Nida.az
Qarabağda müharibə təhlükəsi: Moskva susur, Bakı hücum edir – “Stratfor”dan ŞOK PROQNOZ
“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində gərginliyin yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın məşhur
“Stratfor” mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə dair təhlilində
deyilir.
Məqalədə qeyd olunur ki, hər iki tərəf son zamanlar hərbi təlimlər
keçirir və rusiyalı rəsmilərlə görüşürlər: “Yerli mediada Rusiyanın
münaqişəni həll etməsinə dair fərziyyələr çoxalıb. Doğrudur, hər
iki ölkənin XİN rəhbəri sentyabrın 24-25-də BMT Baş Assambleyasının
Nyu-Yorkda keçiriləcək iclasında görüşəcəklər. Lakin bu münaqişənin
mütləq həlli deyil. Münaqişənin həlli Qafqaz regionunu əhatə edən
siyasi ittifaq və şəbəkələrin münasibətlərinə yenidən nəzər
salmasına gətirib çıxarar ki, bu da pozucu proseslərə yol aça
bilər. Hələ 2014-cü ildə Rusiya ilə Qərb arasında Ukrayna üzərində
yaranan gərginlik fonunda Moskvanın Dağlıq Qarabağ münaqişəsində
dəyişiklik edə biləcəyi ehtimalları peyda olmuşdu”.
Mərkəz yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişə üç
oyunçudan asılı olub: “Ermənistan, Azərbaycan və Rusiya. Hər bir
tərəf müxtəlif perspektivə malikdir. Ermənistan 1988-1994-cü
illərdə qalib oldu, Dağlıq Qarabağ və ətraf yeddi rayonu nəzarətinə
aldı. Lakin Azərbaycan diplomatik, yaxud hərbi yolla Dağlıq
Qarabağı geri qaytarmaqda israrlıdır.
Rusiyanın bu münaqişədə birtərəfli marağı yoxdur. Belə ki, Moskva Ermənistan və Azərbaycanı öz orbitində saxlamaq və Qafqazda güclənmək üçün bu münaqişədən istifadə edir. Rusiya 2014-cü ilə qədər münaqişənin həllində rəsmi olaraq neytral mövqedə dayanır, tərəfləri danışığa çağırırdı. Qeyri-rəsmi olaraq isə Moskva uzun müddət Ermənistanı dəstəkləyib. Bunun əvəzində Ermənistan ona öz torpağında 5 min əsgər yerləşdirməyə icazə verdi. Azərbaycan isə Rusiya ilə birləşmək istəmədi. Əvəzində o, özünün xarici əlaqələrini hərtərəfli inkişaf etdirdi, böyüyən Rusiya təsirini balanslaşdırmaq üçün Türkiyə və Qərblə münasibətlər qurdu. Azərbaycan iqtisadi inkişafı və ordunun qüdrətlənməsi üçün enerji resurslarından istifadə edə bildi. Bakının müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur. Rəsmi Bakı torpaqların qaytarılmasını rəsmi şəkildə prioritet istiqamət elan etdi, lakin Ermənistanın patronu Rusiyanın mövqeyinə görə ciddi hərəkətə keçə bilmədi. Bu status-kvo Rusiyanın Kiyevdə Qərblə toqquşduğu 2014-cü ildən sonra dəyişdi. Rusiya qəfildən Ermənistan üçün az etibar edilən patron roluna keçdi.
Ukrayna münaqişəsi Rusiyanın təhlükəsizlik zolağına zərbə vurdu və tətbiq olunan sanksiyalar iqtisadiyyata zərər verdi. Eyni zamanda, Azərbaycan Qərb üçün daha qiymətli oyunçuya çevrildi. Çünki Bakı Rusiyanın enerji təchizatına alternativ təklif edə bilmişdi. Bundan sonra Azərbaycan tərəfi təmas xəttində mövqelərini möhkəmləndirdi və açıq şəkildə Ermənistan ordusuna ciddi zərbələr vurdu. Ermənistan və Rusiya zəiflədiyi bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi gücləndi. Bu, onu deməyə əsas verir ki, son aylar danışıqlar prosesində diplomatik fəaliyyətin görünməmiş səviyyəsi müşahidə olunur. Rusiyanın siyasi və hərbi məmurları bir neçə dəfə erməni məmurlarla görüşüb. Moskva etiraf etməsə də, məlumatlar var ki, Rusiya Azərbaycanda hərbi radar sistemi quraşdırmaq istəyir. Bunun özü Dağlıq Qarabağda status-kvonun tezliklə dəyişəcəyini deməyə əsas verir”.
Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir neçə variantın
mövcud olduğu qeyd olunur.
“Birincisi, Dağlıq Qarabağ və ətraf yeddi rayondan erməni
hərbi birləşmələri çıxarılır. Əvəzində Dağlıq Qarabağın ərazisinə
rus hərbçiləri daxil olur. Ərazidə yaşayan ermənilər köçürülür,
sadəcə olaraq, Laçın koridoru saxlanılır. Bu, Ermənistanın region
ölkələri ilə ticarət əlaqələrini yüksəldə və iqtisadiyyatın
inkişafına səbəb ola bilər. Lakin bu ssenaridə bir çox maneələr
nəzərə çarpır. Ermənistan bu ssenariyə qarşı çıxır, çünki o,
Qarabağda status-kvonu saxlamaqda israrlıdır. Ölkə ictimaiyyəti də
Qarabağ məsələsinə çox həssas yanaşır. Münaqişənin həllinə
razılaşan Levon Ter-Petrosyan 1998-ci ildə postundan
uzaqlaşdırıldı. Hazırkı prezident Serj Sarkisyan Dağlıq Qarabağda
doğulub, yəni o, bu posta təsadüfən gəlməyib. Ermənistan yalnız o
zaman güzəştə gedər ki, başqa çıxış yolu qalmasın, yaxud
ictimaiyyətə sırımağa heç nəyi olmasın”, - deyə məqalədə
bildirilir.
“Stratfor” Rusiyanın öz kriteriyalarının olduğunu vurğulayır. Qeyd
edir ki, Qafqazda hazırkı siyasi balans Moskvaya sərf edir: “Təcrid
vəziyyətində olan Ermənistan Rusiyadan asılıdır, Azərbaycan və
Gürcüstanın manevr imkanları məhduddur. Gürcüstan Avropa Birliyi və
NATO ilə əlaqələri sıxlaşdırmağa çalışır. Qərb isə Azərbaycanı
Transxəzər kimi Cənub Dəhlizi enerji layihələrində iştiraka
həvəsləndirir. Rusiya anlayır ki, uzunmüddətli balans çox duruş
gətirə bilməz. Moskvanın Azərbaycanla işləməsi, status kvonun
dəyişdirilməsi üçün ciddi təsir bağışlayan danışıqlar da bununla
bağlıdır. Rusiya götür-qoy edir ki, münaqişənin dəyişməsi
qaçılmazdırsa, danışıqlarda əsas rol oynasın. Təsadüfi deyil ki,
Azərbaycan ATƏT-in vasitəçilik etdiyi, ABŞ-ın da daxil olduğu
prosesə getdikcə daha az etibar edir. Əvəzində Bakı Rusiya ilə
ikitərəfli danışıqlara girişib”.
Mərkəz münaqişənin həllində Türkiyə və İranın da təsir imkanlarına
sahib olduğunu yazır. Daha sonra qeyd edir ki, Rusiya Ermənistanı
Dağlıq Qarabağ məsələsində kompromisə inandıra bilsə, Ermənistan
üçün Türkiyə ilə sərhədlərin açılması, İranla ticarətin güclənməsi
kimi şərtlər olacaq: “Bu, Rusiyaya xeyli riskli addım ola bilər,
belə ki, əsasən Moskvanın nəzarətində olan regiona Türkiyə və İran
dəvət olunacaq. Risk ondadır ki, heç nə etməmək də Rusiyanın
mövqeyini pisləşdirəcək.
Digər bir potensial ssenari Azərbaycanın danışıqlar prosesini irəlilətmək naminə münaqişəni gücləndirməsidir. İndiki fəaliyyət hələlik Ermənistanı mövqeyini dəyişməyə məcbur etməyib. Lakin Azərbaycan İrəvanın siyasi cəbhədə güzəştlərə getməsi üçün Ermənistana təzyiq məqsədilə əməliyyatları genişləndirə bilər. Hərbi müdaxilə isə yalnız Bakı ilə Moskvanın anlaşması ilə baş tuta bilər. Əks halda, Azərbaycan Rusiyanın münaqişəyə cəlbi ilə üz-üzə qala bilər. Moskva Azərbaycanın cəbhə xəttində hərbi əməliyyatlarına daha çevik reaksiya göstərsə də, Ermənistanı tam tərk etmiş kimi də görünməməyə çalışmalıdır. Rusiyanın əsas məqsədi tərəflər arasında balans yaratmaq və baş vasitəçi rolunu oynamaq olmalıdır. Hazırda diplomatik və hərbi cəbhələrdə ciddi tərpənişlər var. Bu münaqişənin qızışmasından daha çox, danışıqlar prosesinin irəliləməsinə işarədir. Təbii ki, bütün bunlar danışıqlar prosesində yeni nələrinsə olduğu ehtimalını gücləndirir”.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO