirəm ki, təcili olaraq AKP MHP ilə hökuməti qursa, bu oyun da pozular”.

İndi BTƏ-dəki partlayışın necə və kimlər tərəfindən təşkil edildiyini demək çətin olsa da, proseslər müəyyən ehtimallara da yol açır və bu, heç də təəccüblü görünmür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm