• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Elçin Əhmədov: "Avropa Parlamentinin qətnaməsi qərəzli münasibətin təzahürüdür"

  • Nida.az
  • 13 Sentyabr 2015 02:46
  • 320 Baxış
Elçin Əhmədov: "Avropa Parlamentinin qətnaməsi qərəzli münasibətin təzahürüdür"

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədə irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu və antiazərbaycan xarakterli olduğunu təsdiq edir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov qəbul edilən bu sənədin ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsi olduğunu bildirib. O deyib ki, bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lərin qəbul olunması dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür.

E.Əhmədov bildirib ki, sənəddə Avropa Parlamenti tərəfindən Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə Azərbaycana nümayəndə heyəti göndərilməsi təklif edilir, ancaq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir.

Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Bununla yanaşı, neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunsa da, Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı real təsiri olan heç bir qərar qəbul etməyiblər.

Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qorumaqla dövlətlərarası əlaqələrə girir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu antiazərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da antiazərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər.

Eyni zamanda, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, antiislam, antiazərbaycan mahiyyəti kəsb edən qətnaməsi deyil və çox güman ki, biz gələcəkdə də bu cür “sənədlər”in şahidi olacağıq. Azərbaycan dövləti antiqərb mövqeyində deyil və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Amma təəssüf ki, Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bu baxımdan, belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilatlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşündürməyə də əsas verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR