Partiya sədrləri haradan namizəd olacaq? – SORĞU
Bizi izləyin

Nida.az

Partiya sədrləri haradan namizəd olacaq? – SORĞU

“Azadlıq-2015" Seçki Blokunun liderlərinin qarşıdan gələn parlament seçkilərində namizəd olacağı seçki dairələri bəlli olub.

Bu haqda bloka daxil olan siyasi partiya sədrlərindən biri deyib.

Bəlli olub ki, bloka daxil olan Xalq Partiyasının sədri Pənah Hüseyn 63 saylı Sabirabad seçki dairəsindən namizədliyini irəli sürəcək. Qeyd edək ki, son seçkilərdə o, 22 saylı Nəsimi seçki dairəsindən namizəd olub və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə uduzub. Artıq Pənah Hüseynin dairəsi blokda qəbul edilib.

Yeri gəlmişkən, Sabirabad 63,64 və 65 saylı seçki dairələrindən AXCP üzvləri də namizəd olmaq niyyətindədirlər. Xalq Partiyası da bu üç seçki dairəsindən namizədlərini irəli sürəcək. Bu o deməkdir ki, aran rayonlarında AXCP ilə AXP arasında elektorat savaşı gedəcək.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli Saatlı, Pənah Hüseyn isə Sabirabad rayonundandır. Görünən budur ki, Pənah Hüseyn aran rayonlarından AXCP-ni sıxışdırmaq istəyir. P.Hüseynin yaxın adamlarından Qiyas Sadıqov və Məzahir İsrailov məhz bu dairələrdən namizəd olacaqlar.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə Sumqayıtdan namizəd olacaq. Böyük ehtimalla bu, 42 saylı seçki dairəsi olacaq. Bu dairədən Müsavat Partiyasının da namizədi olacaq. Eyni zamanda, AXCP seçkilərə qatılsa, KXCP sədrinə qarşı alternativ namizəd irəli sürəcək. Hazırda bu dairənin deputatı Musa Qasımlıdır.

Blokda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc isə seçkilərə Nərimanov rayonundan qatılmaq istəyir. O, namizədliyini 18 saylı Nərimanov-Nizami seçki dairəsindən irəli sürəcək. Hələlik bu dairədən müxalifət camiyəsindən başqa kimlərin namizəd olacağı bəlli deyil.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə 69 saylı dairədən namizədliyini irəli sürəcək. Bu dairənin hazırkı deputatı Fəzail İbrahimlidir. Bu dairədən AXCP və Müsavatın güclü namizədi yoxdur. Müxalifət adına bu dairədən hər zaman Qulamhüseyn Əlibəyli namizəd olub.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə 9 saylı Binəqədi seçki dairəsindən namizəd olacaq. Partiya sədri son illər yalnız bu dairədən namizəd olub. Son parlament seçkiləri zamanı onun müxalifətdən olan əsas rəqibi REAL sədri İlqar Məmmədov olub. Həmin vaxt AXCP İlqar Məmmədovu, Müsavat isə Elşad Musayevi müdafiə edib. AMİP-in bu dairədən namizədi isə Əli Orucov olub. Qeyd edək ki, Elşad Musayevlə Əli Orucov həm də qohumdurlar.

Blokda təmsil olunan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin dairəsi də məlumdur. Lakin konkret olaraq dairənin adı çəkilmir. F.Əliyevin Bakıdakı seçki dairələrindən birində namizəd olacağı qeyd edilir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də seçkiyə qatılacağı dairəni hələlik dəqiqləşdirməyib. Lakin əldə etdiyimiz məlumata görə, VİP sədri Nəsimi və ya Yasamal rayonundakı seçki dairələrindən birindən namizəd olmaq istəyir.

Blokda təmsil olunan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə namizəd olacağı seçki dairəsini müəyyən edə bilmir. Buna səbəb onun seçkilərdə iştirak edib-etməyəcəyinə dair qəti qərarının olmamasıdır. Sülhəddin Əkbər Nərimanov və ya Sumqayıtdan namizəd olmaq niyyətindədir. Lakin son zamanlar onun seçkilərdə iştirak etməyəcəyi haqda bəyanatları çoxalıb. Müşahidələr göstərir ki, indi Sülhəddin Əkbər namizəd olmaqdan daha çox partiyasının qeydiyyata alınması üçün çalışır.

Lakin maraqlı məqamlardan biri də, odur ki, hələlik “Azadlıq-2015" Seçki Bloku dairələr üzrə ümumi namizədlərinin siyahısını açıqlaya bilmir. Çünki müəyyən narazılıqlar var. Bəzi partiyalar müəyyən dairələrdən öz namizədlərinin olmasını təkid edir və güzəştə getmək istəmirlər. Belə problemli dairələrin sayının 30-dan çox olduğu deyilir. Blok nəzərdə tutur ki, avqustun sonuna qədər namizədlər siyahısını açıqlasın. Ancaq reallıqlar göstərir ki, bu, mümkün olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm