Türkiyədə sınanan siyasi texnologiya: təhlükə Azərbaycana da çata bilər
Bizi izləyin

Nida.az

Türkiyədə sınanan siyasi texnologiya: təhlükə Azərbaycana da çata bilər

Türkiyədə 17 dekabr hadisələrindən sonra “siyasi mühəndislik” deyimi gündəmə gəldi. Ankara rəsmi elitasının dilindən çıxan bu ifadəni bir sıra türk mediası “diqqət yayındırmaq” kimi yozsa da, siyasi mühəndislik deyiminin mənası, 17 dekabr əməliyyatının bi

"Gülənçilər türk cəmiyyətini və dünyanı qane edən icmadır"

Türkiyədə 17 dekabr hadisələrindən sonra “siyasi mühəndislik” deyimi gündəmə gəldi. Ankara rəsmi elitasının dilindən çıxan bu ifadəni bir sıra türk mediası “diqqət yayındırmaq” kimi yozsa da, siyasi mühəndislik deyiminin mənası, 17 dekabr əməliyyatının bir sıra xüsusiyyəti, eləcə də baş verənlərin seçkiyə hazırlıq dövrünə təsadüf etməsi də diqqətdən qaçmır.

Türkiyə-virus effektli yeni siyasi texnologiyanın bariz nümunəsi

17 dekabr əməliyyatı iddia edildiyi kimi hökumətin, hətta Baş nazir Rəcəb Təyyib Ərdoğanın xəbəri olmadan gerçəkləşmişdi. Türkiyənin idarə sistemində bu o qədər də təəccüblü deyildi, amma Gülən icması(camaat)-AKP qarşıdurması fonunda camaata bağlı polisin hökumət üzərində keçirdiyi “amputasiyası” bir partiyanın yararsız əzalarını kəsməkdən çox, AKP-ni Türkiyənin yararsız əzası olaraq kəsib götürmək məqsədi daşıdığı da görünürdü. Camaat, dolayısı ilə beynəlxalq güclər bunu Türkiyəyə-Ərdoğana dərs olsun deyə təzyiq kimi də edə bilərdi. Lakin o da faktdır ki, bir-biri ilə əlaqəsi olmayan hadisələrin eyni müstəviyə gətirilməsi və bunun məhz seçkiqabağı edilməsi ortada siyasi mühəndisliyin olduğunu göstərir. Türkiyə bələdiyyə seçkilərinə, onun ardınca da prezident, daha sonra parlament seçkilərinə hazırlaşır. Bu seçkinin nəticələrindən çox şey asılıdır. Məhz baş verənlər AKP-ni zəiflətməyə yönəlmiş gedişlər olaraq da qiymətləndirilir.

ABŞ-ın Karnegi Beynəlxalq Sülh Fondunun Türkiyə üzrə eksperti Bayram Balçı Publika.Az –a eksklüziv müsahibəsində bildirmişdi ki, gələcək seçkilərdə AKP səs faizi, yəni alacağı səslər azalacaq, amma yenə də Türkiyənin birinci siyasi partiyası və siyasi gücü olaraq qalacaq. Onun sözlərinə görə, bələdiyyə seçkilərində AKP-nin İstanbul bələdiyyəsini itirməsi biləcəyi onların sonu ola bilər.

“Bu hadisələrin seçkilərə təsiri olacaq. Amma nə qədər, hansı səviyyədə olacağını indidən deyə bilmərik. Güman ki, gələcək seçkilərdə AKP İstanbul bələdiyyəsini itirəcək. Əgər bunu itirərsə, deməli, sonu çatmışdır”-deyə ekspert bildirib.

Siyasi mühəndislik nədir?

Türkiyədə baş verənlərdən yola çıxaraq regiondakı, eləcə də bir çox hallarda hədəf olan ölkələrdə hökumətlərin dəyişilməsi və siyasətə yeni dizayn vermək üçün dövriyyəyə buraxılan siyasi mühəndisliyin necə tətbiq edildiyi maraq doğurur.

Politologiya elmində bu ifadəyə nadir hallarda rast gəlmək olar və daha çox praktiki siyasətdə istifadə olunur. Siyasi mühəndislik sosial mühəndislik terminindən törəmədir. Sosial mühəndislik lazımi məlumatın əldə edilməsi üçün yalandan və manipulyasiyadan istifadə etməkdir.

Sosial mühəndisliyin törəməsi kimi istifadə olunan siyasi mühəndisliksə də manipulyasiyalardan istifadə etməklə siyasətə dizayn verməkdir. Burda əsas rolu da siyasətin üzündə olan siyasətçilər deyil, kənarda, daha çox siyasətə aidiyyəti olmayanlar oynayır və siyasəti öz maraqlarına uyğun formada qurmağa çalışırlar.

“Siyasi ssenarilər qurmaq, hərəkətlərin ardıcıllığı və bununla məqsədə çatmaq əsas elementlərdir”

AVCİYA-nın vitse-prezidenti, siyasi texnologiyalar üzrə ekspert Vəli Əlibəyli isə Publika.Az –a siyasi mühəndisliyin praktiki olaraq necə istifadə edildiyini şərh edib. Ekspert bildirib ki, bu, siyasi kommunikasiya növüdür: “Daha doğrusu, siyasi kommunikasiya texnologiyasına siyasi mühəndislik də deyirlər. Bu daha çox türk siyasi bazarına aid olan terminlərdir. Ümumi olaraq siyasi texnologiyadır. Siyasi ssenarilər qurmaq, hərəkətlərin ardıcıllığı və bununla məqsədə çatmaq siyasi mühəndisliyin əsas elementlərdir”.
V. Əlibəyli qeyd edib ki, Türkiyədəki hadisələrin əvvəldən müəyyən mənada məlum olsa da, məhz indi ortaya çıxması təsadüfi deyil. Onun sözlərinə görə, bu o qədər də gözlənilməz olmadı: “Türkiyədə olan qarşıdurmalar, cəmiyyətin özündə hakimiyyətdəki iqtidarla bağlı narazılığın artması və digər məsələlər bunların göstərici idi. Bu da son nəticədə daha fəal fazaya keçməli idi. Ərdoğanın ABŞ-a səfəri zamanı Fəthullah Gülənlə görüşməməsi, daha doğrusu Gülənin onu qəbul etməməsi aralarındakı uçurumu göstərdi. AKP-nin hakimiyyətə gəlməsində Gülənin böyük rolu olub. Lakin getdikcə bu münasibətlər pisləşdi. Ərdoğan müstəqil siyasi qüvvəyə çevriləndən sonra camaatdan uzaqlaşmağı düşünməyə başladı. Bu da camaatın xoşuna gəlmədi, nəticədə Türkiyədə passivdə qalan hadisələrin aktiv fazası başladı. Orda Ərdoğandan narazı olan bir çox qüvvələr var, amma baxmayaraq ki, Türkiyədən kənarda yaşayır, Gülən onların ən qüdrətlisidir. Çünki o bu illər ərzində Türkiyə daxilində müdrik siyasət aparıb. Onun dərsxanələrində incə bir fəlsəfə var. Oranı bitirənlər ideya daşıyıcıları olurlar. Yəni Gülən heç bir siyasi partiya yaratmadan Türkiyənin neçə nəslini əlində cəmləşdirə bilib. O məktəbləri bitirənlər savadlarına görə həqiqətən də fərqlənirlər. Bu gün oranın məzunları Türkiyədə söz sahibidirlər və bir çox vəzifələrdə yerləşiblər. Azərbaycanda da bu var, amma buna toxunmayacam. Ərdoğan qarşısında böyük qüvvənin olduğu anladı və kursları bağlamaq qərarına gəldi. Bütün bunlar baş verdi, amma burda məsələ təkcə kiminsə maraqlarına toxunan halların baş verməsi deyil, əsasən ümumi geosiyasi vəziyyətə bağlı olanlardır. Çünki AKP din adı altında hakimiyyətə gəlsə də, dinə ən yuvarlanan qüvvə oldu. Dünyanı da dini Türkiyə qane etmir. Düzdür, onlara ən güclü alternativ olan gülənçilər də dindardırlar, amma onlar radikal yox, türk cəmiyyətini və dünyanı qane edən icmadır”.

V. Əlibəyli vurğulayıb ki, Türkiyənin hazırlaşdığı seçki ərəfəsində bütün bunların ortaya çıxması AKP-yə həddən artıq güclü zərbədir.

“Onlar hakimiyyətə gələrkən “Ağ ellər, ağ əllər” şüarı var idi. Amma bir əməliyyatla bu qədər məsələ ortaya çıxdı. Hesab edirəm ki, bu başlanğıcdır, seçki yaxınlaşdıqca bu mübarizə daha da artacaq və nəticələrə təsirsiz ötüşməyəcək. Bunlar da əvvəldən planlaşdırılan texnologiyadır. Bunun təsirini də Ərdoğan hakimiyyəti hiss edəcək”-deyə ekspert diqqətə çatdırıb.

Azərbaycan-mümkün təhlükələr

Türkiyədəki hadisələrdən sonra ortaya belə bir sual çıxdı: Azərbaycan bunlardan sığortalanıbmı? Təbii ki, Azərbaycanda “paralel dövlət” kimi bir şey yoxdur. Bu bizim üstünlüyümüzdür. Lakin bu, təhlükə sovuşub da demək deyil. Misal üçün, Türkiyədə 3-5 faiz elektoratı olan camaatın əli ilə keçirilən bir əməliyyat Türkiyə boyda ölkəni sarsıtdı və bu gün türk cəmiyyəti yetərincə bölünmə, parçalanma təhlükəsi ilə qarşı-qarşıyadır. Azərbaycanın “camaatı” yoxdur, amma bu başqa formada- daha çox radikal dini təriqətlərin təşkilatlanması, dinin siyasiləşməsi formasında özünü göstərir. Bu gələcəkdə tətbiq edilə biləcək siyasi mühəndisliyin bir elementi kimi istifadə oluna bilər.

Nəzərə almalıyıq ki, siyasi mühəndislik dediyimiz prosesin müxtəlif formalarda Azərbaycanda baş verdiyi də ortadadır. Nümunə üçün, İsmayıllı hadisələrini göstərə bilərik. İsmayıllıda daha çox məişət ixtilafı səviyyəsində olan hadisə yetərincə siyasiləşdi. Bütün diqqətlər bura yönəldiyi vaxt, mediada digər rayonların əhalisinin ayağa qalxdığı xəbərləri ortaya çıxdı və ölkə sanki partlayış gözləyən vəziyyətə gəldi. Halbuki İsmayıllıdan başqa heç bir rayonda nəsə baş vermirdi. Sadəcə olaraq manipulyasiya olaraq ortaya atılan dezinformasiya beyinləri kifayət qədər qarışdırmışdı. O da unudulmamalıdır ki, məhz bu proseslər ötən ilin əvvəllərində, yəni həmin ilin oktyabrında keçirilən prezident seçkilərindən 8 ay əvvəl baş verirdi. Bu, bir nümunədir, amma həcmindən asılı olmayaraq belə hadisələr yaşanıb. Bununla yanaşı, ehtimal etmək olar ki, Türkiyədə uğurla sınaqdan çıxan bu texnologiya regionun digər ölkələrində də tətbiq edilə bilər.

V. Əlibəyli də bunu istisna etmir. Onun sözlərinə görə, Azərbaycanda da Azərbaycanda da seçkilər zamanı müxtəlif texnologiyalar istifadə olunur və bunlar həmişə təmiz texnologiyalar olmur: “Bunun elementləri müəyyən dövrlərdə görünür. Sadəcə olaraq bir fərq var. Türkiyədə hakimiyyətin xəbəri olmadan onun yüksək vəzifəli şəxsləri haqqında əməliyyat keçirilib. Azərbaycan idarəçiliyində isə belə bir şey yoxdur. Çünki stabil hakimiyyət var. Bizdə seçki zamanı siyasi qüvvə mitinq keçirə bilər. Araşdırma aparıb ortaya faktlar qoya bilər, amma bunun hakimiyyətə təsiri sıfıra bərabərdir. Son seçkilərdə müxtəlif araşdırmalar da ortaya çıxarılmışdı. Düzdür heç biri təsdiqini tapmadı. Amma bir söz var: İnsanın ütünə palçığı at, onu təmizləyənə qədər hamı onu palçıqlı görəcək. Bizdə həm yerli, həm də xarici qüvvələr daha çox bu vasitədən istifadə edir. Bu gün yerli qüvvələrimiz çox zəifdir. Onlar bunları xarici qüvvələrin köməkliyi ilə edirlər”.

Ekspert hesab edir ki, ümumiyyətlə seçki dövrlərində ehtiyatlı olmaq lazımdır.

“Seçkidirsə, siyasi rəqabət varsa, burda mübarizə olacaq. Bu zaman da həm təmiz texnologiya- ki, rəqibin zəif tərəflərindən istifadə olunur, həm də çirkin texnologiyalar olacaq. Eyni zamanda, rəqibi analiz etmədən çirkaba bulaşdırmaqla məqsədə çatmaq kimi fəaliyyətlər də ortaya çıxacaq”-deyə V. Əlibəyli vurğulayb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm