Nida.az
Arif Hacılı nurçuların İsa Qəmbərə gizli dəstəyindən danışdı - Müsahibə
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı
nurçuların İsa Qəmbərə gizli dəstək verməsi haqqında deyilənlər,
Krım səfəri və bundan sonra atacaqları addımlarla bağlı Publika.Az -a müsahibəsində danışıb.
-Türkiyədə camaat lideri Fətullah Gülənin İsa Qəmbərə
gizli siyasi dəstək verməsi haqqında informasiyalar yayıldı.
Bununla bağlı nə deyə bilərsiniz?
-Bu barədə danışmağın mənası yoxdur. Çünki bu ümumiyyətlə bu
qeyri-ciddi məsələdir.
-Axı bununla bağlı məktub da yayılıb.
-Bu məktubda hansısa əlaqələrdən söhbət getmir. Sadəcə olaraq,
Bakıda olan bir nurçunun Azərbaycandakı siyasi vəziyyət haqqında
düşüncələrindən söhbət gedir. Burda Müsavatın nəyəsə aydınlıq
gətirəcəyi bir şey yoxdur.
- Arif bəy, Krıma getmək istədiniz, Rusiya polisi sizi
geri qaytardı. Krıma, yaxud Ukraynaya getməklə bağlı növbəti
cəhdləriniz olacaqmı?
- Ukraynada gedən prosesləri diqqət mərkəzində saxlayırıq. Hesab
edirik ki, hazırda demokratiya ilə avtoritarizm arasında gedən
mübarizənin səddi Ukraynadan, xüsusilə son həftələr Krım
yarımadasından keçir. Ona görə də demokratiya uğrunda mübarizə
aparan partiya olaraq Müsavatın bu məsələləri diqqətdə saxlaması
təbiidir. Müsavat başqanı İsa Qəmbər, müavini Gülağa Aslanlı
Kiyevdə olmuşdular və avromeydanda iştirak edərək orda çıxış
etmişdilər. Ukraynanın indiki rəhbərliyində təmsil olunan şəxslərlə
də görüşmüşdülər. Bizim Krımda getmək, ordakı demokratik qüvvələrə,
eyni zamanda Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparan
Krım tatarlarına dəstək vermək cəhdimiz bu prosesin tərkib
hissəsidir. İstər Kiyevdə, istər Ukraynanın digər yerlərində, o
cümlədən Krımda gedən proseslərlə bağlı Müsavat Partiyası sistemli
şəkildə açıqlamalar verir, Azərbaycan və beynəlxalq ictimaiyyətin
diqqətinə bu məsələlər çatdırılır. Biz çalışacağıq ki, Ukraynada
fəaliyyət göstərən demokratik qüvvələrə, avtointeqrasiya
tərəfdarlarına dəstək verək. Bu baxımdan bizim Kiyevə və Ukraynanın
digər şəhərlərinə səfərlərimiz yenə də ola bilər.
- Krıma əyani dəstək verməyin qarşısı müəyyən mənada
alınır, sizin də təcrübənizdə bu yaşandı. Bəs Azərbaycanda necə
dəstək vermək olar?
- Azərbaycan hakimiyyətinin bu məsələyə münasibəti tamamilə
qeyri-adekvatdır. Çünki istər Qarabağ problemi ilə əlaqədar, istər
Azərbaycanın Qərbdə olan tərəfdaşları ilə əməkdaşlıq perspektivləri
baxımından, istərsə də Krım tatarlarının bizimlə eyni millət olması
baxımından bütövlükdə Azərbaycan cəmiyyəti, ilk növbədə də
Azərbaycan hakimiyyəti reaksiya verməlidir. Krım tatarlarının
liderləri açıq şəkildə Azərbaycan hökumətinə müraciət etsələr də,
hələlik nə dövlət başçısı, nə Azərbaycan xarici işlər nazirliyi
tərəfindən baş verənlərə birmənalı reaksiya verilmir. Təəssüf ki,
Krım tatarlarına dəstəklə bağlı hansısa hərəkət, hətta açıqlama
ortada yoxdur. Amma Azərbaycan cəmiyyəti, Azərbaycanda fəaliyyət
göstərən ictimai –siyasi təşkilatlar hakimiyyətinin belə mövqeyinə
görə baş verənlərə biganə qalmamalıdır. Ukraynada yaşanan proseslər
yaxın zamanlarda Azərbaycanda da yaşana bilər. Çünki hazırda
demokratik Avropa ilə avtoritar Rusiya arasında Avroasiya məkanına
təsir imkanları uğrunda mübarizənin sonuncu həlledici mərhələsi
gedir. Yəqin ki, Azərbaycan hakimiyyətinin apardığı balans
siyasətinin, əslində bu qeyri-müəyyən siyasətdir, sonu yaxınlaşıb.
Yaxın gələcəkdə istər Avropa İttifaqı-Qərb, istərsə də Rusiya
Azərbaycan hakimiyyətindən aydın xarici siyasət kursunun
müəyyənləşdirilməsini tələb edəcək. Ona görə də düşünürəm ki,
Azərbaycan cəmiyyəti öz iradəsini göstərməlidir. Bu iradənin
nümayişi həm Azərbaycan hakimiyyətinə, həm də dünya ictimaiyyətinə
olmalıdır. Çünki hakimiyyət cəmiyyətin avrointeqrasiya meyllərinin
güclü olduğunu görəcəksə, təbii ki, buna uyğun addımlar atmağa
məcbur olacaq.
- Yəni müxalifət də qarışıq bütün cəmiyyət bu prosesə
eyni rakursdan baxmalıdır?
- Azərbaycanın geopolitik inkişaf perspektivləri baxımından bir
daha deyirəm ki, həlledici məqama qədəm qoymuşuq. Bu məqamda
Azərbaycan cəmiyyətinin, hakimiyyətinin, hər bir vətənsevər şəxsin
Ukrayna demokratlarının yanında olması, orda demokratiya uğrunda
gedən mübarizəyə dəstək verməsi zəruridir.
- Son olaraq İctimai Palatanın bir növ bazasında
yaradılan “Düşüncə Mərkəzi” haqqında sualım var. Belə iddialar
səsləndirilir ki, bu mərkəzi Müsavat Partiyası Milli Şuraya adekvat
olaraq yaradıb. Bu iddialarla bağlı nə deyə
bilərsiniz?
- Bu istiqamətdə müəyyən müzakirələr gedir. Amma mərkəzin hətta
adının necə olacağı, hansı funksiyalar daşıyacağı tam
müəyyənləşməyib. Bu qurum qarşısında hansı məqsədlərin qoyulacağı
da məlum deyil. Bu baxımdan güman edirəm ki, bu qurumun Milli
Şuraya alternativ olması, yaxud hansısa şəkildə formalaşaraq necə
fəaliyyət göstərəcəyi barədə indidən fikirlər səsləndirmək yanlış
olardı. Çünki bu hələ məlum deyil. Ümumiyyətlə, bu qurumun konkret
hədəflərinin nədən ibarət olacağı, strukturun necə olacağı, adının
belə nədən ibarət olacağı məlum deyil.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq