12 may atəşkəsindən keçən 22 il - XRONİKA
Bizi izləyin

Nida.az

12 may atəşkəsindən keçən 22 il - XRONİKA

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 22 il ötür. ANS PRESS-in məlumatına görə, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər (MDB) Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.

Həmin vaxtdan etibarən münaqişə ətrafında danışıqlar aparılır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur. Hazırda amerikalı həmsədr Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı həmsədr Pyer Andryudur.

Qrup Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. 1996-cı ilin dekabrından Minsk qrupunun üç üzvü– Rusiya, ABŞ və Fransa həmsədrləri fəaliyyətə başlayıb.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc yollarla həll edilməsinə bilavasitə kömək etməkdir.

Sülh danışıqları bu vaxta qədər heç bir nəticə verməyib. Bunun əvəzində illər ərazində cəbhə xəttində dəfərlərlə vəziyyət gərginləşib.

Azərbaycan – Ermənistan cəbhə xəttində 22 illik atəşkəs dövründə ən böyük döyüş toqquşması bu il aprelin 2-dən 5-nə kimi davam edib. Dördgünlük savaş ərzində Ermənistan ordusu atəşkəs rejimini pozaraq Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutub.

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi qarşı tərəfinin silahlı qüvvələrindən tam təmizlənib. Strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Ermənilərin qərargahları məhv edilib.

Döyüş əməliyyatları zamanı ermənilərin onlarla hərbi texnikası, çox sayda canlı qüvvəsi məhv edilib. Azərbaycan da bu hərbi əməliyyatlar zamanı şəhidlər verib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təmas xəttində davam edən gərginlikdən sonra aprelin 5-də hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub. Lakin buna baxmayaraq ermənilər hər gün bu razılaşamanaı pozmağa və mövqelərimizi atəşə tutmağa davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm